“Minimum əməkhaqları və pensiyalar ardıcıl artırılacaq”

minimum-emekhaqlari-ve-pensiyalar-ardicil-artirilacaq
Oxunma sayı: 3742

“Bu il biz minimum əməkhaqqını əhəmiyyətli dərəcədə artırdıq - 38 faiz. Bu, böyük artımdır, 130 manatdan 180 manata qalxıbdır. Bu, 600 min insanı əhatə edir. Ancaq o da həqiqətdir ki, bu rəqəm bizi heç də razı sala bilməz. Ona görə müvafiq göstərişlər verildi ki, minimum əməkhaqqının gələcək artımı ilə bağlı təkliflər hazırlansın”. 

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri Prezident İlham Əliyev bu gün keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə deyib. Dövlət başçısı əlavə edib ki, bunun maliyyə yükü qiymətləndirilməlidir:

“Əlbəttə ki, gələcəkdə minimum əməkhaqları və pensiyalar ardıcıl olaraq artırılacaq.

Minimum pensiyalarla bağlı çox ciddi qərar qəbul edildi. Minimum pensiyaların məbləği də təxminən 38 faiz, bir qədər çox artmışdır - 116 manatdan 160 manata qədər. Bu gün minimum pensiyanın səviyyəsinə görə Azərbaycan MDB məkanında ikinci yerdədir.

Ancaq onu da bilməliyik ki, bu, son hədd deyil. Əlbəttə ki, əməkhaqlarının, pensiyaların artırılması gündəlikdə duran əsas məsələlərdən biridir. Minimum pensiyanın artırılması 223 min insanın pensiya təminatını yaxşılaşdıracaqdır”.