Minsk qrupu yatıb?

minsk-qrupu-yatib
Oxunma sayı: 648

Elxan Şahinoğlu son zamanlar cəbhə bölgəsində atəşkəsin intensiv pozulmasının hər iki tərəfin nəbz yoxlaması anlamına gəldiyini vurğulayıb: “Ermənistan prezident seçkisinə gedir, ona görə də cəbhə bölgəsində vəziyyətin indikindən daha da ağırlaşmasına yaşıl işıq yandırmaz. Ancaq prezident seçkisindən sonrakı aylarda qarşı tərəfdən istənilən təxribatı gözləmək olar. İrəvan Kremllə birgə oktyabrın 15-dəki prezident seçkisini pozmaq üçün müxtəlif ssenariləri hərəkətə gətirə bilərlər. Bu ssenarilərdən biri də il ərzində Xocalı hava limanının işə salınması ola bilər ki, bu rəsmi Bakını dilemma qarşısında qoyar. Xocalıya enmək istəyən təyyarənin vurulması beynəlxalq aləmdə böyük rezonanas doğuracağından, bunun Azərbaycan üçün hansı mənfi nəticələrə gətirəcəyini anlamamaq mümkün deyil. Ancaq rəsmi Bakı Xocalıya enən və qalxan təyyarələrə seyrçi də qala bilməz, nəsə adekvat addım atmaq məcburiyyətində qalacaq. Bunun baş verməməsi üçün isə Azərbaycan diplomatiyasının əlində hələ ki, beynəlxalq aləmi hərəkətə gətirmək şansı qalır.

Bəli müəyyən reaksiyalar var. Avropanın ayrı-ayrı deputatları münaqişə həll olunmadan Xocalı hava limanının açılmasını bölgədə gərginliyi artıracağını açıqlayırlar. Məsələn, Böyük Britaniya Mühafizəkarlar Partiyasından deputat, Energetika və iqlim dəyişikliyi üzrə xüsusi komitənin üzvü Kristoferin Pinçer deyib ki, Xocalı hava limanı yalnız Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi başa çatdıqdan sonra açıla bilər, bunun üçün Azərbaycan hökumətinin sanksiyası olmalıdır. Ancaq bu kimi açıqlamalar azdır. ATƏT-in Minsk Qrupundan, həmsədr dövlətlərdən (ABŞ, Rusiya və Fransa) ayrılıqda və birgə oxşar açıqlamanın bəyan olunmasına nail olmalıyıq. Atəşkəs pozulduqda dərhal əl-ayağa düşən, birgə bəyanat yayan həmsədrlər Xocalı hava limanının açılması prosesinə isə seyrçi qalıblar.

Həmsədrlərin açıqlaması olmadıqca belə təsəvvür yaranır ki, onlar Xocalı hava limanının açılmasına pis baxmırlar. Şübhə etmirəm ki, hava limanı açıldıqdan sonra Azərbaycan təyyarənin neytrallaşdırması üçün hansısa adekvat addım atsa, həmin həmsədrlər Azərbaycanı tənqid edən açıqlama yayacaqlar”.

Elxan Şahinoğlunun fikrincə, Azərbaycan Xocalı hava limanıyla bağlı təcili Minsk Qrupuna üzv dövlətlərlə təmaslara başlamalı və qrup üzvlərinin iştirakıyla toplantı keçirilməsinə nail olmalıdır: “Azərbaycan, Ermənistan və həmsədrləri çıxmaq şərtilə Minsk Qrupuna daxil olan 8 dövlətin içində Azərbaycanla sıx münasibətdə olanlar, o cümlədən Türkiyə də var. Mövzuyla bağlı həmin dövlətlərlə məsləhətləşmələrə başlamaq lazımdır”.