Mir Şahinin “Real”ından - Videoreportaj

mir-sahinin-realindan
Oxunma sayı: 11701

40, 20 və son 10 saniyə...

Efirdəyik. Özü də “Real TV”nin efirində. Bu dəfə “Qafqazinfo” olaraq.

Düzü, buradan ilk reportajımızı kanal efirə başladığı gün etmək niyyətindəyik. İki ilə yaxın müddətdə efirdən uzaq qalan keçmiş ANS-çilərin həyəcanına şahid olmaq istəyirdik. Amma müəyyən səbəblərdən planımız baş tutmadı. Kanalın fəaliyyətə başlamasından 1 ay sonra isə həmkarlarımızla görüşə bildik. 

Əvvəla, onu qeyd edim ki, bura bildiyimiz ənənəvi televiziya kanalı deyil. Çünki “Real TV” tamaşaçının qarşısına ancaq xəbərlə çıxmağı hədəfləyib. Əməkdaşlar dünyaca məşhur xəbər kanallarının yolu ilə getmək iddiasındadırlar. Efirdə çal-çağır, şou yoxdur.  

Əlbəttə ki, coğrafi məkan və ölkə reallıqları baxımından redaksiyanı “CNN”,  “BBC”, “Əl-Cəzirə” kimi məşhur xəbər kanalları ilə müqayisə edə bilmərik. Ona görə ki, redaksiyada xəbər səs-küyü yoxdur. Hər müxbir əlinə mikrofon alıb müxtəlif yerlərə reportaj dalınca qaçmır. 

Amma “Real” əməkdaşları eksklüzivlərə imza atmaq üçün can-başla çalışırlar. 

Komandada illərin bişmiş, peşəkar jurnalistləri var. Daha dolğun ifadə etsək, onlar ANS məktəbinin məzunlarıdır. 

Televiziyanın girişində kanalın rəhbəri Mir Şahin Ağayevlə ayaqüstü salamlaşıb qısa söhbət edirik. Müsahibə götürmək niyyətimizin olduğunu eşidəndə nə bizə, nə də digər media orqanlarına bu mənada müsbət cavab verə bilməyəcəyini qeyd edir. Ancaq gələcəkdə müsahibə verməyə razılaşsa, ilk olaraq “Qafqazinfo”ya danışacağına da söz vermiş olur. 

Redaksiyada olduğumuz ilk dəqiqələr canlı efirin başlaması üçün görülən hazırlığa təsadüf etdi. Bağlantıya qoşulacaq müxbir və qonağın kadrda düzgün görünməsi üçün bir xeyli əziyyət çəkildi. 

“Kadra “lopatka” düşür. Natiq, yerini müsahiblə dəyiş”, - deyə efir redaktoru Lalə Nurəddinqızı müxbirə müraciət edir.

Müxbir Natiq Nailəoğlu əhaliyə verilən qazın təzyiqinin azalması ilə bağlı “Azəriqaz” İB-nin Mətbuat Xidmətinin rəhbəri İbrahim Kərbalayevlə mövzuya aydınlıq gətirirdi. 

Nailəoğlunun ürəyi suallarla o qədər dolu idi ki, efir redaktorunun qulaqlıqdan “Natiq, artıq yekunlaşdır!” sözünü belə eşitmək istəmirdi. 

Redaksiya əməkdaşları ilə söhbətimizə elə çəkilişdən qayıdan Natiq Nailəoğlu ilə başlayırıq. Bu dəfə biz mikrofonu ona uzadırıq və reportajlarını fərqli etmək üçün hansı üsullara əl atdığını öyrənirik.

O isə qeyd edir ki, əslində fərqli stil ortalığa qoymağa çalışmır: “Məsələn, tutaq ki, mənə telefon haqqında reportaj hazırlamaq tapşırılır. Mən əvvəlcə həmin telefon haqqında indiyə kimi mediada olan yazılara nəzər salıram. Görürəm ki, daha çox onun funksiyası haqqında yazılıb və danışılıb. 

Hesab edirəm ki, insanlar artıq onun funksiyası haqqında məlumat oxumaqdan beziblər. İndi isə hamının demədiyi məsələləri araşdırıb ortaya çıxarmaq lazımdır. Onu vurğulayım ki, reportajı sadəcə olaraq ürəklə işləyirəm. Ürəklə işləmədiyim reportajları isə ümumiyyətlə yarıtmıram (gülür)”. 

Jurnalistikanın qalmaqallı Ləman Ələşrəfqızısı təmsil etdiyi kanalın hədəflərinin çox böyük olduğunu açıqlayır: 

““Real TV” martın 15-də açıldı. Həmin tarixdə ölkədə qlobal konfrans keçirilirdi.  Həmin konfransların keçirildiyi gün köhnə ənənəmiz gündəmə gəldi. Uşaqlar canlı yayıma çıxdılar. Azərbaycan mətbuatı çoxdan bu ənənəni itirmişdi”. 

O, bir aydır ki, fəaliyyətə başlayan televiziyanın hansısa böyük uğurundan danışmağın tez olduğunu düşünür. Müxbir yalnız bir ilin tamamından sonra bu haqda danışa biləcəyini nəzərə çatdırıb: 

“Bu komanda peşəkar vərdişlərini bir il yarıma yaxın müddətdə yadırğamışdı. Biz həm də burada yenidən peşəkar vərdişlərimizi bərpa edirik. Sizə deyim ki, vərdişlərimizin bərpasının da bir ayı tamam olur. Yeni televiziyayıq. Ola bilsin ki, bizi yaxşı izləmirlər. Amma “Röyters” izləyirsə, demək ki, yerli kanallar da izləyə bilər. 

Mən əli millətin qanına batan bolşeviklərin məzarlarının Fəxri Xiyabandan  çıxarılması barədə reportaj hazırladım. Bəlkə də 1 il bundan əvvəl bu mövzunu başqa informasiya resursunda qaldırsaydım, onu başqa medialar paylaşardılar. İndi niyə paylaşmadıqlarının səbəbini bilmirəm. Ancaq əminliklə deyə bilərəm ki, görməzdən gəlirlər”.

Kanalın əməkdaşı Səbinə Ağayeva operativlik baxımından internet medialara müraciət edildiyi bir dövrdə televiziya açmağın səbəblərindən danışıb. O, qeyd edib ki, kollektiv ənənəvi televiziya formatı ilə yanaşı, internet televiziyasının imkanlarından da istifadə edir: 

“Günün tələblərinə həmin internet TV vasitəsilə də cavab vermək istəyirik.  Yarandığımız bir ay ərzində istər Azərbaycanda, istərsə də dünyada baş verən ən son hadisələri tamaşaçıya çatdırmağa çalışırıq. Bu, artıq tamaşaçının öz seçimidir ki, o, “Real”a baxmaq istəyəcək, ya yox...

Bir ay ərzində eksklüziv müsahibələrimiz çox olub. Məhz bu eksklüzivlərə görə “Real”a baxmağa dəyər. Azərbaycan tamaşaçısının heç də hamısı çal-çağırı sevmir. Musiqinin, əyləncənin də öz yeri var.

İstəyirik ki, gələcəkdə xəbərdən kənara çıxmamaq şərtilə verilişlər də hazırlayaq. Hələ ki, əsas məqsədimiz xəbər çatdırmaqdır. Ciddi xəbər almaq istəyən təbii ki, “Real”a baxa bilər”.

Aparıcı Eldəniz Vəliyev isə məsələyə real yanaşır. O, əslində velosiped icad etməyəcəklərini və hamının gördüyü işi görəcəklərini bildirir:

“Sadəcə burada daha çox peşəkarlıqdan söhbət gedə bilər. Xəbərə, mövzuya yanaşmada digərlərindən fərqlənməyə çalışırıq. Bu məsələdə də obyektivlik daha çox üstünlük təşkil edəcək. Tamaşaçı operativ, obyektiv xəbərə daha çox acdır. Məncə, bu, bizdə alınacaq. Çünki peşəkar kollektivimiz var. Hamı öz işinə məsuliyyətlə yanaşır və sevdiyi işlə məşğuldur”.

Kadr arxasında qalan, ancaq kanalın xəbərlər xidmətinə cavabdehlik daşıyan məsul redaktor Lalə Nurəddinqızı isə “Real” TV-də gününün kifayət qədər gərgin keçdiyini nəzərə çatdırır: 

“Çünki biz operativ xəbər istehsalı ilə məşğuluq. Bizim üçün hər an çox qiymətlidir. İşimiz gərgin olsa da, bundan zövq  alırıq. Ona görə ki, bu, bizim bacardığımız işdir. Xəbərin içində bişmiş jurnalistlərik. Əməkdaşlarımız hamısı televiziyada çalışmış şəxslərdir. Bizi heç bir çətinlik qorxutmur”.

Nurəddinqızı kanalda əməkdaşların növbəli sistemlə çalışdığını qeyd edib: “Səhər  saat 9:00-da işə gəlirəm və gecə növbəsindən işi təhvil alıram. Səhər qısa iclasımız olur. 
Müxbirlərə tapşırıqları mən də verirəm, onlar özləri də təklif edirlər. Redaksiyada gərginlik yalnız kiməsə uduzmaqla ola bilər. Bu, bizim üçün çox önəmli bir məsələdir. Bu zaman hansısa müxbirin üstünə getmək məcburiyyətində qalırsan. Ancaq hər şey o andaca bitir və məsələni konfliktə çevirməyə imkan qalmır. Biz tamaşaçıya daha zövqlü xəbər verməklə fərqlənmək istəyirik ki, dünyada  da “Real”a baxsınlar”.  

Günel Türksoy

Video: Nuran Məmmədov