Mirhüseyn Seyidov ömürlük qadağadan danışdı - “Çıxış yolu axtaracam”

mirhuseyn-seyidov-omurluk-qadagadan-danisdi
Oxunma sayı: 5266

Xəbər verdiyimiz kimi, “Keşlə” klubunun futbolçuları Mirhüseyn Seyidov və Nizami Hacıyev futboldan ömürlük olaraq uzaqlaşdırılıblar. AFFA İntizam Komitəsi onların oyun alqı-satqısında iştirak etdiyini əsas gətirərək belə addım atıb.

Mirhüseyn Seyidov isə “Qafqazinfo”ya açıqlamasında danışılmış oyunlardan uzaq olduğunu deyib: “Oyun satmaq hesabları çıxıb ortaya. Adımın belə şeylərdə hallanması ləkədir. Mənim belə şeylərdən başım çıxmır. Bir də son oyunda “Neftçi” ilə matçda zəif oynamağımız haqqında deyilənlər düzdür. Kontorlara pul qoyuluşu etmək tamamilə yad şeydir mənim üçün. Həmin matçdan sonra bir az şübhələr yaranmışdı. Qalan bütün deyilənlərin yalan olduğuna başımla cavabdehəm”.

Seyidov ömürlük futbolla bağlı bütün fəaliyyətlərinə qadağa qoyulmasının çox ağır qərar olduğunu bildirib: “Bu gün o qərar verilibsə, nə deyim. Doğrudan, çox ağır qərardır. İndi hələlik gözləyirəm. Bir çıxış yolu axtaracam. Bəlkə ölkə xaricinə gedib orda oynayaram. Ya da başqa bir yol tapmalıyam. Yəqin ki, appellasiya şikayəti verəcəm. Əvvəl hansı məsələlərə görə qərar verildiyinə baxıb sonra şikayət haqqında düşünəcəm”.