“Mirvari kafesinin sakinləri”

mirvari-kafesinin-sakinleri-
Oxunma sayı: 837

Şərtlər

Öncə etiraf edim ki, hekayə seçərkən özüm qoyduğum qaydaları pozmalı oldum. Hekayələri oxuyarkən imzalara baxmamaq şərtinə əməl etsəm də, son qərarı verəndə artıq nəyi kimin yazdığını bilirdim. Qərarınızın doğruluğuna inanırsınızsa, özünüz qoyduğunuz qaydaları pozmaqdan siz də çəkinməyin, məncə. Mənim qənaətimə görə, özü qoyduğu yazılmamış qanunların nazı ilə çox oynayan insanlar xoşbəxt ola bilmir, cəmiyyətlər isə həmişə inkişafdan geri qalır. Hərdən mənəvi asayişi pozmaq lazımdır.

Ədəbi meyarlar baxımından bir-birindən uzaqda dayanan, peşəkar və qeyri peşəkarcasına işlənmiş çoxsaylı hekayə aldım. Mənim üçün zövqlə hekayə yaza, danışa, dinləyə bilən adamlar həmişə maraqlıdır. Hamının hekayəsi var. Tez-tez adamlara elə gəlir ki, güclü bir yazıçı tapılsa, adidən də adi həyatlarından çox oxunaqlı roman çıxar. Etiraf edim, paylaşmaq üçün seçdiyim ilk hekayə aldığım ən güclü hekayə deyil. Sadəcə istədim ilk hekayə qeyri-adilikdən uzaq olsun. Hər kəsi hekayə danışmağa və dinləməyə dəvət etsin. Həyatı naturadan anlatsın. Bununla yanaşı, bayağılıqdan uzaq olsun, ədəbi qaydaları heç saymasın.

“Mirvari kafesinin sakinləri”ni oxuyarkən 10-15-ci cümlədən sonra müəllifin hadisəni gecikdirdiyini düşündüm, oxucunu təsvirlə bu qədər ləngitmək olmaz dedim. Lakin hekayənin sonunda hadisənin elə ilk cümlədən başladığını anladım. Ömrümüz hadisədir. Çoxumuzun ömrü qəliblərə yerləşib, çərçivələrə sığdığından zahirən ədəbiyyat üçün maraqsız hadisə kimi görünür. Çoxumuzun həyat şəkli baxınaqlı, hekayəsi oxunaqlı olmur. O ömürlərin, hadisələrin 100-ünü toplayıb bir sujetli roman yazmaq mümkün deyil. Özümüz əksini düşünsək də. Oxuyacağınız hekayədə müəllif ətrafındakı onlarla, bəlkə də yüzlərlə ömrü dəstələyib bir kiçik hekayəyə yerləşdirib. Bu hekayədə təəssüf və güclə sezilən etiraz var. Bir də sual olunur: əgər doğrudan da hər şey müəllifin dediyi kimi eyni xətlə gedirsə, o zaman insanların şikayət etdiyi dəyişiklik hardandı? Heç nə dəyişməyibsə, “sevimli mentalitet” hara yoxa çıxıb? Deməli tərpəniş var, güclə sezilsə də. İlk baxışdan hekayə mesajsız görünsə də, son cümlə çox şeyə dəvət edir. Hələ gec deyil. Hekayədən müəllif boylanır, ola bilsin, məndən gələcəkdə yaxşı yazıçı çıxdı, bəlkə siz də qəhrəmanım olasız?
Hekayə qəbulu oxucularla bərabər peşəkar yazıçılara da açıq olduğundan birincilərin işi çətindir, haqlısız. Lakin əmin olun, dil və üslüb qüsurlarına baxmayaraq, maraqlı hekayə danışan yazılara bacardıqca diqqətlə yanaşılır.

Hekayə haqqında fikirlərinizi oxumaq müəllif üçün maraqlı olacaq.

Hörmətlə,
Sahilə


Aslan Cəfərli

(1985-ci ildə anadan olub. Ankara Universiteti
Siyasi Elmlər Fakültəsində Beynəlxalq münasibətlər üzrə
bakalavr, Malta Universiteti Diplomatiya Mərkəzində
magistr təhsili alıb.)

“Mirvari” kafesinin sakinləri

Dənizi seyr etdikçə sonsuz azadlıq duyğusu bürüyür insanı. Eyni zamanda bəzən dənizin ortasında tək qalmış kimi hiss edirsən özünü.
Həmin duyğu insanı qorxuya, dəhşətə salır!
“...bəli, dəniz vahiməlidir həm də!”
Anlayana çox mətləblər var dənizin dəhşətindən. Təxminən belə demişdi B.Vahabzadə AzTv-dəki müsahibəsində.

***

Tanrı öz yazdığı fərmanına imza çəkib, mənciyəzi, üç tərəfi suyla çevrili şəhərə `haydı hayırlısı` deyib yola saldı. İşıqlı (bəlkə də, qaranlıq!) dünyanı - dənizlə bərabər mənə bəxş etdi.
Doğrusu, doğulmamışdan əvvəldir Bulvarla tanışlığm. Gözlərimi sağlam açım deyə, 9 ay bətndə sahildə gəzdirilmişəm, mənzərəsinə, neftli qoxusuna, hava görməmiş havasına aşina olmuşam.
Bəxtiyarlıq deyilmi?!
Əlbəttə…səadətdir!
Hələ bətndə cənin ikən, insanların üz çizgilərini hiss etmək, möhkəm səslərini eşitmək…karusellərlə tanışlıq…və 3-4 il sonra cənin olan mənim bu sadalalanları və ya prosesləri idrak edəcək duruma gəlib çatmış olmam.
Qəribə həyatdır əşi.
Bu kimi qəribəliklərə palaz-palaz misallar çəkmək olar.
Məsələn, Bulvarda bətində gedən bir cənin, bir neçə il sonra anasının əlindən tutub həmin məkanda gəzişən bir uşağa çevrilir, 20 il keçir… yenə həmin məkanda birisi ilə tanış olur, ailə qurur…beləcə bu döngü davam edir.

Buna bənzər misallar “Mirvari” kafesində tez-tez baş verir.
Elə insan tanıyıram, doğulmamışdan əvvəl bəhsikeçən məkana aşina olub, sonra həyatın axışına uyğun olaraq doğulub, sonra elə orada, qohum-əqrabasının ad günündə bir qızla baş-göz edilib… və illər sonar “Mirvari kafe”sində iki kilo tikə kəbab-3 litr araq içib qurtaran kimi ürəyi partlayıb ölüb.
Yəni bu qədər bəsit olub hər şey.
Kəsəsi, bir ömür “Mirvari” kafesində keçib.
Hər nəysə fəlsəfi məsələlərdir bunlar. Asan mövzular deyil.

***

Hər bir şəhər sakini kimi ya tənha, ya yoldaşların bir növü ilə, bəzən ailəmlə Bulvarda gəzmiş, oraya öyrəşmiş və əlbət ki, həmin məkanı sevmişəm.
Sahil parkının çayxanalarında ehsanlıq kişmişlə vedrə-vedrə kimyəvi rəng qatqılı milli hind çayı hortuldatmış, bəzənsə noxud və saçaq pendiri ilə ləyən-ləyən sərin pivə içmişik dostlarla.
Aclıq hiss etdiyimizdə toyuq, ət dönəri, şaurma, bəzən kabab, yeri gələndə bozartma, piti, xaş yemişik o ətraflarda.
Xülaseyi-kəlam, günlərimiz olub oralarda.
Amma... öz yerimizi bilmişik!
Üst başımaza, geyim-kecimə, ətrafımıza daima nəzarət etmiş, diqqətli, səliqəli, üzümüz təraşlı halı-vəziyyətində dolanıb, gəzmişk.
Misal, mazlanmış ayyaqqabıdan, qara şalvar- köynəkdən, həftə sonları açıq mavi cins, ag t-shirtdən, iş sonrası hərbi/rəsmi görkəmdən əsla vaz keçməmişik.
“Camaat nə deyər” sözü qulağımızda sırğa olub.
Hələ elə dövrlər olub ki, skameykada oturmaq bizim üçün `ar` sayılıb. `Kişi nədir, skameykada oturmaq nədir` kəlmə yığınına, hərf-hərf riayət etmişik.
Və lakin,
gəzərkən itərik qorxusu ilə qrup halında addımlayıb, qol-qola girmiş, sağdan-soldan, öndən-arxandan 15-25 santımlıq dikdaban ayaqqabı üstündə, gecə qiyafəsində üzərimizə şığıyan qadın birlikləri ilə üz-üzə gəlmiş, gözlərimiz vasitəsi ilə həzin-həzin danışıb-gülmüş, əsla və qət`a həmin xanımlara qarşı sayqıda qüsur etməmişik.

Eyni zamanda biz başqa toplu halda oturuşan/gəzişən erkək cinsinin nümayəndələri ilə də 1 dəqiqədə 60 dəfə öpüşüb görüşmüş, qısa və konkret ` nə var nə yox, can-baş, nə qulluğun?!` deyib salamlaşmış, kosmik sürətlə yanlarından ötmüşük.
Bəli, biz belə idik.
İndi dövr dəyişib.
28 il bir igdin ömrüdür. Qocaldıq.
Əvvəllər belə idi bulvarımız. Biz belə görmüşdük, götürmüşdük.
Zaman durmur, hər zad dəyişir. Cavanlar nərd, domino oynamır...Qara Bəhlül qırmızı ayaqqabı, Şəxsiyyə isə qaş alır. Mentalitet dəyişir.
Bu gedişata bir dur deməli!
Adı üstündə, milli parkda adət və ənənənin dəyişməsinə izin verilməməlidir deyə düşünürdüm ki, dostum Zakirin səsi məni irkiltdi.
-Bə bəyaxdan hardasanq, niyə eşidmirsənq, karsanq?
-Vallah hessat, eləcə fikirləşirdim. Eşitməmişəm.
-Sən mənim canım, de görüm nə fikirləşirdinq?
-Güləssən yenə?!
-Gülməyəyəm - seyyiddim. (seyidlərin cəddi haqqı!)
-İndiki cavanları!
-Deyrəm səndə hər şey var, baş yoxduda...
-Ə, nə cavan..., nə milli...hər nəysə, boş burax heylem zadları, başqa mənalı şeylər var...eşit-gör nə deyirəm e...qa! bugün Fərəməzin ad günüdü, 28 yaşı olayax “Mirvari” kafesində, bizi də çağırıb.
-Gedək?
-Gedək!

***

Bizlərin uzun ömrü, qısa məkanlara sıxışıb qaldı. Həyatımız bizdən öncəkilər tərəfindən formalaşdırılmış qocalıq qəlibinə axıdıldı...fəqət heç nəyə baxmayaraq həyat davam edir.

Bakı, 2013.