Mirzə Cəlil yazıqlığı

mirze-celil-yaziqligi
Oxunma sayı: 807

Qan Turalı 

Əfqan qadınları böyük bir ictimai hərəkata başlayıblar.

Tvitterdə #WhereIsMyName (Mənim adım hardadır?) adlı haştaq sürətlə yayılır.

Əfqan adətlərinə görə qadına heç bir zaman onun adı ilə müraciət edilmir.

Ona ya “Filankəsin anası”, uşaqdırsa “Filankəsin bacısı”, ya da “Filankəsin qızı” kimi xitab edilir.

Qanunlar hətta uşağın doğum şəhadətnaməsinə ananın adını yazmağı belə qadağan edir. 

İctimai hərəkat fəalları qadına adı ilə müraciət edilməməsinin islam dininə  zidd olduğunu deyirlər.

Deyirlər ki, əgər qadının adını demək günahdırsa niyə görə biz Məhəmməd peyğəmbərin anasının, xanımlarının adını bilirik?

Bəlkə də ən faciəvisi də budur ki, qadın öldükdə belə onun adı məzar daşına yazılmır.

Eləcə qəbrinin üstünə yazılır ki, Bəhmənkəsin anası.

Sanki qadın doğulmaq günahdır, onun adını çəkmək də.

Əfqanıstan adətlərinə görə xanımın adını çəkmək söyüşə bərabərdir. 

Söhbətə təsadüfən Əfqanıstanla başlamadım.

Nisbətən yüngül məqamdan başlayaq: Bizdə doğum şəhadətnaməsində ananın adı yazılır, bəs şəxsiyyət vəsiqəsində necə? 
Yazılmır.
Niyə?
Səbəbini bilmirik.

Halbuki bütün dünyada ananın adı bu cür sənədlərə yazılır. 
Keçək o biri məsələlərə.
Yoldaşına “uşaqların anası” deyirlər.

Guya bir az modern olanı “komandir” deyir.
(“Əhməd haradadır?” filminin ucuz replikasına istinadla)
Xanım haqda danışanda üzr istəyirlər.
Bu deyimin freydist qatlarına enmək belə istəməzdim.
Onsuz da siz söhbəti anlayırsınız.
Həyat yoldaşının adını çəkməyi özünə sığışdırmayanlar var.
Selektiv abortla qız uşaqlarını tələf edənlər də az deyil.

Ərəblərin Cahiliyyə dövründən bəhs edən hədislərdə deyilir ki, qızı olduğunu eşidən kişilərin sifəti qapqara qaralardı. 
Çoxmu dəyişiklik olub? 

Cənub zonasında yaşanılan faciə də əslində bu zehniyyətin ifadəsidir.
Bizə uzaq gəlir Əfqanıstan.
Barbar gəlir, geridəqalmış gəlir.

Amma o zehniyyəti biz elə öz torpağımızdan, öz insanlarımızdan tanıyırıq, bunun üçün BBC-yə baxmağa ehtiyac yoxdur. 
Feodal cəmiyyətlərində oğlan uşağı çox vacib bir əhəmiyyətə malik idi.

Çünki əsas iş torpaq işi idi, ona görə də hər kəs çoxlu oğlan uşağı sahibi olmağı arzulayırdı ki, ağır torpaq işində ona kömək edərək bol məhsul alsınlar.

Sənaye cəmiyyətlərində isə bu bölgü aradan qalxdı. 
Bu gün kişinin görüb qadının görə bilməyəcəyi neçə peşə qalıb ki? 
Amma buna baxmayaraq hələ də bu zehniyyət mövcuddur.
Bu zehniyyəti daşıyanlar, xanımının adını çəkməyi 
əxlaqsızlıq sayanlar də elə Taliban təfəkkürünü daşıyırlar. 
Və ilin-günün bu vaxtında bizim Əfqanıstanla eyni problemi yaşamağımız da çox acıdır. 
Yazıq Mirzə Cəlil…