“Misir Mərdanov istefa verməlidir...”

misir-merdanov-istefa-vermelidir
Oxunma sayı: 644

Ölkədə təhsilin səviyyəsinin gün-gündən aşağı düşməsigənclər tərəfindən də etirazla qarşılanır. İşsizlikdən əziyyət çəkən on minlərlə gəncin problemlərində zəif təhsilin rolu da danılmazdır. Təhsilin gənclərin həyatında rolu ilə bağlı bu sahədə ən çox mübarizə aparan insanlardan biri - BAGT-nin keçmiş sədri, hal-hazırda Ümid Partiyasının Gənclərlə iş üzrə müavini Ruslan İzzətli ilə söhbət etdik.

- Tanışsınızmı Məleykə Abbaszadənin son açıqlamalarıyla?

- Əlbətdə, məncə gənclərlə çalışan hər bir təşkilat, hər bir qurum bu açıqlamalardan narahatdır. Sevinirəm ki, illərlə təhsilin vəziyyəti ilə bağlı bizim dediklərimiz nəticəsində müəyyən hərəkətlənmə yaradıb və artıq hökümətin müəyyən qanadları da buna etiraz etmək cəsarəti göstərirlər. Amma bizi açıqlamalar qane etmir, hərəkət də görmək istəyirik. Təhsilin səviyyəsinin düşməsinin önü alınmalı, bununla bağlı əks tədbirlər görülməlidir.

- Təhsilin, daha doğrusu təhsilsizliyin yaratdığı ən böyük problemlər hansılardır sizcə?

- Bu gün, ölkənin bütün ümumtəhsil müəssisələrinin, ali və orta ixtisas məktəblərinin və rayon Təhsil şöbələrinin giriş qapılarında və dəhlizlərdəki diqqətçəkən yerlərdə Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” sözlərini oxuyan hər kəs heç şübhəsiz bir anlıq ayaq saxlayaraq bu şüarı fikir süzgəcindən keçirir. Etiraf etməliyik ki, uzaq keçmişdən ən yaxın dönəmlərimizə, hətta bu günmüzün özünədək təhsil heç vaxt bu millətin gələcəyi ola bilməyib. Daha doğrusu, çoxsaylı obyektiv və subyektiv səbəblərdən bu sahəyə birbaşa və dolayısı ilə dəxli olan səlahiyyət sahiblərinin günahı ucbatından təhsil sferasını millətin gələcəyini müəyyənləşdirən bir lokomotivə çevirməyi bacarmamışıq. Elə ona görə də barmaqla sayılacaq istisnalarla nə adımız adlar içində yaxşıya hallanıb, nə də dünya, nə də hətta regional səviyyədə öyünəcək bir ali təhsil ocağı ortaya qoya bilmişik. Əksinə, bu sahəni elə bir xaosa çevirmişik ki, nəinki bizlər, hətta mütəxəssislərin özləri belə, konkret olaraq günahkar axtararkən kimsənin yaxasından yapışmaqda çətinlik çəkir.

- Hərəkət də görmək istəyirik dediniz, sizcə bu gün ölkədə təhsil islahatları hardan və necə başlamalıdır?

- Hər şey sıfırlanmalıdır, yəni başdan başlamaq lazımdır. Təhsil Nazirliyinin, dolayısı ilə də hakimiyyətin illərlə apardığı yanlış siyasət Azərbaycan təhsilini elə bir bərabd vəziyyətə salıb ki, onun hansısa bir hissəsini düzəltməklə durumu xilas eləmək mümkün deyil. Bu ölkə də təhsilə qiymət verən iki qurum var. Təhsil Nazirliyi və TQDK. Təhsil Nazirliyinin yüksək qiymət verdiyi bir gənc TQDK imtahanından çox zəif bal toplayırsa buna nə ad vermək olar?! Azərbaycan təhsilin də tez bir zaman da islahat keçirilməlidir. Amma bu islahatlar illərdir orda kök salan nazirin istefaya göndərilməsindən başlamalıdır. Məşhur bir deyim var, bir insan bir iş yerində sadəcə 2 il xeyir verə bilər, sonra sadəcə paslanar. Misir Mərdanov istefaya göndərilməlidir. Əks halda təhsilimiz bundan da pis duruma düşəcək. Ondan sonra isə dərs kitablarından, müəllimlərin səviyyəsinə qədər hər xüsusun təkmilləşməsi üçün geniş fəaliyyət aparılmalıdır.