Misir müftisi fələstinliləri qəzəbləndirdi

misir-muftisi-felestinlileri-qezeblendirdi
Oxunma sayı: 629

“Azerimuslims.com” xarici KİV-ə istinadən bildirir ki, Misir müftisi Əli Cümənin Fələstinin İsrail tərəfindən işğal olunmuş Qüds şəhərini ziyarət etməsi etirazlara səbəb olub. Belə ki, fələstinlilər Cümənin israilli əsgərlərin mühafizəsi ilə Qüdsə səfər etməsini tənqid edərək, bunun işğalçı rejimin imicini bərpa etməyə yönəldiyini deyiblər.

Qüdsdə yaşayan fələstililər İsrailin ziyarəti beynəlxalq ictimaiyyətə Əqsa məscidinin işğal altında olmadığını nümayiş etdirmək üçün planlaşdırdığını ifadə edərək, digər dinlərə qarşı guya tolerant yanaşdığını iddia edən işğalçı rejimin Şeyx Raid Salah və Şeyx İkrimə Sabrinin Əqsa məscidinə daxil olmasına icazə vermədiyini xatırladıblar.

Qüds sakini Mahmud Hüseyn Misir müftisinin Əqsa məscidini Fələstin bayrağı altında qürurla ziyarət etmək əvəzinə işğalçı rejimin bayrağı altında və boynu bükük vəziyyətdə ziyarət etdiyini deyib.

Bu arada Misirin Əzhər universitetinin bir qrup alimi də Əli Cümənin sözügedən davranışını qınayaraq, bunun qəbuledilməz səhv olduğunu qeyd ediblər. Misirin keçmiş Baş müftisi Şeyx Nəsr Fərid Vasil açıqlamasında Cümənin Misir müftisi vəzifəsindən uzaqlaşdırılmalı olduğunu bildirib. Şeyx Vasil Cümənin Qüdsə İordaniya vizası ilə getməsinin səfərin işğalçı rejimin icazəsi ilə baş tutduğu həqiqətini dəyişdirmədiyini ifadə edib.