Misirdə Emil Rəhimovun kitabının təqdimatı olub - Fotolar

misirde-emil-rehimovun-kitabinin-teqdimati-olub
Oxunma sayı: 1715

Azərbaycanın Misirdəki səfirliyində fəlsəfə üzrə fəlsəfə doktoru Emil Rəhimovun ərəb dilində qələmə aldığı “Azərbaycan: Müsəlman Şərqində ilk demokratik respublika” adlı kitabının təqdimatı keçirilib.

"Qafqazinfo" xəbər verir ki, müəllif sözügedən kitabın ərsəyə gəlməsində  Xarici işlər naziri Elmar Məmmədyarova, XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyinə (AİDA), AR-ın Misirdəki səfiri Tural Rzayevə dərin təşəkkürünü bildirərək, Azərbaycanın son yüz ildə keçdiyi tarixi-siyasi mərhələlərə, kitabın əhatə etdiyi mövzulara toxunub, bu il Azərbaycanda Respublikanın qurulmasının 100 illiyinin təntələli şəkildə qeyd edildiyini bildirib. 

Kitabın təqdimatında Misirin ictimai-siyasi xadimləri, iş adamları, dostluq qrupunun üzvləri, kütləvi informasiya vasitələri və diaspora iştirak edib. 

AR-ın Misirdəki səfiri Tural Rzayev, “Vətənpərvər”-Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov, Misirin Helvan universitetinin doktoru Adil Dərviş, Misirin “Əl-Hivar: Siyasi araşdırmalar və Mediya” mərkəzinin müdiri doktor Əhmət Tahir, “20 yanvar” kitabının müəllifi tədqiqatçı, jurnalist Məhəmməd Sələmə çıxış edərək, “Azərbaycan: Müsəlman Şərqində ilk demokratik Respublika” adlı kitabın əhəmiyyətinə və ərəb oxucularının marağına səbəb olduğunu bildirib, kitab haqqında təəssüratlarını paylaşıblar.

Qeyd edək ki, “Azərbaycan: Müsəlman Şərqində ilk demokratik respublika” adlı kitabın birinci çapı (beş yüz nüsxə) cari ilin may ayında AİDA-nın dəstəyi ilə Şərq-Qərb mətbəəsində çapdan çıxmış, lakin qısa müddət ərzində bitib.

Ərəb oxucuların marağına səbəb olan kitabın təkrar çapı AR-ın Misirdəki səfirliyi tərəfindən Misir mətbəəsində yenidən çap edilib. 

Tədbir Misirin “Qahirə-1” xəbərlər kanalı, “Qahirə” kanalında işıqlandırılmış, həmçinin Misirin geniş oxucu kütləsinə malik və nüfuzlu qəzetlərindən olan “Əl-Masry Əl-Yaum”, “Əl-Şuruq”, “Axbar Əl-Yaum”, “Asiya Əl-Yaum” Xəbərlər Agentliyində, “Embassy-news”, “Egytnews” və sair yerlərdə geniş şəkildə dərc edilib.