Mollalara xəbərdarlıq – - 2 min cərimə

mollalara-xeberdarliq-
Oxunma sayı: 3268


Əksər hallarda ölü sahibi “qonşudan geri qalma” prinsipi ilə hərəkət edərək borca düşür. Bu isə olur ikitərəfli yas... Məsələ ciddi problemə çevrildiyindən bir neçə müddətdir ki, cəmiyyətdə müzakirə mövzusu olub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsələyə son kəskin reaksiyasından sonra ayrı-ayrı dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, səlahiyyətli şəxslər fakta etinasız yanaşmırlar. Bütün bunları nəzərə alan Qafqaz Müsəlmanları İdarəsinin yas mərasimlərində baş verən israfçılığın qarşısını almaq üçün verdiyi bəyanat öz səmərəsini verməyə başlayıb. Artıq ölkənin ayrı-ayrı bölgələrində qaldırılan məsələnin həlli üçün konkret addımlar atılır.

“Qafqazinfo” xəbər verir ki, ötən gün Qarabağ bölgəsində bir neçə rayonda olan Modern.az əməkdaşının apardığı müşahidələr belə deməyə əsas verir. Məlum olub ki, yas mərasimlərində iştirak edən mollalara ciddi xəbərdarlıq edilərək bildirilib ki, süfrədə müəyyən olunmuş təamlaradan əlavə yeməklər verilərsə, mollalar həmin mərasimlərə qatılmaqdan imtina etsinlər. Bunun əksini edənləri isə nə az, nə çox, düz 2 min manat məbləğində cərimə gözləyir.

Məsələdən hali olan din xadimləri cəriməyə düşməmək üçün qoyulan qaydalara ciddi riayət etdiklərini söyləyiblər. Beləcə hüzr sahibi də birmənalı olaraq yasın mollasız keçməməsi üçün “dəb”i bir kənara qoymağa məcbur olur.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi yas mərasimlərində israfın əleyhinə olduğu barədə və bu mərasimlərin sadə şəkildə keçirilməsi ilə bağlı tövsiyyələr verib.

Bu mövqe Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurasının üç il öncə, 13.07.2011-ci il tarixində təmtəraqlı toy-yas mərasimlərinin keçirilməsi ilə bağlı ictimaiyyətə ünvanladığı müraciətdə öz əksini tapmışdı. QMİ dini baxımdan bəyənilməyən israfın hər zaman əleyhinə olduğunu və bu istiqamətdə atılan addımları dəstəklədiyini bildirib.