Mollaların qazanc günü...

mollalarin-qazanc-gunu
Oxunma sayı: 2638

Rövşən Naziroğlu

Qəbiristanlığın qapısından bir-iki addım aralıda yan-yana düzülmüş stolların üstündəki səmənilər uzaqdan yaşıl süfrəyə bənzəyirdi. Dəmir vedrələrdə utancaq qız kimi başlarını aşağı salmış qırmızı qərənfillər bir-birinə sığınmışdı...

Hər il olduğu kimi bu Novruzda da qəbiristanlıq adamla doluydu. Mollalar Yasin oxutdurmaq istəyənlərin çoxluğuna ürəklərində şükr eləyib ilahi kəlamı o qədər yeyin və ucadan oxuyurdular ki, ərəb dili mütəxəssisi gəlsəydi belə, onların qiraətindən bir şey anlamayacaqdı.

Bəzi qəbirlərin üstünə səməni, qərənfil qoymaqla yanaşı düyü də səpmişdilər. Bir neçə metr aralıdakı qəbiri ziyarətə gəlmiş qadınlardan biri qucağına aldığı oğlan uşağını başdaşına yaxınlaşdırıb “Babanı öp” dedi. Uşaq dodaqlarını yaxınlaşdırdı şəkilə. Qadın körpəni qucağından endirib cibindən çıxardığı dəsmalla şəkilə düşmüş ləkəni sildi. O biri qadınlar zənbillərindən xeyli şəkərbura, paxlava, konfet çıxarıb sinədaşına düzdülər. Halbuki tanıdıqları bir kasıbın qapısını döyüb hansısa gözü yaşlı yetimin könlünü bayram sovqatıyla sevindirə bilərdilər...
Nə çoxdu Novruzda şəkərburaya, paxlavaya, qoğala həsrət qalanlar...

Bu savab əməl Allahın da xoşuna gələrdi, bəndənin də.

Qardaşımın gətirdiyi molla orta yaşlı kişiydi. Pencəyinin qolları, yaxası kirdən qaralmışdı. “Bayramınız mübarək olsun” deyəndən sonra əlini apardı pencəyinin döş cibinə. Cibindən çıxardığı çərəkəni açıb başladı oxumağa. Gözlərim əllərinə sataşdı. Uzanmış dırnaqlarının altında bir ayın zibili var idi bəlkə də. Zalım oğlu heç bir sözü düzgün tələffüz etmirdi. Hərdən öskürək onu boğsa da nəfəsini tarazlayıb başlayırdı yenidən oxumağa. Namaz qılmayan mollalardan idi yəqin. Namaz qılsaydı dəstəmaz alanda əllərinin kir-pasını görməməsi mümkün deyildi. Napak əlləri ilə vərəqlədiyi çərəkədən tez-tez gözlərini çəkib molla gəzən adamlara sarı boylanırdı.
Tez-bazar Yasini bitirib qardaşıma yaxınlaşdı. Qardaşımın verdiyi pulu cibinə qoyub yaxınlıqdakı məzarın başında ağlaşan adamlara tərəf getdi...

Qəbiristanlıqdan çıxanda dönüb üstünə şirniyyat qoyulmuş məzara baxdım.

Paxlavaların, şəkərburaların üstündə qarışqalar qaynaşırdı...