Mövlud “mövcudluğuma görə üzr istəyirəm” deyərdi...

Mövlud “mövcudluğuma görə üzr istəyirəm” deyərdi...
Oxunma sayı: 3685

Nərmin Dadaşova

Bir dəfə atamla şəklimi paylaşmışdım sosial şəbəkədə. Olduqca işıqlı şəkil idi, ikimiz də gülürdük. Birdən Mövlud zəng elədi. Dedi o nə şəkildi paylaşmısan, param-parça oldum. “Allah xətrinə”, - dedim, Mövlud. “Allah xətrinə orda kədərlənəcək nə var?” - sonra güldüm. “Atanın əlləri”,- dedi. “Atan səndən necə möhkəm yapışıb, əllərini necə sıxıb, görmürsən?”,- dedi. Mən bilirdim, bilirdim, bu həssasiyyət onu yaşamağa qoymayacaq.

Ölüm xəbərini eşidən kimi pəncərəyə cumdum. Olduğum yerdən, yeddinci mərtəbədən üzü aşağı baxdım. Yolu keçməyə çalışan, addım-addım da yox, qarış-qarış hərəkət edən qocanı görəndə tüklərim ürpəndi. Bu nə təzaddır, bu nə faciədir, bu nə cür ölümdür? Mövludun cəmi 28 yaşı vardı...

Mövlud özü demiş, ayağı sınmış ata görə günlərlə ağlaya bilərdi. Mən onu tanıyanda 20-21 yaşı olardı. Bir gün mənə ağlaya-ağlaya “mənim həyatım gətirməyib” deyəndə çox gülmüşdüm. “Sənin həyatın hələ heç özü də gəlməyib axı, Mövlud”, - demişdim. Tez-tez sözümüz çəp gəlirdi. Yorursan adamları deyirdim, pessimizminlə. Sonra nəsə zarafat edirdi, günlərlə xatırlayıb gülürdük dostlarla aramızda. Sən demə, biz onu yorurmuşuq.

Hamımız hadisənin şokunu yaşayırıq. Mövluda geridə qoyub getdiklərinə görə qəzəblənirik. Etməməli idin, Ucalı atasız qoymamalı idin deyirik. Ancaq edəcək bir şey yox, bu, Mövludun seçimi idi. O, oxuduğu onca kitabı, yazmadığı hekayələri, qurmadığı cümlələri, nəyi vardısa hamısını götürüb getdi. Dözərik, ağlayıb-ağlayıb kiriyərik, eybi yox. İlk itkimiz deyil, sonuncu da olmayacaq.

Mövlud tez-tez “mövcudluğuma görə üzr istəyirəm” zarafatı edərdi. Kaş, indi hardansa gələ, gələ bizi bu qədər üzdüyü üçün üzr istəyə. Axı onun etdiyi hərəkətdən o dəqiqə peşman olmaq kimi bir xasiyyəti də var idi. Məsələn: acıqlanardı kiməsə, həmən də peşman olardı. Bir ehtimal məni rahat buraxmır, bəlkə də o, 17-ci mərtəbədən özünü havaya buraxan andaca peşman olub. Amma nə etmək olar dost, havadan yapışmaq olmur...


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi