MTN-in adından dələduzluq edənlər yenidən hakim qarşısında

mtn-in-adindan-deleduzluq-edenler-yeniden-hakim-qarsisinda
Oxunma sayı: 1614

Bakı Ağır Cinayətlər Məhkəməsində 3,4 milyon dolları dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Çingiz Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Tamella Nəsrullayevanın icraatında olan prosesdə hazırlıq iclası keçirilib.
İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Qeyd edək hadisə ilə bağlı bundan öncə Ç.Abdullayevin oğlu Loğman Abdullayev, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev, Gəray Abdulov və Tural Qasımov təqsirləndirilib.

Adıçəkilən şəxslər 2015-ci il mayın 1-də saat 23:00 radələrində Xəzər rayonunun Qala qəsəbəsində T.Zülfüqarovun idarə etdiyi avtomobilin qarşısını kəsərək özlərini Milli Təhülkəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim ediblər.

T.Zülfüqarovu Xətai rayonu ərazisindəki mənzilinə gətirib seyfdə saxladığı külli miqdarda xarici valyutanı guya araşdırmaq məqsədi ilə ələ keçiriblər. Daha sonra onlar T.Zülfüqarovu "Ulduz" metrostansiyasının yaxınlığında yerləşən obyektlərin birində qanunsuz olaraq 3 gün saxladıqdan sonra Moskva şəhərinə yola salıblar. Pulu ələ keçirdikləri gün ölkədən çıxıblar.

Bakı Apellyasiya Məhkəməsi 18 il müddətinə azadlıqdan məhrum edilən Loğman Abdullayevin cəzası 15 ilə endirilib. 16 il müddətinə azadlıqdan məhrum edilənlər – E.Qasımov və P.Rzayevin cəzası isə 14 il 6 aya endirilib. Şərti cəza alanlar - F.Tağıyev, G.Abdulov, T.Qasımov və R.Hacıyev barəsindəki hökm isə dəyişdirilmədən saxlanılıb

Ç.Abdullayev xaricdə olduğu üçün axtarışa verilib və bir müddət öncə Qazaxıstanda tutularaq Azərbaycana gətirilib.
Şərti cəza alan G.Abdulov isə L.Abdullayevin qaynıdır.

Murad Əhməd