MTN-in keçmiş əməkdaşı həbs olunub

mtn-in-kecmis-emekdasi-hebs-olunub
Oxunma sayı: 5621


Naxçıvan MTN-inin keçmiş əməkdaşı İbrahim Musayev həbs edilib. Bu barədə “Azadlıq”a daxil olan məlumatda bildirilir ki, İbrahim Musayev Moskvada həbs olunub. O, dələduzluqda təqsirləndirilir. Məlumata görə, hazırda İbrahim Musayevin ekstradisiyası ilə bağlı danışıqlar gedir. Güman ki, yaxın günlərdə o, Azərbaycana təhvil veriləcək.

İbrahim Musayev Naxçıvan MTN-də işgəncə ilə öldürülən Turac Zeynalovun ailəsinə qarşı qurulmuş iyrənc əməliyyatın əsas fiqurlarından olub. Sonradan Naxçıvan MTN-in Turac Zeynalovun xanımı Gülnar Ağayeva ilə bağlı iyrənc və qorxunc əməliyyatlarından bezən və özünün də qurbana çevriləcəyini dərk edən İbrahim Musayev Azərbaycandan qaçıb. O, özü bu barədə “Azadlıq” qəzetinə və “Azərbaycan saatı” verilişinə açıqlamalarında bildirmişdi. İbrahim Musayev demişdi ki, Turac Zeynalov qətlə yetiriləndən sonra onun ailəsini susdurmaq üçün Naxçıvan MTN-nin qurduğu əməliyyat planına görə o, mərhumun həyat yoldaşı Gülnar Ağayeva ilə münasibət qurmalı, yanında etibar qazanmalı və onu tələyə salmalıdır. İbrahim Musayev əməliyyatın birinci hissəsini uğurla başa vurur. Yəni, Gülnar Ağayeva ilə tanış olur, bir müddət sonra isə ona eşq elan edir. Bu ərəfədə o, Gülnar Ağayevanın əri ilə bağlı məsələdə hansı addımları atacağını, kimlərə müraciət edəcəyini və s. bu kimi Naxçıvan MTN-i üçün lazım detalları öyrənib, nazirliyə ötürür. Daha sonra əməliyyatın ikinci mərhələsi başlayır: “Mənə dedi ki, pul lazımdır. Mən də yaranmış etimaddan sui-istifadə edərək “bir az narkotika var, onu bir nəfərə verib pul götürməliyəm" söyləyərək buna görə də mənimlə gəlməsinin lazım olduğunu dedim. Bu, əməliyatın ikinci mərhələsi idi. Birinci mərhələ artıq başa çatmışdı. Hətta Naxçıvan MTN-nin rəhbərliyi mənim də daxil olduğum bir məclis təşkil edərək bu “qələbə”ni bayram kimi qeyd etmişdi. Həmçinin elə həmin mərasimdəcə bu əməliyyata görə mənə leytenant rütbəsi verildiyi elan edilmişdi...

Beləliklə, əməliyyatın ikinci mərhələsinə başlayırdım. Narkotik maddəni Gülnarın çantasına qoydum və yolda “təsadüfən” polis bizi yaxaladı və hər ikimizə qarşı cinayət işi “açıldı”. Bu mərhələ Gülnar Ağayevanı artıq tam olaraq bizim kontrolumuz altına almaq demək idi. Elə bundan sonra da Gülnarın məşhur videomüraciəti yayıldı. Amma Gülnar az sonra anladı ki, sevgi-filan boş şeymiş və bütün bunlar bir əməliyyatın tərkib hissələri imiş. Buna görə də əsəbiləşib Vəli Əsgərova zəng etmiş və ondan bu cür istifadə edilməsinə sərt şəkildə iradını bildirmişdi. MTN-də narahatlıq yarandı ki, Gülnar bu məsələni də ictimailəşdirə bilər. Buna görə də mənə tapşırıldı ki, Gülnarı aradan götürüm. 

Mən bu qərarı yerinə yetirmək üçün bir müddət düşünüb daşınmağın lazım olduğunu bildirdim: ən azı, buna görə də hansısa ağlabatan əməliyyat şəraiti qurmaq lazım idi. Amma təbii ki, onu öldürmək fikrim yox idi. Birincisi, ona görə ki, qatil olmaq mənlik deyildi. Bəlkə də, hər cür sifarişi yerinə yetirə bilərdim, amma günahsız bir qadını öldürmək, ümumiyyətlə kimisə qətlə yetirmək mənlik deyildi. Ikinci səbəb də vardı: dərk edirdim ki, Gülnarı öldürsəm, məni aradan götürmək çox asanlaşar. Ən yaxşı halda həbs edərdilər. Axı, biz bir narkotik əməliyyatında həbs edilmişik. Gülnarın ölümünü də, guya narkotik cinayətində birgə iştirakımızdan dolayı rəsmən mənim adıma sənədləşdirib gedər- gəlməzə yollamaq çox rahat idi. Buna görə də aradan çıxmaq haqqında plan qurdum və birinci fürsətdə həyat yoldaşımı da götürərək ölkədən qaçdım".

Ibrahim Musayev Turac Zeynalovun həbsi barədə də maraqlı açıqlamalar verəcəyini vəd etmişdi. “Sizi əmin edirəm ki, bu olayın əsl səbəbləri barədə danışacağam. Amma hələlik yalnız iki məqama diqqət yetirmənizi tövsiyyə edirəm. Birincisi, Ermənistanla sərhəddə, Sədərək rayonu ərazisində yerləşən ”Ucubir" postu, digəri isə PKK. Bu iki amili yadda saxlayın",-deyə o bildirmişdi. 

İbrahim Musayev həmçinin qeyd etmişdi ki, göstərişləri ona Naxçıvanın Milli Təhlükəsizlik naziri Vəli Əsgərov və onun yaxın adamı olan MTN əməkdaşı Ilqar Hacıyev verirdi. 

İbrahim Musayev bildirmişdi ki, həmin ərəfədə ona Naxçıanda fəaliyyət göstərən hüquq müdafiəçisi Məlahət Nəsibovanı da şantaj etmək üçün göstəriş verilib. Bu, onun Bakıda təhsil alan qızı ilə bağlı olub.