MTN polkovnikinə cəza istənildi

mtn-polkovnikine-ceza-istenildi
Oxunma sayı: 2024

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən MTN polkovniki Vüqar Güləli, Ceyhun İbayev, Vüqar Əsədov, Anar İsmayılov və Nicat Əliyevə cəza istənilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Rahib Salmanovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək V.Güləlinin 9 il 6 ay, N.Əliyevin 8 il 6 ay,  C.İbayevin 8 il, V. Əsədovun 7 il 6 ay,  A. İsmayılovun 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Qeyd edək ki, V.Güləliyev və Nicat Əliyev barəsində həbs qətimkan tədbiri seçilib, digərləri barəsində isə başqa yerə getməmək qərarı verilib.

***

Adıçəkilən şəxslər Səriyyə Tahirovanın həyat yoldaşı Rafiq Tahirovun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsini vəd verərək ondan 89 min 800 manat alaraq qaytarmayıblar. R.Tahirov qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitə gətirdiyi üçün MTN tərəfindən saxlanılıb. Məhkəmənin hökmü ilə R.Tahirov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, təqsirləndirilən şəxslər Elçin Orucovu polisə işə düzəltmək üçün atası Əkbər Orucovdan 8 min manat, Misir Əhmədovdan oğlunu polisə işə düzəltmək adı ilə 8100 manat pul alıblar.

Həmçinin, iranlı məhkumların İrana ekstradisiya edilməsi üçün pul lazım olduğunu, qarşılığında isə 1 milyon dollar pul qazanacaqlarını, əldə edilən puldan onlara da pay verəcəklərini vəd edərək Aybala Namazovadan 35 min manat, Ədalət Əsgərovdan 115 min manat alaraq qaytarmayıblar.

V.Güləliyev ləğv edilmiş MTN-in Laçın rayon şöbəsinin rəisi işləyib, hazırda təqaüddədir.

Murad Əhməd