MTN polkovnikinin intiharı ilə bağlı aparılan cinayət işinə - Xitam verildi

mtn-polkovnikinin-intihari-ile-bagli-aparilan-cinayet-isine
Oxunma sayı: 639

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyevin təcridxanada intihar etməsi ilə bağlı başlanılan cinayət işinə xitam verilib.
 
"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, cinayət işi üzrə aparılan araşdırmalar zamanı onun intihar etdiyi sübuta yetirilib.
 
İ. Əliyevin meyitinə ailə üzvlərinin iştirakı ilə keçirilən baxış zamanı üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.
 
Əliyev İlqar Mustafa oğlunun intihar etməsi faktı üzrə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində aparılıb. Həmin cinayət işində hər hansı təqsirkar müəyyən edilməyib.
 
Qeyd edək ki, İ. Əliyev MTN ətrafında baş verən hadisələrlə əlaqədar həbs olunub. O, 2015-ci  il dekabrın 20-də saxlanıldığı Bakı İstintaq təcridxanasında özünü asaraq intihar edib. Bir müddət əvvəl onun barəsində olan cinayət işinə də istintaq orqanı tərəfindən xitam verilib.