Müasir texnologiyanın tətbiqi vasitəsilə tullantıların azaldılması - Araşdırma

muasir-texnologiyanin-tetbiqi-vasitesile-tullantilarin-azaldilmasi-arasdirma
Oxunma sayı: 46333

Yer kürəsində baş verən iqlim dəyişikliyinin əsas səbəbi tullantıların atmosferə buraxılmasıdır. Ötən 10 il ərzində planetin ümumi hərarəti 1 dərəcə artıb. Əgər tullantıların artması bu cür sürətlə davam edərsə, Yerin temperaturu əsrin sonunadək 11 dərəcə arta bilər. Bu isə Yer kürəsinin iqlimində kəskin dəyişikliklərə və qarşısıalınmaz fəsadlara gətirib çıxara bilər.

Tullantıları müasir texnologiyalar vasitəsilə azaldaq!


Tullantıların təsirini azaltmaq üçün bir sıra müasir texnoloji layihələr fəaliyyətə başlayıb. Son illər ətraf mühitin mühafizəsində, ekoloji problemlər içərisində “yaşıl” texnologiyaların tətbiqi, xüsusən alternativ və bərpa olunan enerji mənbələrindən istifadə məsələləri daha çox aktuallıq kəsb edir. Problemin səmərəli həlli məqsədilə yaradılmış Sənaye və Energetika Nazirliyi yanında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi də öz fəaliyyətini getdikcə genişləndirməkdədir. Böyük neft və qaz ehtiyatlarına malik olmasına baxmayaraq, Azərbaycan dövlətinin alternativ enerji mənbələrini inkişaf etdirmək niyyəti göz qabağındadır. Dövlət Agentliyi tərəfindən 2020-ci ilədək alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı üzrə proqramın hazırlanması istiqamətində də işlər görülür.

Gündən-günə qloballaşan dünya “yaşıl” texnologiyalardan istifadə məsələlərində israrlıdır, bizdən daha da irəli getməyi, planetimizdə mövcud olan ən qabaqcıl təcrübəni mənimsəməyi, ən müasir texnologiyaların tətbiqini tələb edir. Müasir dünyada resursqənaətedici texnologiyaların yaradılması və tətbiq edilməsi energetikanın ən perspektivli istiqamətlərindən biri kimi qəbul edilir. Həmin texnologiya üzvi yanacaq növlərinin, hidrogenin və karbohidrogenlərin malik olduğu enerjinin yanacaq elementləri vasitəsilə kimyəvi reaksiya həyata keçirməklə elektrik və istilik enerjisinə çevrilməsini nəzərdə tutur. Yanacaq elementləri əsasında inkişaf etdirilən, müxtəlif təyinatlı və fərqli gücə malik elektrokimyəvi generatorların hasil etdiyi ekoloji cəhətdən təmiz enerjinin sənayenin bir çox sahələrində - mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş energetikada, nəqliyyatda, istehsalat proseslərində, o cümlədən dəniz hidrotexniki qurğularında və s. istifadəsi mümkündür.

Bu gün yanacaq elementləri sənayedə, nəqliyyatda və məişətdə inqilabi yeniliklər etməyə qadir energetik texnologiya hesab olunur. Qeyd edilməlidir ki, yanacaq elementlərində, hal-hazırda istismarda olan buxar və qazturbin elektrik stansiyaları ilə müqayisədə, enerji vahidi hasilatına iki dəfə az təbii qaz tələb olunur, müxtəlif tullantılar isə ondan da az müşahidə edilir. Xarici təcrübə göstərir ki, artıq indi mövcud istilik stansiyaları ilə müqayisədə yanacaq elementlərinin fasiləsiz və təmirsiz iş müddəti on dəfələrlə çoxdur. Mərkəzdən uzaq yerləşən ərazilərin, elektrik mühərriki ilə işləyən nəqliyyat vasitələrinin, açıq dəniz şəraitində istismar edilən hidrotexniki qurğuların və s. elektrik enerjisi ilə təchiz edilməsində rolu əvəzsiz olan yanacaq elementləri texnologiyası elektrik enerjisi hasilatına təbii qazın və neft məhsullarının sərfinin 30-50%, istehsalat və istismar xərclərinin 25-40% azaldılmasına, elektrik enerjisinin qiymətinin 20-30% aşağı salınmasına, qeyri-əsas enerji resurslarından və kənd təsərrüfatı məhsullarından istifadənin artırılmasına, atmosferə atılan zərərli elementlərin, o cümlədən karbon dioksidin 50% azaldılmasına imkan verəcək.

İri layihələrlə yanaşı kiçik layihələr də var ki, bunlardan Navigator, Real vaxt rejimində ödənişlər, Mobil telefon vasitəsilə bank xidmətlərini göstərmək olar.

Avtomobil idarə edən vətəndaş “Navigator”dan istifadə etməklə 1.42 kq CO2-ya qənaət edə bilər ki, bu da 10 ədəd elektrik lampasının 3 saatlıq söndürülməsinə bərabərdir. Və yaxud, real vaxt rejimində ödənişlər xidməti, hər 1000 nəfər üçün kağız tullantılarının həcmini bir gündə 1.25 kq, bir ildə isə 456 kq azaldır.

Hər dəfə mobil rabitə vasitəsilə bank xidmətlərindən faydalanmaq 2.5 litr dizel yanacağını yandırılmasından vaz keçməyə bərabərdir.

İki mobil telefon əvəzinə yalnız birindən istifadə edərək, enerjiyə qənaət edərək, karbonun təsirini hər il 5 kq CO2- azalda bilərik.

Məsələn, şəhərə görüşə getmək əvəzinə mobil telefondan istifadə etsək həm vaxta, həm də 10 km məsafəyə avtomobil sürməməklə 2 kq CO2-yə qənaət edərik. Elektrik közərmə lampaların kompakt fluoresyent lampalar (KFL) ilə əvəz olunması tullanılan CO2 miqdarını 75% azaldar.

Avtomobil idarə etmək əvəzinə mümkün qədər piyada və velosiped ilə hərəkət etməyimiz bir ildə 60 kq CO2 qənaət deməkdir.

Evimizin elektrik şəbəkəsini günəş, külək yaxud hidro enerji kimi yenilənə bilən enerji mənbələrinə qoşmaqla tullantı dərəcəsi sıfır olan təmiz enerjiyə çıxış əldə edərik.

Tullantılarsız “Təmiz Şəhər”


“Təmiz Şəhər” ASC tərəfindən məişət tullantılarının ayrılması və ölkədə təkrar istehsal biznesini inkişaf etdirmək məqsədilə illik 200 min ton gücə malik pilot mexaniki və yarım-avtomatik çeşidləmə xəttinin qurulması üçün hazırlıq işləri gedir. Bu zavod tullantıların ümumi həcmini azaldacaq, təkrar emal nəticəsində ucuz xammal bazarı formalaşdıracaq, enerjiyə qənaət olunacaq və ən önəmlisi ətraf mühitə mənfi təsir azaldacaq. Bundan əlavə, məişətdə əmələ gələn batareya, akkumulyator və elektron tullantı kimi təhlükəli tullantıları ümumi kütlədən ayrılaraq düzgün utilizasiya məqsədi ilə aidiyyatı yerlərə göndəriləcək.

Layihənin başlıca faydaları ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərin azaldılması, son tullantı miqdarının azaldılması və s. dir.

Bu gün ətraf mühitin mühafizəsi istiqamətində bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən də tədbirlər həyata keçirilir. İDEA (International Dialogue on Environmental Action – Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü) kampaniyasının təşəbbüskarı Leyla Əliyeva bildirir ki, tullantıların azaldılması üçün əsas prioritetlərindən biri Bakı və onun ətrafının yaşıllaşdırılmasıdır: “Günəşli gündə ağac yarpaqlarının səthinin 25 faizi bir insana gün ərzində lazım olan qədər oksigen buraxır. Ağac əkilmiş bir akr (0,4 hektar) sahə gündəlik 18 nəfər üçün kifayət qədər oksigen buraxır”.

Xəzəri tullantıların əlindən necə alaq?


Ekoloji Problemlərin Tədqiqi Mərkəzinin rəhbəri Kamran Mahmudovun sözlərinə görə, Xəzər suları bu gün daha çox neft tullantıları, dəniz nəqliyyatı, Kür və Araz çaylarından gələn tullantılar və digər vasitələrlə çirklənir: “Neft çıxarılan ərazilərdə hər ay monitorinq keçirilməlidir və çirklənmənin miqdarı müəyyənləşdirilməlidir. Bundan sonra müvafiq qabaqlayıcı tədbirlər görülməlidir. Bundan başqa köhnə Təmizləyici Qurğu Stansiyaları yeniləri və daha müasirləri ilə əvəz olunmalıdır. Həmçinin, Xəzərə Bakıdan və onun hövzəsindəki digər yaşayış yerlərindən çirkab sular axıdılmamalıdır. Bu sular həmin qurğular vasitəsilə təmizləndikdən sonra Xəzərə buraxılmalıdır. Belə olduqda hətta bu sulardan daha sonra suvarmada da istifadə edilə bilər”.

Bakıda bir sıra yerlərdə təmizləyici qurğular yerləşdirilsə də bunun yetərincə fəaliyyət göstərmədiyini bildirən ekoloq, problemin həlli üçün xüsusi bir təklif irəli sürür: “Mən təklif edirəm ki, Xəzərin neft və digər tullantılardan təmizlənməsi üçün xüsusi fond yaradılsın və Xəzərdən mənfəət əldə edən qurumlar həmin fonda maliyyə vəsaiti ayırsınlar. Daha sonra həmin vəsaitdən Xəzərin suyunun təmizlənməsi üçün istifadə olunsun. Zaman keçdikcə Xəzərin ekoloji cəhətdən təmiz suya çevrilməsi sürətlənəcək”.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən də atmosferə tullantıların azaldılması üzrə yeni plan təsdiqlənib. Şirkətin ekologiya məsələləri üzrə vitse-prezidenti Muxtar Babayevin bildirdiyinə görə, yeni plan çərçivəsində ekoloji istiqamətlərdə prioritet ilk növbədə atmosferə tullantıların azaldılmasına veriləcək: “ARDNŞ atmosferə atılan aşağı təzyiqli səmt qazının həcmini yataqlarda kompressor stansiyalarının işə salınması vasitəsilə azaltmaq niyyətindədir. Tullantıların həcminin azaldılması ilə yanaşı belə prosedur qaz şəbəkəsinə ötürülən həcmin artırılmasına imkan verəcək”.

Dünya ölkələri də qurtulmağın yollarını axtarır

“Böyük səkkizlik” ölkələrinin liderləri 2050-ci ilədək atmosferə atılan karbon qazının 50 faizinin azaldılması barədə razılıq əldə ediblər. Hindistan hakimiyyəti yaxın on il ərzində atmosferə buraxılan karbon qazını 20-25% azaltmaq niyyətindədir. Çin Xalq respublikası 2020-ci ilə qədər karbon qazı tullantılarının həcmini 40-45% azaldacaq. ABŞ da öz növbəsində 2020-ci ilə kimi atmosfer və iqlimə təsir göstərən zərərli tullantıların 17% azaldılmasını planlaşdırır.

Özəl şirkətlər stimul verir

Azərbaycanın mobil rabitə operatoru olan “Azercell” şirkəti tərəfindən də qlobal iqlim dəyişikliyinin qarşısını almaq məqsədilə Karbon kalkulyatoru layihəsi gerçəkləşib. Kalkulyator gündəlik həyatda atmosferə ifraz olunan karbon qazının miqdarını hesablayıb, ətraf mühitə hansı dərəcədə təsir göstərdiyimizi aydın şəkildə görməyə və izləməyə imkan verir.

Qanunvericilik nə deyir?

“İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanunu da Azərbaycanda insan fəaliyyəti nəticəsində əşya və maddə şəklində əmələ gələn istehsalat və məişət tullantılarından (bundan sonra - tullantılar) ətraf mühitin qorunması, onların təhlükəli təsirinin azaldılması, təbiətdə ekoloji tarazlığın təmin olunması, təkrar xammal kimi tullantıların istifadəsi sahəsində dövlət siyasətini müəyyən edir, zərərli qazlar, çirkab suları və radioaktiv tullantılar istisna olmaqla, tullantılarla bağlı münasibətlari tənzimləyir.
Nazirlər Kabineti isə Tullantılarla bağlı dövlət siyasətinin prinsiplərini müəyyənləşdirərkən də, tullantılarla bağlı fəaliyyət göstərən müəssisələrin yaradılmasını, az tullantılı texnologiyarın yaradılması və tətbiqini, tullantıların təsərrüfat dövriyyəsinə daxil edilməsi məqsədi ilə iqtisadi və digər stimullaşdırılan mexanizmlərindən istifadə olunmasını əsas götürüb.

Nigar Məmmədli
Yazı “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçirdiyi müsabiqə”yə təqdim edilir.