Mübarizə dövrümüzün Mübarizi

mubarize-dovrumuzun-mubarizi
Oxunma sayı: 646

Ağrımızı tez-tez şüur altına atan, yaşadıqlarını xatırlamaq istəməyən itirdiklərimizin yasını tutumaqda gecikən millətik. Bu gecikmələrin mənfi nəticələrini isə hələ uzun illər yaşamağa davam edəcəyik. Ağdamın, Kəlbəcərin, Xocalının, Laçının və bütövlükdə Qarabağın işğalı zamanı işğala zəmin yaradanlarla əlbir olub, xalqın başının altına yastıq qoyanları da hardasa zaman gələcək xatırlamaq istəməyəcəyik. İşğal etdikləri torpaqlarda müsəlmanlara zülm edən ermənilərə də, onlara qıy verən ruslara da, kəm gözlə baxan bir türk milləti qalmayıb hardasa. Bütün dünyaya nə qədər humanist( əslində arsız) millət olduğumuzu sübut etmək üçün bunları unutmaq əsas şərtdir. Halbuki Milli Qəhrəman Fred Asif deyirdi ki: “Düşmənə nifrət müəqddəs hissdir”. 24 il əvvəlin bu günündə qanımızı içən erməniyə qarşı yumuşaqlıq nümayiş etdirən “oğullardan” fərqli bir oğul -Mübariz İbrahimov doğulmuşdu. O, da bu müasir dövrün gənci idi. Bizdən çox yox, ya bir -iki yaş böyük, ya balacadı, ya da çoxlarımızla həmyaşıddır. O, da bizim kimi bu gün həyatda qala bilərdi, sevgilisi ilə əl-ələ tutub, gələcək barədə planlar qura bilərdi. Şeirlər yaza bilərdi sevgilisinin gözlərinə, bəylik geyinib oturardı bəy kürsüsündə, oynayardı bəy havasına qollarını qaldırıb. O da bizim kimi dost məclislərində qəhqəhələr ata bilərdi, bəlkə də facebookda dost listəmizdə sıradan bir ad ola bilərdi. Amma o yaşamğın bu

yolunu seçmədi. O mübarizə yolunu seçdi. O, bizim hamımızdan güclü bir əsər yazdı, öz də qanı ilə. Çox nadir insanlar olur ki, daşıdıqları adları ilə həyat amalları, şəxsiyyətləri üst-üstə düşür. Mübarizin adı onun şəxsiyyətinə biçilmişdi.. O, unutmadı millətinə edilən zülümləri, sığışdıra bilmədi vicdanına, qeyrətinə düşmən əsarətində yaşamağı. Xudu Məmmədovun gözəl bir sözü var. O, deyirdi ki; “Uşaqlara vətəni sevməyi öyrətmək lazım deyil, vətəni göstərin o özü onu sevəcək”. Mübarizə vətəni göstərmişdi, atası, ona millətinin dərdini, ağrısını danışmışdı. Yoxsa ölümü gözünün qabağına alacaq qədər qan örtməzdi onun gözlərini. Üstündə yaşadığı torpaqlarda böyük dövlət quran və min illərdən bəri var olan bir millətin övladları arasından bu gün düşmənə haqq qazandıran, onların sözünü deyənlər də çıxır təssüf ki. Bu günlərdə erməninin dəyirmanına su tökən bir “ziyalını” cani -dildən dəstəkləyən “almanın qurdu” rolunu oynayan bəzi gənclərə ürəyimdəki hiddətimi, Mübariz kimi gənclərin də olduğu təskinliyi ilə söndürürəm. Yaxşı ki, varsan deyə bilməsəm də, yaxşı ki, doğulmusan deyə bilirəm. Torpağın altındakı cisminin, göyün yeddinci qatındakı ruhunun 25-ci doğum günü qutlu olsun qardaşım...