Müdafiə Nazirliyi atəşkəsin pozulmasını necə hesablayır?

mudafie-nazirliyi-ateskesin-pozulmasini-nece-hesablayir
Oxunma sayı: 1750


“Qafqazinfo” xəbər verir ki, “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli yanvar ayının 21-də Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə sorğu göndərib. Qurumun rəhbəri polkovnik-leytenant Vaqif Dərgahlıya ünvanlanan sorğuda Müdafiə Nazirliyinin son günlər cəbhə xəttində ermənilərin atəşkəs rejimini pozması ilə bağlı yaydığı məlumatlarla bağlı aşağıdakı suallara cavab istənilib. Qeyd edək ki, son bir neçə gün ərzində həmin məlumatlarda erməni tərəfinin atəşkəs rejimini pozmasının sayı göstərilib. Cəsur Sümərinlinin sualları belə idi:

 1) Atəşkəsi rejiminin pozulması metodologiyası necədir? Yəni hər güllənin atılması atəşkəsin bir dəfə pozulması hesab olunur? Yoxsa bir avtomat darağının boşaldılması? Və yaxud necə?

2) Münaqişənin nizamlanması ilə bağlı aparılan danışıqlarda atəşkəsin pozulması qaydaları müəyyən olunubmu?

Bu gün Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Cəsur Sümərinliyə cavab göndərilib. Cavabda deyilir:

“Qoşunların təmas xətti boyu, ön səngərdə yerləşən bölmələrimiz tərəfindən düşmənin bütün hərəkətləri daim müşahidə edilir və nəzarətdə saxlanılır. Sutka ərzində cəbhə boyu düşmənin açdığı atəşin silah növü, atəşin sayı, zamanı, müddəti və istiqaməti nəzərə alınmaqla məlumatlar qeyd edilir. Bu və digər məlumatlar əmrə və müvafiq qaydalara riayət olunmaqla yuxarı komandanlığa çatdırılır. Toplanan əməliyyat məlumatlarının Müdafiə Nazirliyində hesabatı və statistikası aparılır. Bu barədə məlumatlar hər ayın sonunda Xarici İşlər Nazirliyinə təqdim edilir”.

“Doktrina” JHAM sədri Cəsur Sümərinli öz növbəsində bildirdi ki, bu cavablar göndərilən sorğuya aydınlıq gətirmir. “Birincisi, cəbhə xəttində atəşin sayının dəqiq hesablanması o qədər də asan məsələ deyil və bununla bağlı ciddi suallar qalmaqda davam edəcək. Digər məsələ, sualın ikinci hissəsinə cavab verilməyib, bəlli deyil ki, MN bu istiqamətdə məlumatlarda münaqişənin nizamlanması çərçivəsində aparılan danışıqlara nə dərəcədə uyğun informasiyalar yayır. Münaqişənin nizamlanması ilə bağlı danışıqlarda atəşkəsin pozulmasının hesablanması qaydaları əksini tapırmı? Yəni hansı hal atəşkəsin pozulması vahidi hesab olunur? Əgər danışıqlarda atəşkəsin pozulmasının metodologiyasına dair hər hansı müddəa əksini tapmırsa, bu o deməkdir ki, MN-in bu məlumatları, xüsusilə də atəşkəsin pozulmasına dair konkret rəqəmlər əslində daxili auditoriya üçündür və bunun münaqişənin nizamlanması istiqamətində aparılan danışıqlarda Azərbaycan tərəfinə hər hansı faydası yoxdur”, - deyə C.Sümərinli bildirir.