Müdafiə Nazirliyində kadr dəyişiklikləri nəyə hesablanıb?

mudafie-nazirliyinde-kadr-deyisiklikleri-neye-hesablanib-
Oxunma sayı: 3357

Ekspert bildirir ki, Müdafiə Nazirliyi Kadrlar İdarəsinin rəisi vəzifəsini sonuncu dəfə general-leytenant Çingiz Məmmədov tutmuşdu və bundan öncə isə bu vəzifədə general-mayor Məmməd Beydullayev çalışırdı. O zaman bu idarə Kadrlar və Hərbi Təhsil İdarəsi adlanırdı.
2002-ci ildə Azərbaycan Ali Hərbi Məktəbində kursantların qiyamı baş verən zaman Silahlı Qüvvələrin kadrlarla təminatı istiqamətində ciddi problemlərin olması barədə ilk və kifayət qədər ciddi siqnal verildi. Bu hadisədən sonra Məmməd Beydullayev sabiq prezident Heydər Əliyev tərəfindən vəzifəsindən çıxarılmışdı.
Beydullayevdən sonra Çingiz Məmmədov bu sahəni kurasiya etməyə başladı, lakin bir müddətdən sonra İdarə tamamilə başsız qaldı. Bu vəziyyət təxminən 10 il davam etdi.

M.Beydullayev hazırda Silahlı Qüvvələrin İnspeksiya İdarəsinin rəisidir, Çingiz Məmmədov isə Müdafiə nazirinin müavini vəzifəsini tutur.

Müdafiə Nazirliyində 2005-2006-cı illərdən başlanan ştat-struktur dəyişiklikləri ilə əlaqədar Kadrlar və Hərbi Təhsil İdarəsinin yerində iki struktur yaradıldı: Təhsil-Tədris və Elmi Tədqiqatlar İdarəsi və Kadrlar İdarəsi. İdarəsinin rəisi səlahiyyətlərini həmin idarənin şöbə rəisi polkovnik Mahmud Ağadadaşov icra edirdi. Təhsil-Tədris və Elmi Tədqiqatlar İdarəsinə isə polkovnik Murad Həmidovun cavabdeh olduğu bildirilir.

Araşdırmalar göstərir ki, məhz son 10 ildə Azərbaycan Silahlı Qüvvələrində kadr siyasəti yarıtmaz səviyyəyə qalxıb. Bunun nəticəsi özünü Silahlı Qüvvələrdə komandir-əsgər münasibətlərinin pozulmasında, “dedovşina” hallarının artmasında, əsgər ölümlərinin sayının çoxalmasında göstərdi.

Son məlumatlara görə, Azərbaycan Ali Hərbi Məktəblərinə qəbul balı 150-yə qədər aşağı düşüb, halbuki mülki ali müəssisələrə qəbul balı 250-də dayanır. Beləliklə, məntiqlə, o qədər də yüksək savad göztəricilərinə malik olmayan vətəndaşlar Ali Hərbi Məktəbə daxil olur və oranı birtəhər oxuyaraq zabit rütbəsinə yiyələnir. Belə zabitlərin fəaliyyəti zamanı ortaya çıxa biləcək problemləri proqnozlaşdırmaq elə də çətin deyil.

Bununla yanaşı, vaxtilə Türkiyədə NATO standartları üzrə təhsil almış bir çox zabitlər müxtəlif yollarla Azərbaycan Silahlı Qüvvələrində xidmətdən uzaqlaşdırıldılar. Müstəqil araşdırmalar göstərir ki, 2009-cu ildən sonra orduda kadr təminatında ciddi problemlər aşkar şəkildə özünü göstərməyə başlayıb. Son iki il ərzində Azərbaycan Silahlı Qüvvələrində qeyri-döyüş itkilərinin sayının xeyli dərəcədə yüksəlməsi bununla əlaqələndirənlər var. Belə bir vəziyyətdə Müdafiə Nazirliyinin Kadrlar İdarəsinə yeni rəhbərin gəlməsi olduqca zəruri idi. Bu baxımdan Vidadi Əsgərovun MN Kadrlar İdarəsinə rəis təyin edilməsinə həm də Səfər Əbiyevin rəhbərlik etdiyi orduda kadr böhranının kulminasiya nöqtəsinə çatmasının etiraf olunması kimi yanaşmaq lazımdır. Bu yanaşmada çoxlu həqiqət çalarları mövcuddur.

Ekspertlərin əksəriyyəti polkovnik Vidadi Əsgərovun Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin rəisi təyin edilməsini müsbət hesab edirlər. Bunun bir neçə aydın səbəbləri var:

- V.Əsgərov NATO standartları və Azərbaycan Silahlı Qüvvələrində islahatlar prosesi ilə bağlı aydın təsəvvürlərə malikdir və bununla bağlı xeyli məqalənin, araşdırmanın müəllifidir, vacib strateji araşdırmalardan hesab olunan SWOT-analiz üzrə dəyərli təhlillərə malikdir;
- Silahlı Qüvvələrdə real islahatlar arzulayan zabitlər korpusunun təmsilçilərindən biridir;
- NATO dairələrində kifayət qədər hörməti var;
- İndiyə qədər korrupsiyaya və çirkin proseslərə bulaşmayıb;
- Ordudaxili və siyasi qruplaşmalara daxil deyil.

Araşdırmalar onu deməyə əsas verir ki, Vidadi Əsgərov Müdafiə Nazirliyinin mövcud rəhbərliyi içərisində NATO standartları barədə peşəkar olaraq məlumatlı olan bəlkə də tək-tük hərbçilərdən biridir. Onun son 10 ildəki fəaliyyəti əsasən Azərbaycan Silahlı Qüvvələrində islahatlar prosesinin strateji əsaslarının hazırlanmasına həsr olunub. Bir çox ekspertlər əmindirlər ki, onun təyinatı Azərbaycan Silahlı Qüvvələrinin bərbad vəziyyətdə olan kadr təminatı işində və ümumilikdə islahatlar prosesində müəyyən irəliləyişlərin ortaya çıxmasına səbəb olacaq.

Beləliklə, araşdırmalar göstərir ki, V.Əsgərovu yeni vəzifəsində xeyli işlər gözləyir. Bunlar sırasına aşağıdakılar daxildir:
- hərbi qanunvericilikdə müəyyən dəyişikliklərə baxmayaraq, kadrların karyera imkanları, rotasiyalar, sosial təminat sistemi NATO standartlarına uyğun deyil;
- Kadrların hazırlıq sistemi hələ tam işlənməyib, üç aylıq təkmilləşmə kursları problemin həllinə ciddi fayda verə bilmi;
- Kadrların hazırlanması və daha sonra onların vəzifələrə yerləşdirilməsi prosesində ciddi rüşvət halları var;
- Kadrların ixtisaslar üzrə paylaşdırılma prosesində müəyyən qanunsuzluqların olduğu bildirilir.

Ekspertlərin fikrincə, V.Əsgərovun əsas işi Müdafiə Nazirliyinin ordunun zabit kadrları ilə təmin olunması ilə bağlı təcili strategiya hazırlanması olmalıdır. Silahlı Qüvvələrdə xidmət edən zabitlərin maddi təminatının (məvacib və digər ödəmələr) və sosial şəraitinin yaxşılaşdırılması istiqamətində təkliflər hazırlanmaldıır. Kadrların düzgün yerləşdirilməsi və zəruri rotasiyası planları işlənilməlidir. Hərbi xidmət zamanı zabitlərin karyera imkanlarının təmin olunması, komandirlərin və digər zabitlərin tabeliklərində olan zabitlərə qarşı ədalətsiz münasibətinə son qoyulması və bunun əsl səbəblərinin ortaya çıxarılması vacibdir.

Bütün pozitiv fikirlərə rəğmən onu da vurğulamaq gərəkdir ki, V.Əsgərovun təyinatı Silahlı Qüvvələrdə mövcud vəziyyəti tamamilə müsbət istiqamətə yönəltməyəcək. Ciddi dəyişikliyə, savadlı kadrlara və real döyüş qabiliyyətli orduya malik olmaq üçün Müdafiə Nazirliyinin mövcud rəhbərliyinin dəyişdirilməsinə ehtiyac var.