Müəllim borca görə işdən çıxarılıb?

muellim-borca-gore-isden-cixarilib
Oxunma sayı: 3387

Borcu olduğuna görə işdən uzaqlaşdırıldığını iddia edən Abşeron rayonu Masazır 2 nömrəli tam orta məktəbinin müəllimi Aqşin Həsənov redaksiyamıza müraciət edib. Müəllim şikayətində bildirib ki, sentyabrın 13-də məktəbdəki özbaşınalığa etiraz olaraq öz ərizəsi ilə və rayon təhsil şöbəsinin razılığı ilə həmin məktəbdən azad olunub:

“Bir neçə gün sonra Abşeron Rayon Təhsil şöbəsinin təklifi ilə Qobu 1 saylı tam orta məktəbdə təyin olunduğu direktor müavini vəzifəsinə göndərildim. Ancaq bir həftə sonra Təhsil şöbəsinin müdiri Nazilə Məmmədova mənə borcum olduğunu və bu səbəbdən işdən kənarlaşdırıldığımı bildirib.

“Ali təhsilli müəlliməm. 2002-ci ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsində iştirak etmişəm və Təhsil Nazirliyinin II dərəcəli diplomuna layiq görülmüşəm.  

Türkiyədə aldığım təhsilimlə əlaqədar fevral və mart aylarında işə gedə bilmədim. Bununla bağlı məktəbdən tələbə biletim və sənədlərim var. Aprel və may aylarında isə bülletendə olmuşam. İndi sentyabr ayında mənə deyirlər ki, dərslərə girmədiyim üçün direktor şikayət edib.

Oktyabrın 11-də Qobu 1 nömrəli tam orta məktəbində direktor müavini kimi fəaliyyətə başlamaq məqsədilə ora yollandım. Ancaq həftənin sonu təhsil şöbəsindən məni çağırdılar və keçmiş iş yoldaşıma borcum olduğu üçün işdən uzaqlaşdırıldığımı bildirdilər. Həmin müəllim Təhsil şöbəsinin müdiri Nazilə Məmmədovaya şikayət edib. 

Bəli, həmin adama borcum var və onunla razılığa gəlmişəm, qaytaracam, amma düşünürəm ki, bunun işimə, müəllimlik fəaliyyətimə heç bir aidiyyəti yoxdur. Lap borcum varsa da, onu qayratmaq üçün işləməliyəm, daha işdən azad olmalı deyiləm”.

Nazilə Məmmədova

“Qafqazinfo” məsələylə bağlı Abşeron Rayon Təhsil şöbəsinin müdiri Nazilə Məmmədova ilə əlaqə saxlayıb. Müdir bildirib ki, müəllimin borca görə işdən çıxarılmasından söhbət belə gedə bilməz:

“Harda görülüb ki, kimisə borcu olduğuna görə işdən çıxartsınlar. Müəllim yanvar ayından sonra dərslərdə iştirak etməyib və direktor haqqında akt tərtib edib. Hətta əmək kitabçasına qeyd olunmasın deyə müəllim özü ərizə ilə işdən çıxmaq istədi. Ölkədə kimisə borca görə işdən çıxarsalar, işləyən qalmaz ki. Əksinə borcu olan adamın işləyib pulunu ödəməsi üçün şərait yaratmaq lazımdır”.

Günel Hacı