Müəllimdən hamilə qalmaq...

muellimden-hamile-qalmaq
Oxunma sayı: 4456

Xuraman Hüseynzadə

Universitetdə müəllimlərimdən ən çox öyrəndiyim bu adın məsuliyyətini dərk etmək oldu. Orta məktəbdə əlimdən tutub ilk dəfə mənə yazmaq, oxumaq öyrədən müəllimimdən universitetdə uşaq ədəbiyyatını, psixologiyanı, pedaqogikanı öyrəndiyim müəllimlərə qədər hamısını ilahi varlıq hesab eləmişəm. Və bu sahəyə marağım, müəllimlik peşəsini seçməyim da elə həmin insanlara olan rəğbətimdən irəli gəldi.

Çoxumuz uşaq olanda elə bilirdik ki, bizə oxumaq, yazmaq öyrədən bu peşə sahibləri yemək yemir, su içmir. Səbəbini böyüdükdən sonra dərk elədik: müəllimlik müqəddəs peşədi...

Nə qədər dəhşətli səslənir bu yazının sərlövhəsi... İki gündü eşitdiyimiz, oxuduğumuz məlum xəbər hamımızı məyus eləyib. Belə müqəddəs peşəyə bu cür iyrənc işlə kölgə salmaq olarmı? Yox, əlbəttə, yox!

Şagirdlər müəllim üçün övlad qədər əziz olmalıdı. Universitetdə psixologiyadan dərs aldığım Nabat müəllimə deyirdi ki, dərs keçəndə özünüzü həmişə uşaqların yerində təsəvvür edin... Əsəblərinizi cilovlayın, mülayim rəftar edin onlarla. Müəllim, şagird üçün izahı mümkün olmayan varlıqdır.

Bizə bu peşəni bu cür öyrətdilər, bu cür sevdirdilər.

İndi nələr olur bəs? Necə yəni şagird müəllimdən hamilə qaldı? Bu, nə əxlaqsızlıqdı, nə vicdansızlıqdı?

Bu xəbəri oxuyan nə qədər şagird var... Onların psixikasına necə təsir edəcək bu hadisə? Hələ bir əxlaqsızın hərəkətindən utanan, xəcalət çəkən bu qədər müəllimi demirəm... O qız, onun valideynləri, doğmaları... O müəllim heçmi düşünmədi bunlar barədə?

Bu haqda xəbərləri saytlardan oxuduqca dəhşət bürüyür məni. Həmsöhbət olduğum müəllimlər də baş verən hadisədən məyus olduğunu bildirir.

Məktəb-elm ocağıdı. Valideynlər övladlarını məktəbə oxumaq, təhsil almaq üçün göndərir. Yüzlərlə, minlərlə əsl müəllim yetişir bu cəmiyyətdə. Şagirdlərin, tələbələrin daim ehtiramla xatırladığı, doğması qədər əziz bildiyi müəllimlərimiz var.

Mənə dərs demiş müəllimlərimin əllərindən öpürəm. Üzü nurlu, qəlbi təmiz, ürəyi yuxa, əxlaqlı, tərbiyəli, savadlı müəllimlərim! Yaxşı ki, sizlər varsız!

İki gündür haqqında danışılan həmin əxlaqsız heç vaxt sizin və sizin kimi yüzlərlə, minlərlə müəllimin adına kölgə sala bilməz...

Belələri cəmiyyət, aidiyyatı qurumlar tərəfindən layiqli cəzalarını alsalar, yəqin ki siz məyus olmayacaq, valideynlər, şagirdlər də elm ocaqlarının qapısını ürəklə açacaqlar...