Müəllimlər üçün sınaq

muellimler-ucun-sinaq
Oxunma sayı: 649

Təhsil Nazirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, müəllimlərin işə qəbulu üçün elektron ərizə qəbulu iyulun 1-dən 15-dək aparılıb.

Bu il vakant yerlərə 16 195 nəfər ərizə verib. Bu ərizələr araşdırıldıqdan sonra onların bəzilərinin ləğv edilmə ehtimalı ola bilər. İyulun 19-20-də isə artıq namizədlərin "Şəxsi səhifələri"nə imtahanların keçirilmə yeri və tarixi haqqında məlumat veriləcək. İmtahanların keçirilməsinə iyulun 23-dən başlanılacaq və avqustadək davam edəcək.

Bu il umilikdə bu il 3270 vakant müəllim yeri üzrə müsabiqə aparılacaq. Onların 293-ü Bakı şəhəri, 2977-si isə respublikanın digər rayon və şəhərləri üzrədir. Vakant müəllim yerlərinin 48-i peşə liseylərinin payına düşür. Onların 16-sı Bakıdakı, 32-si isə respublikanın digər rayon və şəhərlərindəki peşə liseylərindədir.

Nazirlikdən deyilib ki, vakant müəllim yerləri üzrə keçiriləcək müsabiqədə iştirak etmək istəyənlər iyulun 1-dən elektron ərizələrini doldura bilərlər. Ərizələrin doldurulması üçün sonuncu gün 15 iyuldur.

Qeyd edək ki, 2010-cu ildən Azərbaycanda müəllimlərin işə qəbulu üçün müsabiqə üç mərhələdə keçirilir.

Birinci mərhələdə müəllim kimi çalışmaq üçün işə qəbul olmaq istəyənlərin elektron ərizələrindəki göstəricilər qiymətləndirilir.

Daha sonra namizədlər test imtahanı verirlər.

Yekunda - üçüncü mərhələdə isə namizədlər müsahibədən keçirlər. Müsahibə Təhsil Nazirliyinin yaratdığı komissiya tərəfindən aparılır.

TN ötən il orta məktəblərdə 2000-dən çox vakant müəllim yeri üzrə müsabiqə elan etmişdi.