Müəllimlərin balı səhv hesablanır? - İmtahandan reportaj

muellimlerin-bali-sehv-hesablanir
Oxunma sayı: 8857

İyulun 17-si, günorta saat 13:00... Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu ilə bağlı keçirdiyi imtahanda bu saata 3 qalib qəhrəman var. Onların hər üçü də ibtidai sinif müəllimi olmaq uğrunda mübarizəyə qatılaraq günün qəhrəmanına çevrilə bilib. Babayeva Lalə, Məmmədova Günel, Mikayılzadə Aidə maksimum 60 ballıq nəticədən 58 bal toplayıb. Hər üçü paytaxt məktəblərindəki vakant yerlərə namizədliklərini verəcəklər. Ümumilikdə, imtahan prosesinin şəffaf və sualların onlar üçün asan olduğunu vurğulayıblar.

"Qafqazinfo"nun əməkdaşları da bu gün keçirilən imtahan həyəcanını izləyib.

Bugünkü imtahan əhəmiyyətinə görə digərlərindən fərqlənir. Belə ki, ibtidai sinif müəllimliyi ixtisası üzrə keçirilən imtahanların nəticələrindən Azərbaycanın gələcəyinin asılı olduğunu desək, yanılmarıq. Çünki müəllim adının məsuliyyətini dərk edən həmin namizədlər sabah təhsilin ilk pilləsində şagirdlərə yazıb oxumağı öyrədəcəklər. Burada yol verilən hər hansı səhv gələcək nəsillərin təhsil həyatı üçün partlamamış dinamit hesab oluna bilər.

İçəridə imtahan verənlər qədər, onları çöldə gözləyənlər də həyəcanlı idi.

Bu həyəcanın içində bəzən fürsətdən istifadə edib başqasının yerinə imtahan vermək üçün gələni də gördük. Ümumilikdə iyulun 8-dən etibarən başlayan imtahanlardan 4 bu cür qayda pozuntusu qeydə alınıb. Onlardan hətta eyni gün ərzində bir nəfər iki ayrı şəxsin yerinə imtahan vermək istəsə də, buna nail ola bilməyib.

48 minə yaxın namizədin iştirak etdiyi və artıq 9 gündür davam edən imtahan prosesindən narazı olanlar da var. Onlar narazılığını sosial şəbəkədəki qruplarda dilə gətiriblər. Əsas ittihamlar balların sonda düzgün hesablanmaması, məntiq suallarında yer verilən məntiqsizlik kimi iddialardır.

Murad Camalzadə

İmtahan prosesi zamanı bu ittihamlara elə nazirliyin Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadədən cavab aldıq.

O da sosial şəbəkələrdə yayılan bu ittihamlarla tanış olduğunu bildirib: “Əsas iddialardan biri mütəşəkkil şəkildə namizədlərin ballarının aşağı salınması ilə bağlıdır. Bildirilir ki, bunun üçün sistemə müdaxilə olunur ki, namizədlər yüksək bal yığa bilməsin. Təhsil Nazirliyinin belə bir məqsədi yoxdur. Kompüterlərin, şəbəkənin quraşdırılması və İT cəhətdən idarə edilməsini təhsil sisteminin informasiyalaşdırılması idarəsi həyata keçirib. Onların verdiyi rəyə əsasən bu cür nöqsanlar aşkar edilməyib. Belə ittihamlar imtahanların ikinci günündə başladı. Həmin gün sistem İT mütəxəssislər tərəfindən audit olundu. Belə bir nöqsanın olmadığı bir daha təsdiq edildi. Bu yeni yazılmış proqram təminatı deyil. Bu il yazılsaydı, ehtimal oluna bilərdi ki, orada hansısa kodlarda yanlışlığa yol verilib. Bu təminat 2015- ci ildən tətbiq edilir. İndiyə kimi 300 mindən artıq insan bu proqramla imtahan verib. Belə bir nöqsan olsaydı, həmin insanlar da nə vaxtsa şikayət edərdilər. Sırf balların hesablanması, cavabların qeyd edilməsi ilə bağlı da proqram təminatına heç bir dəyişiklik olmayıb. 

Eyni zamanda iddia edirlər ki, cavabı seçib sonra geri qayıdarkən cavabların yeri dəyişdirilir. Yaxud da A variantını seçirlər, sistem özü dəyişdirib onu B variantı edir. Ona görə də balları aşağı olur. Texniki baxımdan cavabların sürüşdürülməsi kimi hallar mümkün deyil. Ola bilsin ki namizədlər imtahan həyəcanı yaşayırlar və ya sosial şəbəkələrdə ittihamlar onlarda müəyyən psixoloji gərginlik yaradıb. 

Həmçinin imtahana salınan test sualları bir neçə dəfə ekspertizadan keçirilib. Daha sonra  imtahana salınmadan əvvəl də suallar yoxlanılır. İmtahan prosesi zamanı namizədlərin də hüququ var ki, hansısa sualdan yerindəcə şikayət edə bilsinlər. Bu cür şikayətləri də nəzarətçilər qeydə alırlar.  Həmin ekspertlər də o suallara baxır və onlarda da hansısa nöqsan aşkar edilmir. Ümumilikdə ötən həftə 2280 sualdan istifadə edilib.

Bu sualların 8-də nöqsan olduğu  təsdiq edilib. Bu da ümumi sualların 0,35 faizini təşkil edir.  Sualların məntiqi yoxdur, "ixtisasıma aid deyil" kimi yanaşmalar ədalətli yanaşma deyil. Bu kimi hallar namizədlərin özlərindən sonra imtahan verəcək şəxslərdə psixoloji gərginlik yaradır”.

Bildirək ki, qeyd olunan saata kimi 1400 nəfər imtahan prosesində iştirak etmişdi. Ümumilikdə isə bu günə kimi 23 min namizəd müəllim peşəsi uğrunda mübarizəyə qatılıb. Son imtahan tarixi isə iyulun 24-də baş tutacaq.

Günel Türksoy

Video: Pərvin Zeynal