Müğənnimiz qızını kəcavədə gətirdi - Fotosessiya

mugennimiz-qizini-kecavede-getirdi-fotosessiya
Oxunma sayı: 653

“Qafqazinfo”nun Milli.az-a istinadən xəbərinə görə, müğənni öncədən qeyd etdiyi kimi, məclisini sıravi ad günlərindən fərqləndirib. Qonaqları da seçmə insanlar olub. Məclisdə sənət adamları da gözə dəyirdi. Onlar İradə xanımın dəyər verdiyi, dostluq etdikləri idi.

Əvvəlcə məclisin dizaynı barədə danışaq. Stol və stullar, ətraf bütünlüklə əl işləmələri olan təbii güllərə qərq olmuşdu. Bəyaz güllər üstünlük təşkil edirdi. Ətrafda yanan şamlar və rəsm əsərləri dizayn işinin bir hissəsi idi. Göydən asılan bərq vuran süni kəpənəklər məclisin ab-havasına uyğunlaşdırılmışdı. Diqqət çəkən isə İpək üçün ayrılan xüsusi guşə idi. Bu, məclisin ən yaraşıqlı məkanı idi desək, yanılmarıq. Taxt-tac, oyuncaqlar, böyükdən-kiçiyə rəflərə düzülən gəlinciklər, müxtəlif heyvan fiqurları xüsusi dizayn şirkətinin zəhmətinin məhsulu idi.

Bütün bunları gözdən keçirən qonaqlar masadakı avropa və milli mətbəxin təamlardan yenicə dadırdılar ki, bu zaman aparıcıların təqdimatı ilə kiçik videoçarx yayımlanmağa başladı. Bu, ailə həyatı qurandan bəri İradə İbrahimova və Ceyhun İzərin həyatında baş verən ən maraqlı və həyəcanlı anların əksi idi.

Əvvəlcə toy səhnəsindən kadrlar, sonra İradənin ana olduğu gün - İpəyin doğulandan sonra lentə alınan ilk dəqiqələri, həmin gün kadrlarda yaşanan valideyn sevinci, sonra böyüyən və nəhayət, bir yaşını qeyd etməyə hazırlaşan İpəyin görüntüləri.

Çoxları bir il kameralardan, ictimai yerlərdən uzaq olan İpəyi görməyə səbirsizlənirdi. Elə bu zaman səbəbkar İpək də məclisə gətirildi. Milli geyimdə olan iki şəxsin çiyinləri üzərində içəri kəcavə daxil oldu. Onun içində İpək əyləşmişdi. Ən maraqlısı isə o idi ki, İradə qızına Azərbaycanın milli geyimini geyindirmişdi.

Sonradan öyrəndik ki, həmin geyim Bakıya gələndən sonra sifariş edilib. Libasın rəngi və üzərindəki daş-qaşlarla olan əl işləri diqqət çəkirdi. Ata və anasının əhatəsində təqdim olunan İpək məclis adamlarını bir qədər çaşqın baxışlarla izlədi və çox keçmədən əhvalı yüksəldi. Anasının qucağından ayrılmayan qız məclisin davam edən dəqiqələrində musiqinin havasına anasının müşayiəti ilə oynadı, daha sonra qonaqlar onunla şəkil çəkdirdilər. Bu arada yorulan İpək onun üçün ayrılan guşədə dincəldi. Bir qədər sonra isə dayəsi onun geyimini dəyişdirib bu dəfə bir qədər müasirləşən İpəyi məclisə gətirdi.

Bir yaşlı İpək üçün gətirilən hədiyyələr də maraqlı idi. Çoxlu gül dəstələri, bahalı zinət əşyaları, geyim dəsti, və s. Bir az əvvəl qeyd etdiyim şou əhlinə gəlincə, onlardan Gövhər Həsənzadə, Tünzalə Ağayeva, Zülfiyyə Xanbabayeva, Samira, Ruhi, Elnarə, Abbas Bağırov, Natavan Həbibi, Nura Suri, Nurlan Növrəsli, teleaparıcı Nərgiz Cəlilova və başqaları gözə dəyirdi.

Məclisi müğənni Ayaz Qasımov və Elmanın rəhbərlik etdiyi ansambl idarə edirdi. Aparıcılar isə Murad Arif və Hüsniyə Məhərrəmova idi. Onların da əhvalı əla idi, uzun müddətdən sonra aparıcı kimi yenidən birlikdə idilər.

Ayazla birgə, Tünzalə xanım, Abbas Bağırov, Nurlan Növrəsli məclisə rəng qatdılar. Məclisin irəliləyən dəqiqələrində İpəyin adına hazırlanan böyük tort gətirildi və valideyn və qonaqların əhatəsində kəsildi. Tort təbii güllərlə bəzədilmişdi.