“Mühacirlərin həyatı” Fransada təqdim olundu - Fotolar

muhacirlerin-heyati-fransada-teqdim-olundu
Oxunma sayı: 1867

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə çap olunan Timuçin Hacıbəylinin “Mühacirlərin həyatı” (La vie d`Émigrés) kitabının Parisdə Azərbaycan Səfirliyinin Mədəniyyət evində təqdimatı olub.“Qafqazinfo” xəbər verir ki, kitab burada fəaliyyət göstərən “Kəpəz” nəşriyyatında fransız dilində çap olunub və kitabda müəllifin xatirələri toplanıb.

100-dən çox insanın, əsasən də fransızların iştirak etdiyi təqdimat mərasimində Komitə sədri Fuad Muradov çıxış edərək bildirib ki, rəhbərlik etdiyi qurum daim Cümhuriyyət varislərini diqqətdə saxlayır, hansı ölkədə yaşamalarından asılı olmayaraq onlarla əlaqələrin qorunub saxlanılmasına çalışır. 

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev kitabın Azərbaycanın tarixi şəxsiyyətlərinə verilən yüksək dəyər və Azərbaycanın Fransa cəmiyyətində tanınması üçün qiymətli mənbə olduğunu bildirib.

Müəllifin ailə üzvü Paskal Hacıbəyli “Mühacirlərin həyatı” kitabının Fransada çap edilməsinin həm onun ailəsi üçün, həm də Fransadakı Azərbaycan diasporu üçün əhəmiyyətindən danışıb. O, Komitə sədrinə kitabın çapına verdiyi töhfəyə görə dərin təşəkkür edib.

Təqdimat mərasimindən sonra Timuçin Hacıbəylinin nəvəsi Benjamin Paskala həm özünün, həm də hazırda xaricdə yaşayan qardaşı Kleman Paskalın “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalları təqdim olunub. B.Hacıbəyli medala görə Azərbaycan dövlətinə təşəkkür edib.Kitabı fransız dilində nəşr edən “Kəpəz” nəşriyyatının idarə heyətinin üzvləri, Fransada yaşayan tanınmış diaspor nümayəndələri olan Dilbadi Qasımov, Nicat Kazımov, Jan Emmanuel Medina kitab barədə fikirlərini bildiriblər. Onlar “Mühacirlərin həyatı” kitabının Azərbaycan diasporu ilə Fransız cəmiyyəti arasında körpü rolu oynayacağını vurğulayıblar.

Tədbir bədii hissə ilə yekunlaşıb.