“Müharibə bitməyib, davam edir”- - Sərkisyan

muharibe-bitmeyib-davam-edir-
Oxunma sayı: 2957



“Qafqazinfo” “Media forum” saytına istinadən xəbər verir ki, 2007-ci ildən Respublika Partiyasına sədrlik edən prezident Serj Sərkisyan yenidən bu posta seçilib.

Qurultayda çıxış edən Sərkisyan Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O deyib ki, hakim dairələrin əsas vəzifələrindən biri Ermənistanın və Dağlıq Qarabağın təhlükəsizliyini təmin etməkdir: “Atəşkəs müqaviləsindən 20 il ötməsinə baxmayaraq müharibə bitməyib. Müharibə həm qalib, həm də uduzan üçün başqa bir müstəvidə davam edir”.

Ermənistan prezidenti Azərbaycanı revanş götürmək istəyi ilə konstruktiv danışıqları pozmaqda, tarixi təhrif etməklə informasiya müharibəsi aparmaqda ittiham edib. Sərkisyan Azərbaycanda militarist diktatura qurulduğunu, ölkədə kəskin antierməni təbliğatı aparıldığını qeyd edib. O, Azərbaycanın silahlanmaya get-gedə daha çox vəsait xərclədiyini vurğulayaraq deyib ki, müharibədə güllə yox, insan qalib gəlir.

Sərkisyan Azərbaycanda erməni separatizminin ən qanlı iştirakçılarındandır. 1989-93-cü illərdə Dağlıq Qarabağ silahlılarının başçısı olub. Ermənistanda müdafiə naziri (iki dəfə), Dövlət Təhlükəsizliyi İdarəsinin rəisi, daxili işlər və milli təhlükəsizlik naziri, Prezident Aparatının rəhbəri, Təhlükəsizlik Şurasının katibi, baş nazir postlarını tutub. 2008-ci ildən Ermənistanın prezidentidir.

1988-ci ildə başlayan Qarabağ müharibəsində Azərbaycanın 8 şəhər və rayonu – Xankəndi, Şuşa, Xocalı, Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı və Cəbrayıl bütünlüklə işğal olunub. Keçmiş Ağdərə rayonunun, Ağdamın, Füzulinin, Xocavəndin böyük hissəsi işğaldadır. Qazax rayonunun 7 kəndi, Naxçıvan Muxtar Respublikasının 1 kəndi zəbt olunub.