Müharibə və cəmiyyət

muharibe-ve-cemiyyet
Oxunma sayı: 1566

Nadir Qocabəyli

Müharibədən yazmaq çox çətin və məsuliyyətlidir, üstəlik bu müharibə yaşadığın ölkənin ərazisində gedirsə, məsuliyyət ikiqat artır. Ancaq ölkəndə müharibə getdiyi bir vaxtda bundan yazmamaq, eyni zamanda, yazdıqlarını hamının bəyənməsi də mümkün deyil.

Son bir neçə gündə cəbhədə baş verən hadisələr cəmiyyətimizi xeyli silkələdi. Ordumuzun keçirdiyi hərbi əməliyyatlar nəticəsində əldə olunan nailiyyətlərə sevinsək də, canlı itkilərimizə, həlak olan əsgər və zabitlərimizə hələ də təəssüflənir, kədərlənirik.

Müharibə mürəkkəb bir fenomendir. Onun haqqında çox şey yazılıb, danışılıb, bu gün də yazılır, danışılır və yəqin ki, yer üzündə müharibələrə son qoyulunca yazılacaq da, danışılacaq da.

Savaşların məqsədi əskidən torpaq zəbt etmək, o torpaqlarda yaşayan insanların sərvətinə sahib çıxmaq, özlərini qul, kölə etmək olub. Hətta din bayrağı altında aparılan və “müqəddəs müharibə” adı verilən savaşlarda əsir götürülən qadınlar qalib döyüşçülərə “halal” buyurulub.

Sonradan təsis olunan “müharibə qanunları” belə şeyləri, yəni, dinc əhaliyə hər hansı şəkildə toxunmağı, zərər vurmağı qadağan etsə də, bu qanunlara çox zaman əməl olunmayıb.

Təəssüflər olsun ki, 20-ci yüzilliyin sonunda cəlb olunduğumuz və hələ də davam edən Qarabağ müharibəsində bunun Xocalı kimi üz qarası, acı örnəyi var. Bundan başqa, əsir götürülən mülki əhaliyə – qadınlara, qocalara, uşaqlara işgəncələr verilməsi, onların ən alçaldıcı tərzdə təhqir olunmasıyla bağlı faktlar da mövcuddur.

Biz bu müharibəyə istəmədən cəlb olunmuşuq. Ermənistan ordusu Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmək hüququnu qorumaq bəhanəsi altında torpaqlarımıza soxulub, ərazimizin 20 faizini işğal edib, on minlərlə insanımızı öldürüb, bir milyona yaxın soydaşımızı yurd-yuvalarını tərk etməyə məcbur edib. Ermənistanın bütün bunları təkbaşına etmədiyi də dünyada hər kəsə bəllidir. Onlar öz havadarlarının köməyi ilə Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən 7 rayonu da işğal ediblər ki, sonradan ondan siyasi alver vasitəsi kimi yararlanıb, bizi torpaqlarımızın bir hissəsindən, konkret olaraq, vaxtilə Dağlıq Qarabağ Muxtar Vilayəti adlanan ərazidən imtinaya məcbur etsinlər. Bundan savayı, hələ onu Ermənistana birləşdirəcək dəhlizə, yəni Laçın rayonuna da iddia edirlər.

Birləşmiş Millətlər Təşkilatı Ermənistanı işğalçı dövlət kimi tanısa da, onun zəbt etdiyi Azərbaycan torpaqlarından çıxmalı olduğuyla bağlı 4 qətnamə qəbul olunsa da, ATƏT-in Minsk qrupu bu işlə mütəmadi məşğul olsa da, hətta dünyanın 3 iri dövləti – ABŞ, Rusiya və Fransa həmin qurumun həmsədrləri qismində problemin həlliylə məşğul olsalar da, heç bir nəticə yoxdur.

Bizi faktiki olaraq, Dağlıq Qarabağdan imtinaya məcbur etmək istəyirlər. Daha doğrusu, onu faktiki olaraq əlimizdən alıblar və bununla barışmağımızı istəyirlər.

Azərbaycanın bugünkü iqtisadi və hərbi gücü erməni ordusunu torpaqlarımızdan qovmağa imkan verir. Amma hamımız bilirik ki, bu münaqişə sadəcə ermənilərlə bizim aramızda deyil. Digər tərəfdən, erməni ordusu nə qədər zəif, maymaq olsa belə, müasir hərbi texnologiya, işğal olunmuş ərazilərin coğrafiyası, relyefi onu çox asanlıqla məğlub etməyə imkan vermir. İnsan, hərbi texnika, maliyyə vəsaiti itkisi qaçılmazdır. Ancaq bu heç də bizim döyüşməli olmamağımız anlamına gəlməz. Bu danılmaz həqiqəti hamıdan yaxşı dərk edən ölkə rəhbərliyi də, hərbi əməliyyatların aparılmasını haqlı olaraq son ana saxlayır. Hətta şəbədə qoşmaq mərəzindən əziyyət çəkənlərin “lazım gəlsə” lağlağısına dözmək zorunda qalsa belə. Bu mənada son günlər cəbhə bölgəsində aparılan döyüş əməliyyatlarını sosial sifariş də hesab etmək olar.

Elə bunun özü də göstərir ki, biz itirilmiş torpaqlarımızdan heç vaxt imtina etməyəcəyik. Hamının dövlət davası döydüyü, bir qarış torpaqdan vaz keçmədiyi bir dünyada, bütün dünya tökülsə də, bizi buna məcbur edə bilməz. Torpaqlarımızı geri almaq uğrunda daim çalışmalıyıq. Dövlətimizi də, iqtisadiyyatımızı da, ordumuzu da, cəmiyyətimizi də gücləndirməliyik.

Ancaq mənə elə gəlir ki, bütün bunların əsasında ilk növbədə güclü cəmiyyət dayanır. Bəli, güclü cəmiyyət, toplum olmadan nə güclü ordu, nə güclü iqtisadiyyat, nə də güclü dövlət ola bilməz. Güclü cəmiyyətin təməli isə onun nə dərəcədə ədalətli olmasıyla sıx bağlıdır. Burada Kamal Atatürkün “ƏDALƏT MÜLKÜN TƏMƏLİDİR!” məşhur deyimi yerinə düşür.

Ədalətli və güclü cəmiyyət isə, həm də ağıllı, qabiliyyətli, istedadlı, lap elə döyüşkən cəmiyyətdir!

Bəs ədalətli və güclü cəmiyyəti kim qurmalıdır? Əlbəttə, onun fərdləri. Ədalətli cəmiyyətin gücü heç də bütün fərdlərin eyni cür düşünməsində deyil. Fikrimin əvvəlində də qeyd etdiyim kimi, söhbət, əlbəttə ki, torpaqların Ermənistana verilib-verilməməsindən, yaxud düşmənlə döyüşüb-döyüşməməkdən gedə bilməz. Bunu heç bir xalq, heç bir cəmiyyət və dövlət müzakirə etmir. Müzakirə ancaq ərazilərimizə hansı yolla sahib çıxmağımızın mümkünlüyü, necə döyüşmək, necə itki verməmək ətrafında ola bilər. Hətta bu istiqamətlərdə mövcud olan fikir ayrılıqları da sonucda həmrəyliyə gətirib çıxarmalıdır. Məsələn, kimsə deyəndə ki, “niyə filankəslərin oğlu da vuruşmur?”, onun ağzını bağlamaq yox, döyüş qabiliyyəti olan hər kəsin Vətənin müdafiəsinə cəlb olunmasını təmin etmək lazımdır. Həm də cəmiyyət bunu kimdənsə ummamalı, özü bu işdə fəal və ədalətli mövqe tutmalıdır.