Murtuza Nağıyevin 110 illiyinə həsr olunmuş tədbir keçirilib

murtuza-nagiyevin-110-illiyine-hesr-olunmus-tedbir-kecirilib
Oxunma sayı: 1631

Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) dünya şöhrətli alim, akademik Murtuza Nağıyevin 110 illiyinə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Akademik Murtuza Nağıyevin 110 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən keçirilən tədbir çərçivəsində ADNSU-da görkəmli kimyaçı alimin adını daşıyan auditoriyanın açılış mərasimi olub.

Açılış mərasimində çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı akademik Murtuza Nağıyevin Azərbaycan elminin şöhrətini dünya miqyasında yüksəkliklərə qaldıran Azİİ məzunları arasında xüsusi yeri olduğunu vurğulayıb. Akademik M.Nağıyevin xatirəsinin ADNSU-da hər zaman yüksək tutulduğunu deyən rektor M.Babanlı görkəmli alimin Azİİ-də təhsil almaqla yanaşı, ötən əsrin 40-cı illərində müəyyən müddət bu ali məktəbin divarları arasında dosent vəzifəsində çalışdığını da qeyd edib

Daha sonra ADNSU-nun akademik Murtuza Nağıyev adına təqaüd alan magistrantı Elnur Cəbrayılzadə və 3-cü kurs tələbəsi Aydın Səmədov çıxış edərək belə bir təqaüdə layiq görüldükləri üçün qürur hissi keçirdiklərini və bunun məsuliyyətini dərk edərək əzmkarlıqla çalışdıqlarını bildiriblər.

Qeyd edək ki, akademik Murtuza Nağıyev adına auditoriya ADNSU-nun Neft-kimya Texnologiyası və Sənaye Ekologiyası kafedrasının balansına verilərək tələbələrin sərəncamına təqdim olunub.