“Musa Yaqubdan deyil, Buynuz meşələrindəki ayılardan qorxuram…”

musa-yaqubdan-deyil-buynuz-meselerindeki-ayilardan-qorxuram
Oxunma sayı: 2028

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar son günlər tanınmış şair Musa Yaqubun səhhətinə biganə yanaşması ilə bağlı haqqında yayılan məlumatlara geniş məqalə ilə cavab verib.

“Qafqazinfo” bakupost saytına istinadən məqalədən bəzi hissələri oxuculara təqdim edir.

Xalq yazıçısının sözlərinə görə, yəqin ki, Nizami Gəncəvidən Nizami Cəfərova qədər heç bir Azərbaycan yazıçısı onun qədər hücumlara hədəf olmayıb: “Özü də altmış il ərzində, iki müxtəlif siyasi quruluşda…

İllər boyu mətbuat səhifələrində məruz qaldığım bu sayaq “güldəstələri”, təhqir, hədyan, föhş, böhtan və yalanları qovluqlara yığıb saxlamışam. Mənzilimdə kiçik iş otağımın bir divarını tutan kitab dolabı bu qovluqlarla doludur. İnşallah onları toparlayıb “Şəkər – Zəhər arasında” adlı min səhifəlik kitab nəşr edəcəm. Kitabın adı vaxtilə yazdığım bir şeirdən gəlir.

Hər şey bir səhər saat 9-da başladı...

Adətən gec yatıram, işləyirəm, oxuyuram, TV-yə baxıram. O gecə də gec yatmışdım. Səhər doqquzda məni cib telefonum oyatdı, hansı saytdansa soruşurdular: Musa Yaqubun vəziyyətiylə bağlı Yazıçılar Birliyi nә tәdbirlər görmәk fikrindәdir? Yuxulu-yuxulu cavab verdim ki, Musa Yaquba nə olub ki, yubileyini keçirdik, indi istədiyi nədir?

Xoş niyyətləri olsaydı, bu sözlərimi belə başa düşərdilər ki, şairin daha hansı xahişi, arzusu var? Bəd niyyətləri olduğu üçün qəsdən belə yozdular ki, guya mən “yubileyini keçirmişik, daha bizdən nə istəyir?” kimi kobud münasibət bildirmişəm.

Yaxın dost olmasaq belə, ikimiz də eyni nəslə mənsub qələm adamları kimi Musayla həmişə xoş və mehriban münasibətlərimiz olub, onu şair kimi yetərincə qiymətləndirmişəm, haqqında yazı yazmışam, onu ən yüksək adlara təqdim etmişəm. Xəstəliyi haqqında eşitmişdim, amma onu da eşitmişdim ki, keçib gedib, indi gün gündən yaxşılaşır. Xəstəliyiylə bağlı mənə nə yazılı, nə şifahi şəkildə müraciət edib.

Öz dedikləriylə ürəkləri soyumadı xəstə Musa Yaqubun da adından (məhz adından, özüdən  yox) bəyanat  aldılar ki, guya şair belə deyib: Qorxdular. Anar bütün tədbirlərimdə  iştirak edibdirsə bu işdə, yox. Qorxub. Dövlət də kömək etmədi. Bütün xərcləri özüm çəkmişəm.

İnanmadım ki, bu sözləri  Musa deyib, çünki o da yaxşı bilir ona münasibətimi, bir də  mən nədən qorxmalıyam axı? Qorxsaydım, Musa Yaqubu yüksək ada təqdim etməzdim. Mən Buynuz meşələrində ayılardan, bir də şərə düşməkdən  başqa heç nədən qorxmuram”.
 
Xalq yazıçısı eyni zamanda millət vəkili Fazil Mustafanın parlamentin sonuncu plenar iclasında prezidentin mədəniyyət xadimləri ilə görüşündə bəzilərinin heykəl, küçə istəməsi ilə bağlı çıxışına da məqaləsində toxunub. O, qeyd edib ki, hörmət bəslədiyi deputatlardan biri də Milli Məclisdə qaldırılmalı məsələlərin məhz Prezidentin ziyalılarla  görüşündə səsləndirilməsini lazım bilir və qəribə bir şey deyir: “Deyir ki, o iclasda kimsə atasının heykəlinin qoyulmasını təklif edib. Mənim iştirak etdiyim görüşdə Cəlil Məmmədquluzadənin və H.Z.Tağıyevin heykəllərinin qoyulması təklif olundu və məncə, o iclasda nə Tağıyevin, nə Mirzə Cəlilin  oğulları iştirak etmirdi…”.