Müsavat yürüş keçirəcək

musavat-yurus-kecirecek
Oxunma sayı: 2004

Müsavat Partiyası oktyabrın 21-də etiraz yürüşü keçirəcək.
 
Partiyadan “Qafqazinfo”ya daxil olan məlumata görə, artıq Bakı şəhər İcra Hakimiyyətinə aksiya ilə əlaqədar rəsmi müraciət göndərilib.
 
Müraciətdə qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna görə, vətəndaşların qanunla xüsusi qadağan olunmuş ərazilər istisna olmaqla hər yerdə sərbəst toplaşmaq hüququ var.

Müsavat Partiyası qeyd edilənləri nəzərə alaraq 21 oktyabr 2017-ci il tarixdə saat 15:00-dan 17:00-dək aşağıdakı marşrutlardan birində kütləvi tədbirin keçiriləcəyini bildirib:

1) Bakı şəhəri, Binəqədi rayonunun ərazisindəki metronun “Azadlıq prospekti” stansiyasının çıxışından başlayaraq, Süleyman Sani Axundov küçəsindən keçməklə, metronun “Dərnəgül” stansiyasının qarşısındakı meydana qədər hərəkət etməklə və meydanda yürüşün qətnaməsinin oxunması;
 
2) Bakı şəhəri, Yasamal rayonunun ərazisindəki 20 saylı məktəbin yaxınlığındakı meydandan (keçmiş Əzizbəyov heykəlinin qarşısındakı meydan) başlayaraq, Hüseyn Cavid prospektindən keçməklə, Hüseyn Cavidin heykəli yerləşən bağdakı meydana qədər hərəkət etməklə və meydanda Qətnamənin oxunması.