Mütəllibov və Elçibəy

mutellibov-ve-elcibey
Oxunma sayı: 3050

Nadir Qocabəyli

Eks-prezident Ayaz Mütəllibovun xələfi Əbülfəz Elçibəy haqqında söylədiyi fikirlərin gündəmi zəbt etdiyini görəndə, münasibət bildirmək istəsəm də vaz keçdim. Təxminən 22-25 il qabaq qısa müddət hakimiyyətdə olmuş bu iki şəxs haqqında yaddaşımda çox şey qalmadığından, doğrusu, qərarımı qətiləşdirə bilmədim.

Ancaq mövzu səngimək bilmir. Özünü Elçibəy aşiqi, türk sevdalısı, demokratiya mücahidi, Qərb cihadçısı sayanlar yaşı səksənə yaxınlaşan ahıl adamdan əl çəkmir, onu hər cür xoşagəlməz ifadələrlə təhqir edir, ünvanına yaraşmayan fikirlər səsləndirir, cürbəcür epitetlər qoşurlar. Sözün açığı, mən bu tipli məqalə və statusları ürək ağrısı, həm də ürəyim bulanaraq oxuyur, çoxusunun heç üçcə cümləsindən o yana keçə bilmirəm.

Ayaz müəllimin sözügedən müsahibəsini mən də oxudum və bəri başdan deyim ki, xoşuma gəlmədi. Fikrimcə, vaxtilə prezident olmuş şəxs daha ciddi və ağrılı məsələlərə toxunmalı, xalqımızın və dövlətimizin uğurla inkişaf etməsi, problemlərdən qurtulması üçün yollar göstərməliydi. Bundan başqa, hakimiyyətdə olduğu vaxt hansı səhvlərin olduğu, nələr etmək lazım gəldiyi, nələri və niyə edə bilmədiyi haqda da etiraflarda buluna bilərdi. Amma müsahibədə, təəssüflər olsun ki, belə şeylər yoxdur. Əvəzində hakimiyyətə xoş gəlməyə cəhdlər var. İstər-istəməz düşünürsən: ahıl yaşda olan bir adamın buna nə ehtiyacı var? Evin var, yaxşı pensiya alırsan, müalicəyə, dava-dərmana, digər şeylərə ehtiyacını ödəmək durumundasan. Axı sizin nəyiniz çatmır, cənab Mütəllibov?!

Müsahibənin ümumi məzmunundan da görünür ki, şəxsi mənafeyindən kənara çıxa bilməyən bu adam vaxtilə də yerində olmayıb. Elə başımıza gələn müsibətlərin çoxluğu da Mütəllibov və onun kimilərinin yüksək vəzifələrə gələ bilməsi, hətta birinci şəxs olmasıdır. Təəssüflər olsun ki, bu tendensiya bu gün də davam etməkdədir.
Keçirəm Əbüfəz Elçibəy haqqında söylədiyi fikirlərə. Əlbəttə, vaxtilə prezident olmuş bir şəxs başqa bir həmkarı haqqında bu səviyyədə fikirlər səsləndirməməlidir. Əgər cənab Mütəllibov millətçiliyə və millətçilərə simpatiya duymursa, daha yumşaq və evfemistik ifadələrdən istifadə edə bilər, bu qədər hücumla da qarşılaşmazdı. Digər tərəfdən, Kəlbəcərlə bağlı səsləndirdiyi fikir də dedi-qodu xarakterlidir. Onun Elçibəyə istinadən söylədiyi “Kəlbəcəri ona görə verdik ki, Ermənistanda demokratiya inkişaf etsin” cümləsi vaxtilə Əbdürrəhman Vəzirova, elə Mütəllibovun özünə qoşulan şəbədələri xatırladır. O şəbədələri kimlərin qoşduğu ölkədə hər kəsə bəllidir, ancaq gərək Mütəllibov onların səviyyəsinə enməyə, qisasçılıq yolu tutmayaydı. Axı o, prezident olub.

Mütəllibovun Kəlbəcərin ermənilərə təslim edilməsiylə bağlı Elçibəyə istinadən səsləndirdiyi fikirdə təhrif var. Elçibəy belə bir fikir səsləndirməyib, amma buna yaxınını deyib. Yəni təxminən belə: “Müharibədi də, müharibədə torpaq itkisi də olar, insan itkisi də, bu gün vermişik, sabah alarıq…” Çox mürəkkəb siyasi məsələləri həddindən artıq sadələşdirməyə meyilli Elçibəy, bəlkə də, düz deyirdi, ancaq dövlət başçısının bu ritorikası insanlarda istər-istəməz gülüş doğurur, onu lağlağı hədəfinə çevirir, təhriflər, lağlağılar da bundan yaranırdı. Eynilə Vəzirovun “qoz ağacı” söhbəti kimi. Mənim yaxşı yadımdadır ki, o, İsgəndər Həmidovun ölçüsüz hərəkətlərinə bəraət qazandırmaq üçün deyirdi: “Daxili işlər naziri elə bir az dəlisov olmalıdır, biz də yeri gələndə onu durdurmalıyıq…” Cəbhədəki itkilərlə bağlı isə deyirdi: “Vətən torpağı vaxtaşırı onun igid oğullarının qanıyla suvarılmalıdır, yoxsa ondan vətən olmaz…” Elçibəyin bu fikirlərini korrektə və şərh etmək istəməzdim, amma atalarımız “sözün yalanı olmaz, yanlışı olar” deyiblər. Dövlət başçısının necə danışmalı olduğunu isə, zənnimcə, geniş izah etməyə gərək yoxdur.

Eks-prezidentlər olaraq nə Mütəllibovun, nə Elçibəyin fəaliyyətinə siyasi qiymət vermək istəmirəm. Bu, çox geniş və araşdırma tələb edən mövzudur. Zənnimcə, yuxarıda hər ikisi haqda yazdığım bir neçə cümlə onların necə prezident, necə siyasətçi olmaları haqda müəyyən təsəvvür yaradır. Dediklərimə sadəcə onu əlavə etmək istərdim ki, vaxtilə tutduqları o vəzifə onların heç birisinin boyuna və ölçüsünə görə deyildi və o məqama özləri yüksəlməmişdilər…

Məncə, bu adamlara görə, bu dərəcədə haray-həşir qoparmağa da dəyməz…