Müxalifət mülkiyyət hüquqlarını müzakirə etdi

muxalifet-mulkiyyet-huquqlarini-muzakire-etdi
Oxunma sayı: 629

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə “Qış parkı”nın salındığı ərazidə evləri sökülən vətəndaşların problemlərinə toxunulub. Tədbiri giriş sözü ilə açan AXCP sədri Əli Kərimli insanların mülkiyyətlərinin zorla əllərindən alındığını, hətta həbsxanalarda olanlara məcburi sənədlər imzalatdırılaraq mülkiyyətlərinin ələ keçirildiyini deyib. Son vaxtlar bu tendensiyanın geniş yayıldığını deyən AXCP sədri qeyd edib ki, insanları mülkiyyətlərinin əvəzi olunmadan əllərindən alınır, uçurdulur, onlara “ağızlarına gələn kimi” pul və keyfiyyətsiz mənzillər təklif edilir: “Mülkiyyət hüquqlarının qorunması bizim iqtisadiyyatımız üçün, həm də sadə insanların həyat şəraitinin pozulmasının qarşısını almaq üçün faydalıdır”.

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus xarici ölkələrə səfəri zamanı da bu problemi qaldırdığını bildirib: “Avtoritar rejimlərdə pis də olsa olur, lakin klan rejimində heç bir qanun olmur”.

Siyasi məhbus məsələsinə də toxunan hüquq müdafiəçisi bu məsələnin hələdə qaldığını və sayın getdikcə artdığını vurğulayıb.

Tədbirdə təqdim edilən video çarxda isə 2010-cu ildə Füzuli küçəsində yaşayan sakinlərin polis müdaxiləsi ilə evlərinin uçurulması nümayiş etdirilib. Leyla Yunus həmin evlərin uçurulmaması üçün sakinlərin 2009-cu ilin martında müraciət etdiklərini, lakin Nəsimi rayon məhkəməsinin onlara noyabr ayına qədər cavab verilmədiyi diqqətə çatdırıb.

Sonda çıxış edən Əli Kərimli bildirib ki, belə tədbirlərin kütləvi hal alması vacibdir, çünki bunun sayəsində həm ölkəmiz, həm də dünya bu faktlardan xəbərdar ola bilər.

Fatimə Kərimli