Müxalifətdən bəyanat gəldi

muxalifetden-beyanat-geldi
Oxunma sayı: 645

Birinci məsələyə dair mövqeyini açıqlayan İctimai Palata bəyan edir ki, Azərbaycan hakimiyyətinin izlədiyi siyasət artıq Şərqi Avropa coğrafiyasına daxil olmuş dövlətimizin imicinə ciddi zərbə vurur və Azərbaycan xalqının maraqlarını tapdalayır: "Hazırkı iqtidar özünü Avropa İttifaqına intqerasiyanın tələb etdiyi yüksək standartlara uyğunlaşdıra bilmirsə hakimiyyətdən əl çəkmək barədə düşünməli, dövlətin və millətin mənafeyini özünün cılız maraqlarına qurban verməyə səy göstərməməlidir".

İctimai Palata hakimiyyəti Şərq Tərəfdaşlığı proqramının sabotajına son qoymağa, fəal Avrointeqrasiya siyasətinə başlamağa səsləyir: "İctimai Palata bəyan edir ki, Avropa İttifaqına sıx inteqrasiya, gələcəkdə bu İttifaqın layiqli üzvlərindən biri olmaq, mütərəqqi Avropa ailəsinə qoşulmaq Azərbaycan xalqının qəti iradəsidir. Bu iradəyə qarşı çıxmaq heç bir yaxşı perspektiv vəd edə bilməz. Xalq öz iradəsini mütləq həyata keçirəcək".

Oktyabrın 25-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə VI Respublika Gənclər Forumunun keçirilməsinə münasibət bildirən İctima Palata qeyd edir ki, ümumazərbaycan gəncliyi adından keçirilən tədbirin iştirakçıları yalnız Əliyev hakimiyyətini dəstəkləyən, büdcə təşkilatlarında çalışan gənclər olub və demokratik düşərgədə təmsil olunan gənclər foruma dəvət almayıb: "Son üç il ali məktəbə sənəd verənlərin 50-60 faizinin 200 bal toplaya bilməməsi, gənclərin işsiz durumda olması, ordudakı özbaşınalıq üzündən bu il ərzində səksənə yaxın əsgərin ölümü, xaricdə təhsil almağa qoyulan məhdudiyyətlər və gənclərin həyatındakı başqa sosial-iqtisadi problemlər hakimiyyətin gəncliyin inkişafında maraqlı olmadığını göstərir".

İctimai Palata bu Forumun məqsədinin gənclərin azad və rahat yaşaması yox, kiçik bir azlığın inzibati resurslarla birləşdirilməsi yolu ilə hakimiyyətin gənclərə qayğısı görüntüsünü yaratdığını bəyan edərək, belə forumların ölkədə fəaliyyət göstərən siyasi partiyaların və müstəqil gənclər təşkilatlarının üzvlərinin birgə iştirakı ilə keçirməli olduğunu zəruri hesab edir.

“Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallının həbs olunması ilə bağlı yaydığı bəyanatda İctimai Palata absurd iddia əsasında baş redaktorun həbsini əsssasız hesab edir və bunu son dövrdə hakimiyyətdəki vəzifəli şəxslərə qarşı qəzetdə dərc olunan tənqidi və ifşaedici materialların, o cümlədən Əvəz Zeynallının yazıb dərc etdirdiyi materiallarla bağlı olduğuna əmin olduğunu bildirir: "Belə ki, son dövrdə Prezident Administrasiyasının başçısı Ramiz Mehdiyevin və bir sıra məmurların qəzetə qarşı məhkəmə iddiaları əsasında qəzetin əmlakı müsadirə edilmiş və Ədliyyə Nazirliyi Əvəz Zeynallıya qarşı cinayət işi qaldırmışdı. Bütün bu məsələlər, həmçinin Gülər Əhmədovanın iddia ərizəsinin eyni vaxtda, 19-20 oktyabrda baş verməsi diqqəti cəlb edir. Məhz bu ərəfədə dövlət başçısı İlham Əliyev əleyhinə kəskin tənqidi yazılar qəzetdə dərc olıunmuşdu".
İctimai Palata Əvəz Zeynallının həbsini söz və mətbuat azadlığına qarşı kobud repressiya aktı kimi pisləyir və onun dərhal azad olunmasını tələb edir.