“Nabukko” TANAP layihəsinə qarşı deyil”

nabukko-tanap-layihesine-qarsi-deyil
Oxunma sayı: 642

“Qafqazinfo”nun AzərTAc-a istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə Neft Geoloqları Birliyi ilə Geofizik Mühəndisləri Qurumu tərəfindən birgə təşkil edilən 11-ci Türkiyə Beynəlxalq neft və qaz konfransında çıxış edən “Nabucco Gas Pipeline İnternational” konsorsiumunun icraçı direktoru Reynhard Mitçek bildirib.

O, Türkiyə və Avropada “Nabukko” layihəsinin mühəndis işlərinin 80 faizinin tamamlandığını deyərək, bu işlərin yayda yekunlaşacağını və artıq layihənin ekoloji təsirinin qiymətləndirilməsinə başlanıldığını diqqətə çatdırıb.
İcraçı direktor bildirib ki, Türkiyənin və Avropanın sürətlə artan təbii qaz ehtiyacları nəzərə alındığı zaman “Nabukko” layihəsinin ən önəmli təbii qaz layihələrindən biri olduğunu görürük. Bununla yanaşı, “Nabukko” TANAP layihəsinə qarşı deyildir. “Nabukko” konsorsiumunun “Şahdəniz” konsorsiumu ilə sıx əlaqələri vardır və bu layihə daha geniş coğrafiyadan qaz almaq imkanına malikdir. Azərbaycan, İraq və Türkmənistanda böyük həcmdə təbii qaz ehtiyatları var. Eyni zamanda, Qara və Ağ dənizlərdə yeni kəşfiyyat işləri aparılır. “Nabukko” konsorsiumu gələcəkdə bunları da diqqətə alaraq fəaliyyətini davam etdirəcək.

R.Mitçek, həmçinin diqqətə çatdırıb ki, “Nabukko” layihəsi yeni şirkətlərə, səhmdarlara və işbirliyinə açıqdır. Qarşıdakı dövrdə marketinq prosesi açıqlanacaq. Bundan sonra isə ilk qaz nəqli anlaşmaları imzalanacaq və tikinti işlərinə başlanılacaq.