Nadir niyə dönüb Niko oldu?

nadir-niye-donub-niko-oldu
Oxunma sayı: 2463

Raminə Eyvazqızı

İki il əvvəl yaxınım ona gələn toy dəvətnaməsinin ləğv edildiyini deyəndə xeyli təəccüblənmişdim. Adətən xeyir işin qəfil təxirə salınmasına səbəb, hansısa yaxın adamın itkisi olur. Allah belə bəd xəbərdən qorusun, baxmayaraq ki, şərlə xeyirin qohum olduğunu deyirlər. 

Söhbətini etdiyim həmin dəvətnamənin ləğvi tək təxirə salınan məsələ yox, ciddi şəkildə toy hazırlığının iki tərəfdən dayandırılması idi. Deməli, gəlin bəzənmək üçün bəyindən xəbərsiz kişi stilistini seçib, son anda bunun üstü açılıb. Qısqanclıqdanmı, ya qızın yalan danışmağımı bəyi özündən çıxarıb, nəticədə toy olmayıb. Həm gülməlidir, həm də ağlamalı. Axı toyda oturacağın bir neçə saata, guya daha gözəl görünməyə görə, bəylə- gələcək həyat yoldaşınla problem yaratmağa dəyərmi? "Məni filan stilist bəzəmişdi" cümləsinə görə həyatını çətinləşdirən, zəhərə  çevirən o qədər qız, qadınlarımız var ki? Başqalarına görə özünə əl qatan, kişidən çox, qadınların düşüncələrinə məhəl qoymaq ən ağılsız addımlardandır. Bu həm də cahillikdir.

Bu gün makyaj (ingiliscədə, bizimkilərin dili ilə desək "make -up"), vizaj dünyada ən maraqlı, qaçılmaz, vacib və pulgətirən sənətdir. Bir vaxtlar sifətinə necə gəldi kosmetikanı yaxanlar, bu gün vizaj ustalarının, dekorativ kosmetikanın köməyi ilə üz cizgilərini istədikləri kimi böyüdə, kiçildə, qabarda bilirlər. Bu bəzənmək yox, qrim etdirməkdir əslində. Çoxumuz sosial şəbəkədə son illər məşhurların belə makyajsız hallarını görəndə üzülürük, vizajistlərin şedevr yaratdığı simaları görəndə isə müqayisələr adamda çaşqınlıq yaradır. 

Misal üçün, böyük sənətkarımız Flora Kərimovanın doğru makyajı cümləmizi necə şoka salmışdısa, günlərlə bu müzakirə obyektinə çevrilmişdi. Baxmayaraq ki, Flora xanım bir neçə saatdan sonra yenə də, köhnə (elə bil gözlərinə uşaq karandaş çəkib) görkəminə qayıtdı. Məncə, son vaxtlar bizdə makyaj möcüzələri kifayət qədər həddini də aşıb, çünki bu qədər dəyişilmələrə sadə adamların cəlb edilməsi çox yalnışdır. Xanımlarımızın bir neçə saatlığa dəyişməsi (ailəsi bəzən tanımır) maraqlıdır, amma üzünü yuyandan sonrakı təbii halı bəzən olan-qalan gözəlliyini də gözdən salır.

Kişi stilistlərimizinsə sayı günbəgün artmaqdadır. Bizdə makyaj edənə də stilist deyirlər, baxmayaraq ki, bu statusun içində geyim mədəniyyəti üstünlük təşkil edir. İndi peşəkarı, qeyri-peşəkarı fərqi yoxdur, yaxşı reklam olunur. Əvvəldə də qeyd etdiyim kimi, qadın, qızlar üz-gözünü həmin kişi vizajistlərə həvalə etməyə üstünlük verirlər. Onların şan- şöhrəti ictimai xadimdən də böyükdür. Nadiri Niko, İntiqamı İntuş, Elmanı Elko, Mehdini Mika kimi çağıra-çağıra hamısını ediblər milyonçu. Zarafat deyil, zənən arasında hörmət qazanmışlara bayramlarda müştəri tərəfindən gələn gül-çiçək dəstələri, kompazisiyaları, şirniyyat heç təzə gəlinə də gəlmir. Bir-ikisi var, özünü hətta qadın cinsinin  şıltaqlıqları ilə aparır. Adam onların naz, cilvələrinə baxanda özünü təzədən tərbiyə etmək istəyir. 

Başqasının pulunu saymaq kimi çıxmasın, aya az qala 100 müəllim maaşını qazanırlar. Bir dəfəyə sifətdəki "rəssamlıq" 50 manatdan, saç yığımı 50-200 manatdan söhbət açır. Bu qiymətə saç baş yığanların gəlin namizədə xidmət paketi 400 manatdan başlayır. Və bu qədər pul verib saatlarını o kişi stilistlərin yanında itirirlər. O boyda Hollivud aktrisaları saçını, üzünü sadə, yüngül bəzəyəndə, təbiiliyə qaçanda az qalıram deyim, "heç utanmırsız, bu nə görkəmdir, oxşamadınız bizimkilərə". Hələ bir hissəsi deyilənə görə, özü saçını yığıb, makyajını edir. Simic ulduzlar...