Namizədlərdən seçkilərin ikinci turunun təxirə salınması tələbi

namizedlerden-seckilerin-ikinci-turunun-texire-salinmasi-telebi-
Oxunma sayı: 644

“Azerimuslims.com” Rusiya mətbuatına istinadən bildirir ki, Misir prezidenti postuna namizədlərdən birinci mərhələdə qələbə qazanmış “Müsəlman Qardaşlar” hərəkatının üzvü Məhəmməd Mürsi, eləcə də məğlub olmuş namizədlər Əbdülmünim Əbülfütuh və Həmdan Səbbahi arasında seçkilərin ikinci mərhələsinin keçirilməsinin təxirə salınmasına dair razılaşma əldə olunub.

Xəbərlərdə sözügedən namizədlərin ölkədə mövcud siyasi vəziyyəti təhlil etdikdən sonra belə bir qərar qəbul etdikləri bildirilib. Belə ki, namizədlər devrilmiş rejimin qalıqlarının hələ də ölkədə vəziyyətə nəzarət etdiklərini, icraedici, qanunverici və məhkəmə hakimiyyətini əllərində saxladıqları qənaətinə gəliblər. Habelə onlar Hüsni Mübarəkin məhkəmə prosesinin nəticələrinin də bu qənaəti əsaslandırdığını düşündüklərini bildiriblər.

Namizədlər sabiq prezident barəsində yenidən məhkəmə işinin başlanmasının vacib olduğunu qeyd edərək, bununla yanaşı, Mübarək dövrünün sonuncu Baş naziri haqda siyasi izolyasiya barədə qanunun qəbulunu tələb ediblər.

Mürsi və digər namizədlər sözügedən qanunun qəbulunadək prezident seçkilərinin ikinci mərhələsinin keçirilməsinin təxirə salınmasının vacibliyini də vurğulayıblar. Həmçinin, namizədlər inqilabın tam məqsədinə çatması üçün Prezidentlik Şurasının yaradılmasını təklif ediblər.

Mürsi, Əbülfütuh və Səbbahi öz tərəfdarlarını növbəti “Milyonların marşı” aksiyasını keçirməyə çağırıblar.