Namusdan yük düzəldib qadının belinə bağlayanlar...

namusdan-yuk-duzeldib-qadinin-beline-baglayanlar
Oxunma sayı: 5224

Sahilə İbrahimova

8 mart qadınlar bayramıdı. Çoxu nəyin bayram edildiyini bilmir amma. Əsas məqsədi xatırladana qədər beynəlxalq qadınlar gününün daşıdığı dəyəri anlatmaq məcburiyyətindəyik. 8 mart  Beynəlxalq İşçi Qadınlar Günüdür. Bu gün biz qadının hansı mübarizə yolunu geridə qoyduğunu xatırlamalı, gələcəkdə nə kimi işlərin görülməli olduğunu müəyyənləşdirməliyik. 

Yaza-yaza BBC-dən Əlif Şəfəqin feministlərə həsr etdiyi verilişini dinləyirəm. Əlif bir amerikalı qadınla dialoqunu paylaşır: “Amerikalı xanım Türkiyədə yaşayan bir qadın kimi feminist olmağınızı anlayıram dedi. Mən də dedim ki, sizin Amerikalı bir qadın kimi feminist olmadığınızı anlamıram”. Bununla Əlif Şəfəq qadının bütün dünyada çətinliklərlə üz-üzə qaldığını ifadə edir. Bu sözləri oxuyan əksər kişilərin narazı üz və söz ifadələrini təxmin edirəm. Çoxdandı onlarla mübahisə etmirəm. Qadınlar cığallıqdan etiraz edirlər düşünürlərsə, belə də davam etsinlər. Əvəzində qadınlarla və qadınla əməkdaşlığın dəyərini anlayan adamlarla danışmağa üstünlük verirəm. 

Bu yaxında bir tədbirdə “qadın erkən nikaha yük kimi görüldüyü üçün sövq edilir” dedim. Namusdan nəhəng yük düzəldib qadının belinə bağlamış toplumlar nəticədə həm kişini, həm qadını rahat yaşamağa, nəfəs almağa qoymur. Kişilər yüklənmiş qadını daşımağı öz üzərilərinə götürürlər deyə tezliklə yorulur, ondan qurtulmağa çalışırlar. Yükü başqa kişiyə ötürürlər. Fikirlərim bir qadını razı salmadı. Azərbaycan qadınının yük olmadığını, əksinə xanımlarımızın nə zəhmətlər çəkdiyini, yorulmadıqlarını, fədakar olduqlarını dedi. Psixoloq qadının xoş niyyətini, aid olduğu cinsin qürurunu qorumağa çalışdığını anlayıram. Lakin bu mövzuda diqqətli olmaq lazımdı deyə düşünürəm. Fədakarlıq və əzabkeşlik tərif kimi təqdim olunmamalıdı cəmiyyətə.

Qadın nə özünü, nə də maraqlarını kişiyə fəda edib, bununla qürur duymamalıdı. Lütfən, bu məntiqi qadınların və kişilərin təhtəlşüuruna dürtməyin. Mən hər il konfranslarda, komitələrin təşkilatçılığı ilə baş tutan toplantılarda Azərbaycan qadını zərifdir, zəif deyil məntiqli riyakar cümlələri eşitməkdən bezmişəm, açığı.

Bəli, Azərbaycan qadını fədakardı, lazım olduğundan artıq yük götürür və bunun qarşısını almaq lazımdır. Etiraf edirəm ki, bizdə peşəkar müstəvidə əksər Qərb ölkələri ilə müqayisədə ayrıseçkilik daha azdı. Məsələn, məhz qadın olduğuna görə az məvacib verilməsi, hamilə qaldığına görə layihələrdən uzaqlaşdırılma və s. Bununla belə, Azərbaycanda ciddi işlərə öz gücü ilə gəlib çıxan qadın azdı deyə düşünürəm. Həyat yoldaşları, sevgililəri, ataları, qardaşları – kişilər hesabına müəyyən yerlərə gəlib çıxan qadınlar arasında sahib olduqlarına layiqini az tanıyıram, düzü. 

Azərbaycan Bakıdan ibarət deyil və faiz olaraq Azərbaycan qadınların mətbəxtdə və məişətdə istismar olunduğu, taqətdən düşənə qədər işlədildiyi ölkələr sırasındadır. Yüzminlərlə, milyonlarla qadının istedadı üzə çıxmır, onlar özlərini ifadə edə bilmirlər. Qadın mövzusunda bu günlərdə isifadəyə verilən ölkənin ilk feminist saytında silsilə yazılarımla görünəcəm. O saytda görüşənə qədər burda da bəzi köhnə və yeni fikirlərimi bölüşmək istədim. 

Mən feministəm. Mən kişilərin yaratdığı dünyanın içində olduğum üçün feminizmi dəstəkləmək məcburiyyətindəyəm. Dünya qadınların və kişilərin əməkdaşlıq edə bildiyi, ortaq dəyərlər yaratdığı məkan olsaydı, mən başqa xətti dəstəkləyərdim. Qadın kişi ilə müqayisədə yüzlərlə dəfə daha çox cinsi istismara, zorakı münasibətə, fiziki və əqli məhdudiyyətə məruz qalmasaydı, feministləri haqlı saymazdım. Ötən ay Kanadanın baş naziri Trüdo ona sual verən qızın sualını kəsib, ifadə etdiyi mankind (bəşəriyyət, insanlıq) sözünü – humankind sözü ilə əvəzlədi. Sözün kökündəki man (kişi sözü) human-a (insan)a dəyişdirildi. Dünyanı qadınların və kişilərin ortaq məkanına çevirmək üçün dilimizi, düşüncəmizi dəyişməliyik. 

Bu yaxında Amerikada yüzlərlə idmançı qıza – yeniyetməyə qarşı elə iş yerindəcə əxlaqsız hərəkətlər edən bir həkimin məhkəməsi başa çatdı. Qızlar göz yaşları içində izahat verir, öz utanclarını, qorxularını dilə gətirirdilər. Onlar ailələrinin, cəmiyyətlərinin, hüquqçularının dəstəyi sayəsində zədələrini sağaltmağa cəsarət tapmışdılar. Bu il dünyada qadının güclənməsi, gücləndirilməsi yolunda böyük işlər görüldü. Ötən bir-iki ildə əksər böyük şirkətlər 2020-ci ilə qədər sosial məsuliyyət hədəflərinə qadının gücləndirilməsi siyasətini salmışdı. Məsələn, İkeya qadının iştirakını azaldan ağıllı mətbəx konsepsiyasını gücləndirir, Dolçe & Qabana son dəfiləsində çantalarını model qadınlarla deyil, dronlarla təqdim edir və s.

Ümumiyyətlə, modanın qadının rahatlığı və fəallığı üçün qatqısını çox bəyənirəm. Məhz son aylarda dünyanın nəhəng şou təmsilçiləri, incəsənət adamları qadının müdafiəsinə qalxdılar. Bafta, Qremmi, Qızıl Qlobus mərasimlərinin iştirakçıları qadın zorakılığına qarşı etirazları ifadə edən libaslar geydilər, bu mövzuda dəyərli çıxışlarla yadda qaldılar. Bu gedişat bizim ölkədə demək olar heç işıqlandırılmasa da, istəyirəm bilək. Bu gün qadın olaraq işləmək (evdən kənarda), iqtisadi özgürlüyə, qərarvermə hüququna yiyələnmək və əngəllərlə qarşılaşmamaq dünyanın heç bir yerində mümkün deyil. Lakin əngəlləri aşmaq mümkündür. Mən bütün qadınlara arzularına və güclərinə güvənmək cəsarəti arzulayıram. Bu yolda dadınlara dəstək olan hər kəsə təşəkkür edirəm. 

İş insanı dəyərli etməlidi, gedişat zövq verməlidi. Həyatınız və işiniz gözəlliyinizi və özgüvəninizi almaqdan başqa bir şeyə yaramırsa, doğru bildiklərinizi bir də sorğulayın. 

Dəyərli həmcinslərim, həmişə işdə-gücdə.