“Napoli” Ramil Şeydayevi istəyir ? - Futbolçudan açıqlama

napoli-ramil-seydayevi-isteyir-
Oxunma sayı: 2754

“Qarabağ”ın futbolçusu Ramil Şeydayev səfərdə "Səbail"ə 2:0 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının IV turundan təxirə salınmış oyundan sonra müsahibə verib. “Qafqazinfo” xəbər verir ki, milli komandamızın da üzvü olan 21 yaşlı hücumçu öncə matçı dəyərləndirdik. 

- Yaxşı oyun keçirdik. 90 dəqiqədə oyunu nəzarətdə saxladıq, meydanda dominantlıq etdik. Fikrimcə, layiqli 3 xal qazandıq. 

- Düşünmürsən ki, "Qarabağ" ikinci hissədə rəqib futbolçularının yorulmasından sonra qollar vurmağa başladı?
- Bu, onların problemidi. Bizlik nə var ki?! Oyun iki hissədən ibarətdi. Ona görə də bir yox, iki hissəlik mübarizə lazımdı. 

- "Qarabağ" qələbəni nəyin sayəsində qazandı?
- Oyun intizamı, sürətli hücumlar, topa çox nəzarət sayəsində. Düzdü, səhvlərimiz də vardı. Amma bunları özümüz düzəltdik, hücuma atıldıq və qollar vurduq. 

- Özün də qol vura bilərdin, ancaq yenə alınmadı. Bu, nə ilə bağlı idi?
- Nə deyim, alınmır. Bir az da şanssızlıq olur, bəxt çatışmır. İnanıram ki, qol da vuracağam və hər şey normal olacaq. 

- Amma Almaniya ilə səfər oyunundan sonra hamı Ramil Şeydayevdə hər şeyin yaxşı olacağını düşünürdü...
- Bunun üçün oynamaq, oynamaq və yenə də oynamaq lazımdı. Hələlik istədiyim alınmır. 

- Yenə heç nə alınmasa, daha bir il "Qarabağ"da qalmaq istərdin?
- Bunu deyə bilmərəm. Hələlik icarə müqaviləm cari mövsümün sonunadəkdi. Sonrasına isə baxarıq.

- Baş məşqçi Qurban Qurbanovla bu barədə danışmısınız?
- Fikrimcə, hələ tezdi. Qarşıda yarım il var. Mövsümün sonunda mütləq bu barədə danışacağıq. 

- Qol vura bilmədikdən sonra aqressiv olursan, yoxsa bizə elə görünür?
- Əlbəttə, bir hücumçu olaraq qol vurmaq istəyirəm. Buna nail olmaq mənim işimdi. Qol vurmalı, komandama faydalı olmalıyam. Nə isə alınmayanda özümə də təsir edir.  

-  "Trabzonspor"a qayıdış perspektivin var?
-  İndi bunu demək çətindi. Hazırda bu qədər uzağa baxmıram Çünki hazırda bütün fikrim "Qarabağ"dadır. Yalnız qol vurmaq istəyimi gerçəkləşdirmək haqda düşünürəm. Hələ 1 il də burada ola bilərəm. Necə olacağını indi demək çətindi. "Trabzonspor"la isə müqaviləm var. Qayıtmağımı istəsələr, Türkiyəyə dönməli olacağam.

- Bunu etsələr, Burak Yılmaz, Uqo Rodalyeqa kimi hücumçularla rəqabətə duruş gətirə biləcəksən?
- Qayıtmağımı istəmələri onlara lazım olmağım, bunu bacaracağım anlamına gəlir.  

- Mətbuatda yazılanlara əsasən, "Vest Hem"lə  "Napoli" səni istəyir. Bu, doğrudurmu?
- Bilmirəm. Hələ heç nə bəlli deyil. 

- Artıq Azərbaycan dilini öyrənməyə başlamısan?
- Əlbəttə, azərbaycanca öyrənməyə, danışmağa çalışıram. Əlbəttə, elə də yaxşı bacarmıram. Amma bir çox şeyi bilirəm.