“Nar Mobile” dilerlərlə illik toplantısını keçirdi

nar-mobile-dilerlerle-illik-toplantisini-kecirdi
Oxunma sayı: 949


23 oktyabr 2014-cü il tarixdə Bakı Biznes Mərkəzində “Nar Mobile” rəhbərliyi və mobil operatorun dilerlərinin iştirakı ilə ənənəvi illik toplantı keçirildi. Görüş zamanı 2014-cü ilin ilk on ayı ərzində əldə edilmiş nailiyyətlər müzakirə olundu, gələcək perspektivlər haqqında geniş fikir mübadiləsi aparıldı və yeni hədəflər müəyyən edildi. Qeyd edildi ki, bu müddət ərzində diler müqavilələrində müəyyən müsbət dəyişikliklər edilmiş, bonusların təqdim edilməsi prosesi və bu barədə dilerlərə mütəmadi məlumat ötürülməsi mexanizmi tənzimlənmiş, ödənişsiz Sim-kart dəyişmə layihəsi həyata keçirilmişdir. Bundan başqa, bu dövrdə dilerlərin fəaliyyəti haqqında məlumat bazasını özündə əks etdirən “Dealer Web Interface” layihəsi başa çatdırılmış, hər bir dilerin şəxsi elektron “kabineti” yaradılmışdır. Eyni zamanda, “779” diler qaynar xəttinin iş planı təkmilləşdirilərək problemlərin həlli müddəti qısaldılmışdır. Bu il ərzində “1+1”, “Nar smartfonu”, “Galaxy S5” və “Nokia Lumia” kimi bir sıra yeni kampaniyaların keçirildiyi xüsusilə vurğulandı.

Tədbiri giriş sözü ilə açan “Azerfon” şirkətinin satış üzrə direktoru Leyla Nəsrullayeva mobil operatorun dilerlərinin fəaliyyətindən məmnun qaldığını bildirərək, yüksək nəticələrin əldə edilməsində onların xüsusi əməyi olduğunu vurğuladı. Xanım Nəsrullayeva 2013-2014-cü illərin uğurlu satış nəticələrinə görə hər bir dilerə öz dərin minnətdarlığını bildirərək, bu tərəfdaşlığın daha sıx və davamlı olacağına, daha yüksək nəticələrin əldə ediləcəyinə inandığını görüş iştirakçılarının diqqətinə çatdırdı.

Mobil operatorun 2015-ci ilə dair planları barədə söhbət gedərkən, eksklüziv diler dükanlarının yenilənməsinin və diler servis dükanlarında bir sıra dəyişikliklərin aparılmasının nəzərdə tutulduğu qeyd edildi. Sonda 2014-cü ildə ən yüksək nəticə göstərmiş dilerlərə mobil operator tərəfindən xüsusi mükafatlar təqdim edildi.

Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan “Nar Mobile”, 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində “Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim etmiş və abunəçilərin rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır. “Nar Mobile” Bakı 2015 Avropa oyunlarının rəsmi mobil rabitə təminatçısıdır.