Nar Mobile Ramazan bayramı ərəfəsində sosial layihələr həyata keçirir

nar-mobile-ramazan-bayrami-erefesinde-sosial-layiheler-heyata-kecirir-
Oxunma sayı: 632

Nar Mobile mobil operatoru hər il olduğu kimi bu il də, Müqəddəs Ramazan bayramı ərəfəsində növbəti xeyriyyə aksiyasına imza atıb. Şirkət bayram ərəfəsində bir sıra uşaq evlərində olmaqla yanaşı, valideyn qayğısından kənarda qalan uşaqlar üçün iftar süfrəsini təşkil edib və onlara hədiyyələr təqdim edib.

Xeyriyyə aksiyasında iştirak edən, Nar Mobile-ın Biznesin İnkişafı və Kommunikasiyalar üzrə İcraçı Direktoru xanım Leyla Nəsrullayeva qarşıdan gələn mübarək Ramazan bayramı münasibəti ilə balaca dostlarımızı təbrik edib. “On bir ayın sultanı hesab olunan Ramazan ayı mərhəmətin, ata-ana və ailə birliyinin, həmrəyliyin və xeyir-bərəkətin qovuşduğu mübarək aylardan biridir. Nar Mobile öz növbəsində müqəddəs bayram ərəfəsində, Korporativ Sosial Məsuliyyət strategiyasını hədəf götürərək və ona əsaslanan siyasətə uyğun olaraq, valideyn himayəsindən məhrum olmuş gənclərin və uşaqların inkişafına yönələn bir sıra layihələrə imza atıb.

İlk öncə onu qeyd etmək istəyirəm ki, hər birimiz valideyinik, və hər birimizin borcudur ki, valideyn himayəsindən məhrum olmuş gənclərə və uşaqlara yaxın olaraq onlara dəstək olaq”.– deyə xanım Nəsrullayeva bildirib.

Qeyd edək ki, Nar Mobile mobil operatoru mütəmadi olaraq bu tipli xeyriyyə aksiyalarını həyata keçirir və ölkəmizdə Korporativ Sosial Məsuliyyət ənənəsinin inkişafına öz tövhəsini verir.