NARdan şikayətim var...

nardan-sikayetim-var
Oxunma sayı: 4114

Nadir Qocabəyli

Qələm olsun əli ol katibi-bəd təhririn

ki, fəsadi-rəqəmi sözümüzü şur eləyir.

Gah bir hərf süqutilə qılır Nadiri Nar,

Gah bir nöqtə süqutilə Gözü Kor eləyir...

Böyük Füzuli bu misraları ərəb əlifbasının əskikliklərinə və məsuliyyətsiz katiblərə həsr edib. Əski əlifbadan azmaz anlayışı olanlar buradakı hikməti dərhal anlayacaqlar, amma bilməyənlər gərək zəhmət çəkib o əlifbanın xüsusiyyətlərini öyrənsinlər, əks təqdirdə başa düşmək şansları sıfra bərabərdir.

Necə ki, bu gün bizim, yəni çağdaş azərbaycanlıların mobil rabitə operatorlarının, yumşaq desək, əski əlifbanın incəliklərindən daha mürəkkəb olan oyunlarından baş açmaq ehtimalımız çox aşağıdır. Bununçün gərək işimizi-gücümüzü buraxıb, onların bizim pullarımızı xırda-xırda necə mənimsəmələrinin anatomiyasını araşdıraq və nəyəsə nail olmaqdan ötrü gərək bu fırıldaqlara ən azı onların özləri qədər vaqif olaq. Yoxsa bizə daim “nadiri nar”, “gözü də kor” kimi oxutduracaqlar, çünki niyyətləri budur və müştərilərinə qəsdən doğru-dürüst məlumatlar vermir, hər vəchlə onları dolaşdırıb-aldatmağa çalışır, çox zaman da buna nail olurlar.

Bu günlərdə xəstəxanada yatarkən telefonda evlə çox danışdığımı görən qonşumun məsləhəti ilə “Nar Mobile”ın LİMİTSİZ tarifinə keçdim. Bu tarifə keçməklə bağlı Nardan da telefonuma tez-tez mesajlar gəlirdi, ancaq telefonla çox danışmadığımdan, ümumiyyətlə telefona və belə şeylərə meyilli olmadığımdan əhəmiyyət vermirdim. Mənim düşüncəmə görə, bizə hər gün dəfələrlə gələn cürbəcür mesajların yalnız bir məqsədi var: bizi şirnikdirib, əlimizdəki qəpik-quruşu çəkmək və bizim hesabımıza varlanmaq. Hələ məşhur fansız yazıçısı Stendal vaxtilə “Qırmızı və Qara” romanında təxminən belə yazmışdı: “Lotoreyada ancaq axmaqlar bəxtlərinin gətirəcəyinə inana bilərlər...” Şəxsən mən lotoreya almağı o romanı oxuduqdan sonra birdəfəlik tərgitdim...

Nə isə, mətləbdən yayınmayaq. Çarpayı qonşum dedi ki, “Limitsiz” tarifinə keçsəm, gündə cəmi 33 qəpiyə şəbəkə daxili istədiyim qədər danışa biləcəyəm. Nardan gələn mesajlarda da eynilə bu cür yazılırdı. Əlbəttə, telefondan çox istifadə edən adam üçün bu tarif cəlbedici və sərfəlidir. Ancaq mən bir neçə günə xəstəxananı tərk edəcəyimdən, telefondan heç gündə bir dəfə də istifadə etməyəcəkdim. İxtisasca dil və ədəbiyyat müəllimi olub, hazırda avtobus sürücüsü işləyən çarpayı yoldaşım dedi ki, heç bir problem yoxdur; nə vaxt istəməsən, “Stop” yazıb 777-yə göndərirsən, bununla da məsələ bitir. İnandım! Yox, daha doğrusu, inanmadım, amma elə inanmaya-inanmaya sınamağa qərar verdim.

Füzuli demişkən, əli qələm olmuş (qurumuş) kimi “Limitsiz” sözünü yazıb, 777-yə göndərdim. Heç iki saniyə keçməmiş telefonuma “Limitsiz” tarifinə keçməyim və balansımda 75 qəpiyimin qalması məzmununda bir mesaj daxil oldu. Niyə? Axı mesajı göndərməməşdən qabaq balansımda 2 manatdan artıq pulum vardı? Qonşum dedi ki, yəqin xidmət haqqı çıxıblar. Soruşdum ki, bəs bunu mənə niyə demədin? Ədəbiyyatçı avtobus sürücüsü, deyəsən, heç bu sualın mənasını anlamadı, çünki cavabı yalnız məzlum-məzlum üzümə baxmaqdan ibarət oldu. Adamın Nar Mobile şirkəti kimi qətiyyən məni aldatmaq niyyəti olmamışdı. Sadəcə

azərbaycanlıların əksəriyyəti kimi, o da bütün informasiyaların zahirini qavrayır, ona inanır və arxasında nə olduğu haqda düşünmək istəmir.

Balansımda qalan 75 qəpiyə iki gün istədiyim qədər danışa biləcəyimi yadıma salıb, bir az təsəlli tapdım və bir neçə gün 33 qəpiyə gen-bol danışdım. Gen-bol deyəndə ki, telefonda boşboğazlıq etməklə aram yoxdur, yaşım da o yaş deyil, telefonu 3-5 dəqiqədən artıq qulağımda saxlayanda, həm qulağım ağrıyır, həm də əsəbiləşirəm.

Xəstəxanadan çıxdım. Artıq evdəyəm və bu tarifə ehtiyacım olmadığından, “Stop” yazıb 777-yə göndərdim. Qəbul olunmadı. Bir də göndərdim, bir də qəbul olunmadı. 777-yə zəng vurdum. Avtocavablayıcı, yalan olmasın bir 15 dəqiqə danışıb, mənə telefonun bütün düymələrini basmağı tövsiyə etsə də, dəstəyi bir adam balası qaldırmadı.

Yadıma düşdü ki, Factbook”da “Nar”ın səhifəsinə abunəyəm. Yazdım. Şükür cavab verdilər ki, “bunun üçün digər hər hansı bir tarif planına keçid etməlisiniz və bütün tariflərə keçid ödənişlidir. Bütün tariflər haqqında məlumatları aşağıda təqdim etdiyimiz link vasitəsi ilə əldə edə bilərsiniz: https://goo.gl/aT7rgQ. Eləcə də səhifədə "Tarif məsləhətçisi" köməyi ilə danışıqlarınıza uyğun olaraq Sizə tarif planı məsləhət olunacaq.”

Deyilən linki açıb baxdım. Burada müxtəlif xidmətlər, kampaniyalar və s. haqqında olduqca xəsis, yuvarlaq məlumatlar olsa da, nə xidmət ödənişləri, nə də onların məbləğiylə bağlı heç nə yox idi. Yazdım ki, mən heç bir tarifə-filana keçmək istəmirəm, sadəcə “Limitsiz”i ləğv edib, əvvəl istifadə etdiyim adi rejimə qayıtmaq istəyirəm. Əgər bunu etməsəniz, xidmətinizdən imtina edəcək və nömrəni çıxarıb tullayacağam.

Bundan sonra nömrəmi soruşdular və cavab verdilər ki, “Nömrəniz öncə Unikal tarif planında olub. Tarifə keçid üçün *777#232#YES şifrəsini daxil edin. Keçid 1.95 azn təşkil edir.”

Onlara bunu soyğunçuluq hesab etdiyimi və xidmətlərindən imtina edəcəyimi yazdım.

Və öz-özlüyümdə Füzuli babamızdan yuxarıda sitat gətirdiyim bəndin ilk misrasını onlara ərməğan etdim...