Nardaran ağsaqqalı həbs olundu

nardaran-agsaqqali-hebs-olundu
Oxunma sayı: 1517


Polis Hacı Əlini Nardaranda yerləşən Hacı Baxış məscidindən aparıb, daha sonra Sabunçu Məhkəməsi tərəfindən ona 9 sutka həbs cəzası verilib. Polisdən bildiriblər ki, həbsin səbəbi avqustun 2-də “Qüds günü” ilə bağlı Nardaranda keçirilən aksiyada Hacı Əlinin çıxışı, eləcə də aksiyada ABŞ və İsrailin dövlət bayraqlarının yandırılması olub. 

Xatırladaq ki, Hacı Əli bundan əvvəl 2010-cu ildə həbs olunub və ötən il azadlığa buraxılıb. Hakimiyyətə qarşı sərt tənqidi çıxışları ilə tanınan Hacı Əli Nardaranda keçirilən aksiyaların təşkilatçısı və aksiyaların aparıcısı olub. Bu mənada onun “Qüds günü” aksiyasında etdiyi çıxışa və bayraq yandırılmasına görə, həbs olunması inandırıcı görünmədi. 

Nardarandakı mənbələrimiz bu gün bizə Hacı Əlinin həbsinin arxasında başqa məqamların olduğunu bildirdilər. Belə ki qəsəbə ağsaqqalının son dövrlərdə yerli hökumət orqanları ilə ciddi münaqişələri yaranıb, eyni zamanda onun bir sıra hərəkətlərə etiraz etməsi narahatlığa səbəb olub. Bu barədə məlumat verən şəxs bildirir ki, Hacı Əli Nardaran ərazisində yerləşən və yerli sakinlərin narazılığına səbəb olan oteldə yerləşən diskotekadan gələn səslərdən narahatlığı bir neçə dəfə dilə gətirib. Yerli sakinlər deyir ki, yay girəndən Araz Ağalarova məxsus “See Breas” vilalar kompleksində səhərə qədər səs gücləndirici ilə yayılan musiqi sədaları Nardaranda ev qalmır ki, gedib çatmasın. 

“Qüds günü” aksiyasında isə Hacı Əli “See Breas” oteli rəhbərliyini hədələyib. Mənbəmiz deyir ki, Hacı Əlinin həbsinə səbəb olan daha bir amil aksiyalar təşkil etməsi və hakimiyyət əleyhinə sərt çıxışları olub.

Musavat. com