Nardaran sabahdan aksiyalara başlayacaq

nardaran-sabahdan-aksiyalara-baslayacaq
Oxunma sayı: 633

Artıq sabahdan kəndə aksiyaların keçiriləcəyi də gözlənilir. Bu barədə “Yeni Müsavat”a Nardaran Ağsaqqallar Şurasının sədri Kərbəlayi Natiq Kərimov məlumat verib.

Onun dediyinə görə, həcc ziyarətindən qayıtmış kənd sakini Hacı Elçini ötən ayın 20-də evindən aparıblar: “Hacı Elçin uzun illərdi sahibkarlıqla məşğuldur. Xarici ölkələrdən qiymətli gül şitilləri gətirir. İslama bağlı adamdır. Gənc yaşlarından oruc tutub, namaz qılır. Xeyriyyə işləri ilə məşğul olur. Hər ay kənddə neçə-neçə kasıba əl tutur. O həbs olunanda da kömək etdiyi kasıb ailələrə baxmağı qardaşlarına tapşırıb. Hacı Elçinin hansı səbəbdən həbs olunması məlum deyil. İlk əvvəl onun bizneslə məşğul olduğu üçün saxlandığı güman olunurdu. Bu səbəbdən ağsaqqallar Hacı Elçinin ailəsinin xahişi ilə heç yerə məlumat verməyib. Ümid edirdik ki, bu, anlaşılmazlıqdır, qısa zamanda çözülər. Amma bizim ümidimizin əksinə olaraq, Hacı Elçin barədə şər və böhtanla cinayət işi açıldı və üzərinə külli miqdarda narkotik qoyularaq, həbs edildi. Guya axtarış zamanı onun üzərində 53 qram heroin tapılıb. Hazırda o, təcridxanadadır”.
Hacı Dilavər isə, Natiq Kərimovun sözlərinə görə, iki gün öncə həbs olunub: “Hacı Dilavər zəhməti ilə dolanan adam olub. Onu Maştağada həbs ediblər. Guya üzərindən 47 qram heroin çıxıb. Hazırda hüquq-mühafizə orqanlarının bu işləri kənddə narazılıq doğurub. İndi kənd barıt çəlləyinə dönüb. Hazırda o da Kürdəxanıdakı təcridxanada saxlanılır. Bundan öncə Bakı Şəhəri Qaz İdarəsinin rəhbərliyinin xahişi ilə Nardaranda qaz verilməsinə və pul yığılmasına köməklik edən Kərbəlayi İmran adlı kənd sakinini həbs etmişdilər. Daha doğrusu, onu da oğurlamışdılar. Kərbəlayi İmran Qarabağ müharibəsi veteranıdır. Cəbhəyə könüllü gedənlərdəndir, vətən uğrunda gedən döyüşlərdə ağır yaralanıb”.
Müsahibimiz baş verənlərin kənddə qəzəb doğurduğunu söylədi: “İstintaq orqanları daha bir neçə kənd sakini barədə axtarış elan edib. Görünür, yaxın zamanlarda həmin insanlar da həbs olunacaq. Saxlanılanları hamı tanıyır. Onlar mömin, imanlı insanlardır. Kəndin bütün xeyriyyə işlərində canla-başla iştirak edənlərdirlər. Bunlardan başqa, daha bir neçə adam izlənilir. Sakinlərin bu cür həbsi və qeyri-qanuni şərlənməsi yaxşı nəticələrə gətirib çıxarmayacaq”.
N.Kərimov baş verənlərin təsadüf olmadığını da diqqətə çatdırdı: “Bəlkə Nardaran sakinlərinin İslama, Əhli-beytə (ə) bağlılığı birilərində qıcıq yaradır? Bəlkə Nardaranda Aşura mərasimlərinin izdihamlı keçməsi, Azərbaycanın hər yerindən buraya zəvvarların gəlməsi müəyyən qisim məmurların narahatlıqlarına səbəb olur? Məhərrəm-səfər əyyamında Nardaranda yerləşən ”Həkimə xanım (s.ə.)" hərəminə yüz minlərlə zəvvar gəlir. Bəlkə bu amil kimlərisə narahat edir? Bu suallara birmənalı cavab vermək çətindir".
Sonda Kərbəlayi Natiq üzləşdikləri vəziyyətlə bağlı yuxarı orqanlara, deputatlara və KİV-ə müraciət edəcəklərini də bildirdi.