Nardaranda narahat günlər...

nardaranda-narahat-gunler
Oxunma sayı: 3353

Nadir Qocabəyli

Nardaran kəndinin imici bu ölkədə hər kəsə bəllidir. Deyilənə görə, bu kənddə məmə yeyəndən pəpə deyənəcən hamı dindardır. İslam dininin şiə məzhəbinin gərəkdirdiyi bütün ibadət və ayinlər bu kənddə hamı tərəfindən sözsüz yerinə yetirilir. Məhərrəm ayı, Aşura günü bu kənddə Azərbaycanın istənilən dindar bölgəsindəkindən daha təmtəraqlı və səs-küylü keçirilir. Çox pakizə!

Biz müsəlman ölkəsiyik. Əhalimizin əksəriyyəti müsəlmandır, şiəsi də var, sünnisi də. Hətta son zamanlar vəhhabisi, nurçusu və digərləri də ortaya çıxıb. Buna da sözümüz yox, çünki biz tolerant ölkəyik, hər kəsin etiqadına və inancına sayğımız var. Hər kəs öz inancına uyğun formada Tanrıya dua və ibadət edə bilər. Yetər ki, başqaları üçün narahatlıq yaratmasın.

Eşitdiyimə görə, bu kəndin mağazalarında spirtli içki də satılmır. Ola bilər. Əgər içki içən yoxdursa, kimə satılacaq? Yaxud mağaza sahibini istəmədiyi bir şeyi satmağa məcbur etməyəcəksən ki. Digər tərəfdən, içki içmək hər kəsin bacarmadığı bir davranış olduğundan, nardaranlıların bu zərərli vərdişdən könüllü imtina etməsi təqdirəlayiqdir. Amma bir şərtlə ki, könüllü olsun, heç kəsə təzyiq edilməsin. Yaxud bir zərərli vərdişin ondan daha zərərli vərdişlə əvəz olunmasına gətirib çıxarmasın.

Bir neçə il qabaq Fatmayı kəndinə gedərkən yolu azdım və necə oldusa Nardarandan keçəsi oldum. Maşını saxlayıb bir qardaşdan yolu soruşanda gözüm ətrafda ərəb əlifbasıyla yazılmış lövhələrə sataşdı. Qardaşdan harada olduğumu soruşanda, “Nərdarandasan” dedi. Barmağımı dişləyib, bir daha ətrafa boylandım. Adam az idi. Qadın heç yox idi. Eşitmişdim ki, burada qadınlara başıaçıq gəzməyə icazə verilmir. Amma mən heç başı örtülüsünü də görmədim. Maşına qayıdıb həyat yoldaşıma Nardaranda olduğumuzu deyəndə, qorxdu, dedi ki, tez ol sür gedək. Açığı, mən də bir az narahat oldum və tez ərazidən uzaqlaşdıq.

Nardaranda altı nəfər soydaşımızın tələf olmasıyla bağlı silahlı insident haqqında oxuyanda təəssüflənsəm də, doğrusu, təəccüblənmədim. Rəsmi məlumatda yazılanlar tamamilə məntiqli və ağlabatandır. Buna baxmayaraq, alternativ mənbələrə də göz atdım və qənaətimi tam qətiləşdirdim.

Öz həyat tərzi, düşüncəsi, ictimai-siyasi təfəkkürü, dünyagörüşü baxımından bütün ölkəyə müxalif olan, daha çox cənubdakı qonşu dövləti yamsılayan, özünü, bəlkə də, onun anklavı kimi hiss edən, onun rəhbərlərinə tapınan, onun ayətullahlarının əli öpülən bir kənddə bu cür hadisənin baş verməsi gözlənilən idi.
Və bəla burasındadır ki, nardaranlıların dəyişib bizim kimi olması bütün ölkənin umrunda olmasa da, nardaranlılar hamımızın dəyişib onlar kimi olmasını istəyirlər.

Nə baş verib? Adını “Müsəlman birliyi” qoyan bir təşkilatın qeyri-qanuni, təxribat xarakterli yığıncağından xəbər tutan hüquq-mühafizə orqanları keçirdikləri əməliyyat zamanı silahlı müqavimətlə qarşılaşıblar və dövləti təmsil edən, dövlət adından çıxış edən iki polisi öldürülüb. Çox ciddi və son dərəcə təhlükəli bir hadisədir. Çünki dövlətə qarşı silah çəkənlər bir qayda olaraq onu rədd edən mütəşəkkil radikal cinayətkar qruplaşmalar, insan, silah, narkotika alveriylə məşğul olan beynəlxalq narkomafiyalar və terrorçu qruplar olur. Ölkəmizdə dinin siyasətdən ayrı olduğu, dini yönümlü siyasi fəaliyyətə icazə verilmədiyi halda, qanunları pozaraq siyasətlə məşğul olan bir qurumun üstəlik silaha sarılması və silahlı müqavimət göstərməsi faktı var ortada. Normal siyasi və ya ictimai fəaliyyətlə məşğul olan qurumlar, insanlar adətən dinc mübarizə yolu seçir, sözlə, təbliğatla vuruşur. Əgər silah varsa, artıq nə siyasət var, nə ictimai fəaliyyət. Ancaq zorakılıq, təxribat və terror var. Söhbət dindən gedəndə isə, insanları mənəvi təmizliyə, ruhi sağlamlığa, ağıla, səbrə, təmkinə, təmizliyə, dürüstlüyə dəvət edən ən yumşaq üsullar işə salınmalıdır.
Bu gün bəziləri iddia edir ki, guya namaz qılan adamlara silahlı basqın olub. Tutaq ki, polis namaz qılan dinc möminlərə basqın edib, bəs möminlərdə silah nə gəzirdi? Məgər namazqılan silah gəzdirir? Heç mömin də namazdan sui-istifadə edər? Yaxud Nardaran camaatının Taleh Bağırzadə və onun dəstəsiylə əlbir olmadığını söyləyənlər var. O zaman küçələri daş-kəsəklə, dəmir-dümürlə doldurmaq, barrikadalar qurmaq nə anlama gəlir?

Ancaq Nardaran tək deyil, daha doğrusu, hələlik təkdir, ancaq onu yamsılamaq, onun yoluyla getmək istəyən başqaları da var. Hazırda xarici ölkələrin yardımı və təhrikiylə digər qəsəbə və kəndlərimizi, rayonlarımızı, məhllələrimizi Nardaranın yoluna sürükləməyə çalışanlar, gizli və aşkar şəkildə iş çevirənlər xeyli fəaldırlar. Məscidlərdə, yas yerlərində fars ləhcəsiylə moizə edən mollalar öz çıxışlarında mənəvi məsələlərdən çox, siyasi bəyanatlara üstünlük verirlər. Molla rejimi qurmaq istiqamətində xımır-xımır irəliləyirlər.

Ölkədə qadınların baş örtüyü məsələsindən siyasi simvol kimi istifadə olunmağa cəhd göstərilir. Bakının mərkəzi küçələrindəki metro stansiyalarının çıxışlarında, supermarketlərdə günün günorta çağı yüksək səslə dini moizələr səsləndirilir. Bu moizələrin mən hətta şəhərimizin küçələriylə hərəkət edən bahalı maşınların maqnitofonlarından son dərəsə yüksək səslə yayıldığını da eşitmişəm.

Nardarandakı silahlı insidentin Rusiya ilə Türkiyə arasında yaşanan gərginliklə eyni vaxta düşməsi də təsadüfi sayılmamalıdır. Görünür, bölgədəki qarışıqlıqdan və yaranmış “əlverişli fürsətdən” istifadə edib, Azərbaycanda da sabitliyi pozmaq istəyənlər var. Ancaq xalqımız və dövlətimiz buna yol verməməli, ayıq-sayıq olmalıdır.