Nardaranlıların Kərbəlada həlak olması xəbəri yayıldı

nardaranlilarin-kerbelada-helak-olmasi-xeberi-yayildi
Oxunma sayı: 4633


Yanvar 1-də Kərbəla ziyarətinə gedən azərbaycanlıların olduğu avtobusda terror aktının törədildiyi barədə redaksiyamıza məlumat daxil olub. 

Məlumatda qeyd olunur ki, ziyarətə gedən Nardaran camaatının bir neçəsi avtobusda törədilmiş terror aktı nəticəsində həlak olub. Hətta həlak olanların sayının 40-a yaxın olduğu da bildirilir.

“Qafqazinfo” məlumatı dəqiqləşdirmək üçün Nardaran ağsaqqalı Natiq Kərimovla əlaqə saxlayıb. O, yayılan məlumatdan xəbərdar olduğunu bildirib:

 “Bununla bağlı mənə müraciət ediblər. Mən bu məsələni araşdırmışam. Tamamilə yalandır. Kərbəla ziyarətinə Nardarandan 250 nəfər gedib. Ümumən Azərbaycandan isə 500 nəfər ziyarətdə olub. Bilirsiz ki, ziyarət 10-15 gün çəkir. Bizim zəvvarlarımız hamısı sağ salamat qayıdıblar. Sadəcə yolda Bağdad ətrafında, Kərbəla yolunda bu tip hadisələr baş verib. Amma bizim zəvvarlara heç nə olmayıb”. 

Məsələ ilə bağlı “Qafqazinfo” QMİ Mətbuat Xidmətinin rəhbəri Rəhimə Dadaşova ilə əlaqə saxlayıb. O qeyd edib ki, artıq bir neçə ildir ki, Qafqaz Müsəlmanları İdarəsinin xətti ilə Kərbəlaya ziyarəti üçün səfərlər təşkil olunmur:

“İraqda baş verən məlum hadisələrlə bağlı təhlükəsizlik baxımından bu ziyarətlər qurum tərəfindən təşkil edilmir. Ona görə də bu hadisədən xəbərsizik”.