“Nar”ın dəstək olduğu “Microsoft Imagine Cup” müsabiqəsinin qalibləri bəlli oldu

narin-destek-oldugu-microsoft-imagine-cup-musabiqesinin-qalibleri-belli-oldu
Oxunma sayı: 648

Azərbaycanda startapların formalaşması və genişləndirilməsinə xüsusi önəm verən “Nar” operatorunun dəstəklədiyi “Microsoft Imagine Cup” innovasiya müsabiqəsinin milli turu yekunlaşıb.

“Qafqazinfo” xəbər verir ki, “Imagine Cup 2018” müsabiqəsinin milli turu çərçivəsində münsiflər heyəti unikal fikirlər, yenilikçi texnoloji həllər, layihələri layiqincə təqdimetmə bacarığını qiymətləndirmiş, gənc ixtiraçılara “Made in Azerbaijan” məhsullarını yaratmaqda dəstək olub. 

Milli Turda 9 ali təhsil müəssisəsi və “SABAH Qrupları”ndan olan komandalar iştirak ediblər. Bu mərhələnin qalibləri mayın 15-də Bakıda təşkil olunan mükafatlandırma mərasimində münsiflər tərəfindən elan olunub. Üçüncü yerə “Ağıllı dibçək” layihəsinə görə “GardenX” komandası layiq görülüb. İkinci yeri həvəskar bələdçilər üçün mobil tətbiq hazırlayan “GuideAmigo” komandası tutub. Bu tətbiq vasitəsilə istənilən şəxs şəhərin müxtəlif məkanlarında özünə bələdçi tapa bilər. Müsabiqənin birinci yerinə isə “KubiRub” komandası layiq görülüb. Bu komanda “Rubik kubu” məşhur oyununun mobil versiyasını hazırlayıb. Ənənəvi rənglərdən fərqli olaraq bu virtual kubun tərəflərində müxtəlif şirkətlərin loqotipləri yer alıb ki, hər hansı bir tərəfi yığan istifadəçi şirkətlərdən real bonuslar qazanacaq.

Yerli final mərhələsinin qalibi ABŞ-da keçiriləcək finalda iştirak etmək, layihənin gələcək inkişafı üçün nəzərdə tutulan və müsabiqənin əsas mükafatı sayılan 100 min ABŞ dolları uğrunda mübarizəni davam etdirmək imkanı əldə edəcək. Bu turun qalibi və gümüş mükafatçısı mayın 19-da Minskdə keçiriləcək MDB ölkələri üzrə regional finalda iştirak edəcək. Regional mərhələdə komandaların layihələrini azərbaycanlı mütəxəssislərin də yer aldığı beynəlxalq münsiflər heyəti qiymətləndirəcək.

Təhsil, elm və mədəniyyətin inkişafı “Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyasının başlıca prioritetlərindəndir.

Mobil operatorun KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək mümkündür.