Narkomaniya...

narkomaniya
Oxunma sayı: 2004

Dünya Sakit

Uzun illər boyu narkomaniya, narkoman deyəndə fikrimdə iynə vuran, daim yatan, heç bir iş görməyən insanlar gəlirdi. Ta 14-15 il əvvəl yaxından tanıdığım, çox mədəni, ağıllı bir insan kimi tanıdığımız ailə dostumuz oğlan doza həddinin aşılmasından vəfat edənədək bu fikirdə oldum. Oğlanın nədən öldüyünü biləndə dəhşətə gəlmişdim: kənardan, hətta bizim kimi yaxından belə baxdıqda onun narkoman olduğunu əsla düşünmək olmurdu. Sakit, ağlı-başı özündə, işləyib bir tikə çörəyini qazanan gənc bilirdik onu. Amma evlənəndən cəmi 10 gün sonra dostunun evində iynə vurub həyatından oldu. Onda anladım ki, ətrafımızda belə insanlar saysız-hesabsız ola bilər və biz onların çoxunun dəhşətli vərdişə alüdə olduğunu bilməyə bilərik...

Bu yaxınlarda isə narkomaniyanın daha qorxunc üzünün şahidi oldum. Çox yaxından tanıdığım bir ailə ərin narkotikdən istifadə etməsi üzündən dağılmaq ərəfəsindədir. Əslində mənəvi cəhətdən artıq dağılmış ailə sayıla bilər. Çünki qadın ərinin evdən addımbaşı pul aparmasından, heç bir səbəb göstərmədən kimlərəsə olan borclarının sürətlə artmasından, üstəlik, hər vəchlə reallığı ailəsindən gizlətməyə çalışmasından bezib artıq. Dediyinə görə, artıq bir neçə ildir qadın tərəfindən sırf övlad üçün ailənin davamiyyəti sürdürülür. Lakin artıq bütün limitlər dolub. Qadın ərinin durmadan artan borclarının səbəbini öyrənməyə çalışdıqca münasibətlər daha da gərginləşir. Ər isə durmadan yalanlar uydurur, hansı ki, qadın onların hamısının həqiqətdən uzaq olduğunu çox gözəl anlayır. 

Bu ailənin vəziyyətini görürəm, ətrafda – yalnız Bakıda deyil, rayonlarda tanıdığım daha neçə ailədə belə problemlərin olduğunu düşünürəm: kimisində ərdir, kimisində oğul, kimisində qardaş... Hamısında vəziyyət demək olar ki, eynidir: kimlərəsə olan borclar meydana çıxır, evdən pullar aparılır, ailə üzvlərinə isə heç bir izahat verilmir. Aparılası pul olmadıqda əsəbi davranışlar başlayır, dava-dalaş yaranır. 

Demək ki, narkomaniya, narkotik bizim düşündüyümüzdən daha böyük bəlaya çevrilib. Hər bir kəs öz ətrafında təsvir etdiyim ailə tipli bir neçə ailənin olduğunu söyləyə bilər. Bu isə təhlükənin necə böyük olduğunu göstərir. Polisin, hüquq-mühafizə orqanlarının bu bəlaya qarşı mübarizəsi nə qədər güclü olsa belə, gözlənilən effekt vermir. Demək ki, başqa mübarizə yollarından da istifadə olunmalıdır. Baxmaq lazımdır, bu sahədə kimlər daha böyük uğur qazanıb, bu uğur nələrin sayəsində əldə olunub. 

Düzdür, narkomaniya hər yerdə var – bizdən çox yayılan ölkələr də var, az olanlar da. Narkotik dövriyyəsi də dünya çapında o qədər böyükdür ki, Azərbaycan kimi kiçik ölkələrin yüz illik büdcəsindən çox edir. Dünyada oturuşmuş bir narkotik ticarəti düzəni var, çox ölkələr o düzəndən qurtulmağa can atır. Lakin o da var ki, effektiv mübarizə metodlarını çox yerdə tapırlar. Azərbaycanda da belə metodların tapılacağına inanıram: sadəcə, problemin nə qədər təhlükəli həddə çatdığını etiraf etmək və çıxış yollarını müəyyənləşdirmək lazımdır. Bu işdə bir qədər də yubansaq, nəticələr çox acınacaqlı ola bilər.

Düşünürəm ki, cəmiyyət olaraq hər birimiz narkotikə qarşı mübarizəyə bacardığımız formada töhfə verməyə çalışmalıyıq. Bunu etməsək, o bəla bir gün bizim də qapımızı döyəcək...