Naxçıvanda hərbi parad keçirildi - Fotolar

naxcivanda-herbi-parad-kecirildi
Oxunma sayı: 3775

Oktyabrın 18-də -Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü qeyd olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və müdafiə naziri, general-polkovnik Zakir Həsənov tədbirdə iştirak ediblər.

Müdafiə nazirinin müavini- Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev tədbirə hazırlıq barədə Ali Məclisin sədrinə raport verib.

Ali Məclisin Sədri əsgərləri salamlayıb.

Dövlət Himni ifa olunub.

V.Talıbov Dövlət Müstəqilliyi Gününün Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü ilə qeyd olduğunu bildirib, əlamətdar bayramlar münasibəti ilə tədbir iştirakçılarını, eləcə də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublika ərazisindəki ordu, birləşmə və hissələrinin şəxsi heyətlərini, bütün muxtar respublika əhalisini təbrik edib.

Sonra Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümünə həsr olunmuş hərbi parad keçirilib.

Hərbi paradda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasındakı Əlahiddə Ümumqoşun Ordusunun, birləşmə və hissələrinin 2 min nəfərə yaxın şəxsi heyəti, 160-dan çox hərbi texnika və silah sistemləri, o cümlədən 10-dan artıq döyüş vertolyotu və təyyarəsi iştirak edib. Hərbi paradı minlərlə muxtar respublika sakini izləyib.

Əlahiddə Ümumqoşun Ordunun mexanikləşdirilmiş, motoatıcı, xüsusi təyinatlı, kəşfiyyat, dağ atıcı, tank, reaktiv artilleriya, hava hücumundan müdafiə və rabitə bölmələrinin, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki-müdafiə alayının şəxsi heyəti nizami addımlarla tribunanın önündən keçiblər.

Sonra hərbi texnikanın keçidi olub.

Əlahiddə Ümumqoşun Ordunun bayrağının ardınca üzərində tank əleyhinə idarə olunan “SPAYK” raket kompleksləri quraşdırılmış “Qred Vul” avtomobilləri, “Ştorm-3” Sofa maşını, “Kobra” yüngül zirehli transportyoru, iriçaplı pulemyot quraşdırılmış “Sandkat” avtomobilləri meydana daxil olub. Azərbaycanda istehsal olunan və beynəlxalq sərgilərdə böyük maraqla qarşılanan “Marauder” zirehli döyüş maşınları, “Orbiter-3B” pilotsuz uçuş aparatları tribuna önündən keçib. Sonra dağlıq ərazidə aparılan döyüşlərdə yüksək manevrliliyi ilə seçilən “Lançer” reaktiv artilleriya kompleksi, “Sani” minaatanları, avtomobillər üzərində quraşdırılmış müxtəlif markalı artilleriya qurğuları, tank əleyhinə “D-44” topu və “MT-12” topları, atəş dəqiqliyi və effektivliyinə malik “D-30” haubitsası, “D-20” və “M-46” top haubitsası, atəş uzaqlığı 35 kilometrə qədər olan “Qiasint-B” topları nümayiş olunub.

Hərbi paradda “BM-21 Qrad”, “Qrad-LAR”, “Sakarya”, “Qasırğa” yaylım atəşli reaktiv sistemləri, “Smerc” döyüş maşını, idarəetmə məsafəsi və məhvetmə imkanı artırılmış “OSA”, “S-125” zenit raket kompleksləri, zirehli transportyor “BTR-82A”, piyadaların döyüş maşınları 2 və 3, özüyeriyən tank əleyhinə “Xrizantema” kompleksi, müasir aşkaretmə, izləmə və atəşaparma cihazları ilə təchiz olunmuş “T-72 M1” və “T-90C” tankları, eləcə də “T-90C” tankı üzərində quraşdırılmış “TOS-1A” reaktiv sistemi və özüyeriyən artilleriya qurğusu “Qvozdika” keçidi davam etdirib. Əlahiddə Ümumqoşun Ordunun silahlanmasında olan silah və texnika kolonunu “ZQ-23-2” zenit qurğularının keçidi tamamlayıb.

“Mİ-17-1V” hərbi vertolyotu Azərbaycan bayrağını dalğalandırıb, “SU-25” döyüş təyyarələri, “Mİ-17-1V” və “Mİ-35M” vertolyotları müxtəlif döyüş düzülüşündə səmanı fəth ediblər. Bununla da hərbi parad başa çatıb.

Bu gün eləcə də Əlahiddə Ümumqoşun Ordunun yeni Təlim-Tədris Mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Tədbirdə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” və “Rəşadətli əməyə görə” nişanlarının, bir qrup hərbiçiyə isə Ali Məclis Sədrinin hədiyyələrinin təqdimatı olub.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 17 oktyabr tarixli Sərəncamı ilə hərbi xidmətdə səmərəli fəaliyyətinə görə 10 hərbiçi “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə”, 10 hərbiçi isə “Rəşadətli əməyə görə” nişanları ilə təltif olunub.

Ali Məclisin sədri “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” və “Rəşadətli əməyə görə” nişanlarını, eləcə də hədiyyələri hərbiçilərə təqdim edib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov döyüş hazırlıqlarının həyata keçirilməsində əldə etdikləri nailiyyətlərə, xidməti vəzifələrin və qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə bir qrup hərbi qulluqçuya “Şücaətə” görə və “Hərbi xidmətdə fərqləndiyinə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallarını, bir qrup hərbi qulluqçuya isə vaxtından əvvəl hərbi rütbələri təqdim edib.

Sonra V.Talıbov və Z.Həsənov Təlim-Tədris Mərkəzinin açılışını bildirən lenti kəsiblər.

Mərkəzlə tanışlıq zamanı qeyd olunub ki, 3 mərtəbədən ibarət olan binada simulyasiya mərkəzi, trenajor zalı, zirehli texnika, raket-artilleriya sistemləri, rabitə, taktiki hazırlıq, qarovul hazırlığı, atəş hazırlığı, topoqrafiya, komandir hazırlığı və digər sinif otaqları, kitabxana, mətbəə, xarici dillər kabinəsi və 700 yerlik tədbirlər zalı vardır. Hərbi tədris proqramının keyfiyyətlə mənimsənilməsi, şəxsi heyətin peşəkarlığının və nəzəri biliklərinin artırılması üçün sinif otaqlarında lazımi şərait yaradılıb, kompüterlər quraşdırılıb, əyani vəsaitlər və məlumat stendləri qoyulubdur.

Trenajor zalında tank, artilleriya və digər zirehli texnikaların idarə olunması, eləcə də texniki və atış sistemləri üzrə 18 trenajor quraşdırılıb. Trenajorlar vasitəsilə zirehli texnikaların idarə olunması və döyüş zamanı onlardan atəş açılması üzrə təlimlərin keçirilməsi öyrədiləcəkdir. Keçirilən təlimlərin sonunda qiymətləndirmənin aparılması isə şəxsi heyətin bilik səviyyəsini və peşəkarlığını müəyyən etməyə imkan verəcəkdir.

Simulyasiya mərkəzində artilleriya qurğularının taktiki-texniki xüsusiyyətləri, həmçinin atışın idarə olunması üzrə məşğələlərin praktik mənimsənilməsi üçün hər cür şərait yaradılıb, otaqlarda mərkəzdən idarə olunan və xüsusi proqram təminatına malik 100 kompüter və proyektorlar quraşdırılıb. Atəş hazırlığı otağında yaradılan virtual təlim meydançası döyüş sursatı sərf etmədən müxtəlif şəraitdə atəşin idarəolunmasını həyata keçirməyə imkan verir. Həmçinin burada atəş tapşırıqlarını təhlil etmək və qiymətləndirmək, atəş göstəricilərinin dəqiqliyinin müqayisə etmək mümkündür.
Tədbir zalına baxış zamanı Əlahiddə Ümumqoşun Ordunun keçdiyi inkişaf yolundan bəhs edən film göstərilib.

Kitabxanada Azərbaycan və dünya ədəbiyyatı nümunələri, eləcə də ordumuzun keçdiyi tarixi inkişaf yolunu əks etdirən 16 mindən artıq kitab, qəzet və jurnal materialları qoyulub. Burada şəxsi heyət üçün gündəlik dövri mətbuatla tanış olmaq, hərbi və bədii ədəbiyyatları mütaliə etmək imkanı vardır. Həmçinin kitabxanada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamına uyğun olaraq “Oxunması zəruri olan kitablar”dan ibarət guşə də yaradılıb.

Ali Məclisin Sədri Təlim-Tədris Mərkəzinin imkanlarından səmərəli istifadə olunması, şəxsi heyətin nəzəri biliklərinin və döyüş hazırlığının daha da artırılması ilə bağlı tapşırıqlar verib.