Naxçıvanda müxalifətçilər həbs edildi

naxcivanda-muxalifetciler-hebs-edildi-
Oxunma sayı: 672

“Qafqazinfo”nun məlumatına görə, bəyanatda deyilir ki, AXCP baş verənləri qətiyyətlə pisləyərək hüquq-mühafizə orqanlarından Bağırsoy qardaşlarını dərhal azad etməyi və zorakılıq edənlərin cəzalandırılmasını tələb edir: “Bu cür həbslərlə siyasi mübarizəni Naxçıvandan uzaqlaşdırmaq mümkün olmayacaq və demokratiya uğrunda daim ön sıralarda olan Naxçıvan xalqı öz haqları uğrunda bundan sonra da əzmlə mübarizə aparacaq.

Naxçıvanda hökumət orqanlarının yerli əhalini repressiv üsullar, zorakılıq və hədə-qorxu ilə susdurmağa çalışdığını bəyan edən partiya, öz bəyanatında bu davranışı qəti şəkildə qınayır: “AXCP Naxçıvan rəhbərliyini dünyanın indiki vaxtında repreesiv metodlarla idarəçilik cəhdlərinin səmərəsizliyini anlamağa, bundan imtina etməyə, əhalinin problemlərinə və tələblərinə diqqətlə yanaşmağa çağırır. AXCP bəyan edir ki, bu olaylar bir daha Naxçıvanda Özbəkistan modeli qurmağa cəhd edildiyinin sübutudur. Növbəti dəfə siyasi hakimiyyət neqativ bir olayla dünyanın diqqətini Azərbaycana, xüsusilə də Naxçıvana tənqidi cəhətdən çəkəcək. Hakimiyyət səhvini dərhal anlamalı və AXCP fəallarını azadlığa buraxmalıdır”.

Məlumat üçün bildirək ki, AXCP Naxçıvan MR şöbəsinin sədr əvəzi Yaşar Bağırsoy və qardaşı Zeynal Bağırsoy iyulun 27-də Nehrəm kənd sakinlərinin su problemləri ilə bağlı keçirdiyi etiraz aksiyası zamanı həbs olunub. AXCP sədrinin müavini Asəf Quliyevin “Azadlıq”a verdiyi məlumata görə, iyulun 27-də səhər saat 9 radələrində Nehrəm kəndinin 100 nəfərdən artıq sakini əkin üçün su əldə etməkdə üzləşdikləri problemlərlə əlaqədar Babək rayon İcra Hakimiyyətinin yerli nümayəndəliyi qarşısına toplaşıb. Bu zaman 7-8 nəfərdən ibarət dəstə Bağırsoy qardaşlarını döyüb.

Hadisədən dərhal sonra prokurorluğa müraciət edən AXCP funksioneri və qardaşı Babək rayon Polis İdarəsinə izahat verməyə dəvət olunublar. Bundan sonra da yerli icra hakimiyyəti nümayəndələri zərəçəkmiş qismində ifadə verərək Bağırsoy qardaşlarının onları döydüyünü deyiblər. Bununla da AXCP Naxçıvan təşkilatının sədri Yaşar Bağırsoy və qardaşı Zeynal Bağırsoy barəsində 3 ay həbs-qətimkan tədbiri seçilib.

Fatimə Kərimli